Deputat Bayıl yamacındakı sürüşmə zonasının sakinləri ilə görüşdü

Fevralın 8-də 29 saylı Səbail seçki dairəsi üzrə Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Bayıl yamacındakı sürüşmə zonasının bir qrup sakini ilə görüşdü.

İlk öncə, sakinlər Bayıl yamacındakı mövcud sürüşmə zonasında aktivliyin müşahidə olunmağa başladığı 24 yanvar tarixindən etibarən bu məsələni diqqət mərkəzində saxladığına, sakinlərə xüsusi diqqət və qayğı göstərdiyinə görə dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə ürəkdən təşəkkür etdilər.

Eyni zamanda bu müddət ərzində həllini tapmamış bəzi məsələlər haqqında məlumat verərək, bununla bağlı deputat tərəfindən müvafiq strukturlara müraciət edilməsini xahiş etdilər.

Təbii fəlakətin mövcud fəsadları və sürüşmə zonasında görülən tədbirlərdən məlumatlı olduğunu vurğulayan millət vəkili qeyd etdi ki, bu məsələ ölkə rəhbərinin tapşırığı ilə Nazirlər Kabineti və Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılır və problemin həlli istiqamətində bütün mümkün zəruri tədbirlər görülməkdədir. Sürüşmə zonasında yaşayan ailələrin müvəqqəti köçürülməsi, onların xərclərinin dövlət tərəfindən ödənilməsi və müvəqqəti yaşayış mənzilləri ilə təmin olunmaları üçün görülən işlər xüsusi vurğulandı.

Deputat sürüşmə zonasına yaxın evlərdə qaz, su, işıq təchizatı ilə bağlı yaranmış problemlərin həll olunması üçün səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görüləcəyini bildirdi. Qeyd olundu ki, qısa zaman ərzində sürüşmənin nəticələri ilə bağlı aparılan seysmoloji araşdırmalar və sürüşmənin baş vermə səbəbləri, onların aradan qaldırılması ilə əlaqədar tədqiqatlar başa çatdırıldıqdan sonra dövlət tərəfindən müvafiq tədbirlər davam etdiriləcəkdir.

Rayon sakinləri ölkə başçısının vətəndaşa yönəlik sosial siyasətindən və xüsusilə həssas sosial qruplara olan xüsusi diqqət və qayğısından razılıqlarını dilə gətirərək, dövlətimizin bu məsələ ilə bağlı bundan sonra da lazımi tədbirlər görəcəyinə dair əminliklərini ifadə etdilər.