Bakıda “Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
14.02.2018Fevralın 14-də Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə Yeni il” adlı sərgi açıldı.
Sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olundu. Muzeyin direktoru Şirin Məlikova bildirdi ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. Muzeyin direktoru vurğuladı ki, “Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”.
Qeyd olundu ki, muzeyin əməkdaşları Azərbaycan xalçalarında rast gəlinən it ornamental motivlərindən ibarət maraqlı videoanimasiya hazırlayıblar. Sərgidə Çin səfirliyi tərəfindən təqdim olunan videoçarxlarda bu ölkənin mədəniyyəti, incəsənəti, eləcə də adət-ənənələri təsvir edilir.
Tədbirdə Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin əhəmiyyətindən söz açdı. Qeyd edildi ki, Çin təqviminə əsasən, 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır.
İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. Diplomat qeyd etdi ki, “Belə bir sərginin açılışında iştirak etməkdən məmnunam. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir. Bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək”.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirdi, bu işdə hər kəsə təşəkkürünü bildirdi.
Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgi fevralın 28-dək davam edəcək.