YAP Səbail “Rabitəçilər” (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi
18.02.201816 fevral 2018-ci il tarixində “Rabitəçilər” (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
Yığıncaqda YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev iştirak etdilər.
Yığıncaq iştirakçılarını və qonaqları səmimi salamlayan Əli Abdullayev qeyd etdi ki, bugünkü hesabat-seçki yığıncağı ölkəmizdə xüsusi siyasi fəallığın müşahidə olunduğu – növbədənkənar prezident seçkilərinə hazırlıq prosesinin başladığı əlamətdar dövrə təsadüf edir. Cari ilin 11 aprel tarixində keçiriləcək prezident seçkiləri üçün Yeni Azərbaycan Partiyası tərəfindən ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyi irəli sürülmüşdür. Bu səbəblə, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarını və cənab Prezident İlham Əliyevin uğurlu siyasi kursunu ürəkdən dəstəkləyən və vahid dövlət siyasətinə əvəzolunmaz töhfələri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin çoxsaylı kollektivinin bütün üzvləri üçün bu günlər xüsusilə əlamətdardır. Yeni Azərbaycan Partiyasının bu seçkidə də ümumxalq dəstəyi alaraq növbəti parlaq qələbəyə imza atacağına dair əminliyini ifadə edən Ə.Abdullayev “Rabitəçilər” ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağının işinə uğurlar arzuladı.
Yığıncağa sədrlik edən prof. Şəmsəddin Hacıyev istər nümunəvi və qabaqcıl fəaliyyəti, istərsə də ölkəmizin ictimai-siyasi həyatındakı müstəsna rolu və xidmətləri ilə sayılıb-seçilən və öncül qurumlardan biri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi başda olmaqla bütün kollektiv üzvlərini ürəkdən salamladı. Hesabat-seçki yığıncağının hər bir təşkilat üçün əziz və tarixi gün olduğunu bildirən sədr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu yığıncağın olduqca əlamətdar siyasi hadisələrlə eyni dövrə təsadüf etməsindən və bununla əlaqədar olaraq böyük ruh yüksəkliyi ilə keçirilməsindən son dərəcə məmnun olduğunu xüsusi qeyd etdi.
Deputat Yeni Azərbaycan Partiyasının 08 fevral tarixində böyük uğurla keçirilmiş VI Qurultayı barədə məlumat verərək, bildirdi ki, Qurultayda ölkə başçısı, partiyamızın Sədri cənab İlham Əliyev hər zaman olduğu kimi möhtəşəm və proqram xarakterli genişəhatəli nitq söyləyərək ölkə həyatında və dünyada baş verən bütün ictimai-siyasi hadisələri və prosesləri, eləcə də Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı ölçüyəgəlməz rolu və töhfələrini sistemli təhlil etdi, qarşıda duran vəzifə və hədəflər haqqında ətraflı məlumat verdi. Qurultay iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, eləcə də Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq, yekdilliklə 2018-ci il aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürdülər. Təbii ki, bu qərar 700 mindən çox partiya üzvünün, eləcə də Azərbaycan xalqının böyük əksəriyyətinin iradəsini ifadə edir. Rayon partiya təşkilatı olaraq biz üzərimizə düşən bütün vəzifə və öhdəlikləri layiqincə yerinə yetirəcək, Liderimizi, vahid namizədimizi bütün mümkün vasitələrlə dəstəkləyəcəyik. Əminik ki, bu seçkidə də möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyası ümumxalq dəstəyi alaraq, növbəti parlaq qələbəsini qazanacaqdır.
Çıxışına davam edən Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixi, YAP-ın ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrindəki müstəsna rolu haqqında ətraflı danışdı. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın ictimai-siyasi həyatının ən ağır, çətin və ziddiyyətli dövrünə təsadüf edir və YAP-ın yaranması bilavasitə Azərbaycan Respublikasının memarı və qurucusu, müstəqil Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşdiyi o çətin dövrdə torpaqlarımız işğal olunmuş, hakimiyyəti zorla ələ keçirmiş AXC-Müsavat cütlüyünün səriştəsiz, rüsvayçı fəaliyyəti nəticəsində ölkə çox acınacaqlı vəziyyətə düşmüş, ölkə iqtisadiyyatı demək olar ki, defolt vəziyyətinə enmiş, ölkədə hiperinflyasiya qərarlaşmış, Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın ziyalılarından ibarət bir qrupunun görkəmli dövlət xadimi Heydər Əliyevə tarixi müraciətini və Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xalqın bu müraciətinə biganə qala bilməməsini xüsusi qeyd edən millət vəkili, YAP-ın 21 noyabr 1992-ci il tarixində 550 nəfərlə Naxçıvan Muxtar Respublikasında keçirilmiş ilk təsis Konfransından etibarən keçən müddət ərzində partiyamızın keçdiyi şərəfli yol, Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə fəal iştirakı, eləcə də Azərbaycanın bu dövr ərzində əldə etdiyi möhtəşəm uğurlarda partiyamızın müqayisəolunmaz və əvəzolunmaz rolundan geniş bəhs etdi. Bildirildi ki, Azərbaycan 90-cı illərin əvvəllərində düşdüyü vəziyyətdən məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində çıxa bildi, məhv olmaq ərəfəsində olan ölkə inkişaf və iqtisadi yüksəliş yoluna qədəm qoydu, cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər başladı, yeni Konstitusiya qəbul olundu, bazar institutları quruldu, əsl demokratik vətəndaş cəmiyyəti yaradıldı. Müasir Azərbaycanın bu gün də bu inkişaf yolunda əminliklə irəlilədiyini diqqətə çatdıran Ş.Hacıyev vurğuladı ki, dahi rəhbərin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də öz siyasi varisini müəyyən etməsidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2004-2017-ci illər ərzində əldə etdiyi möhtəşəm uğurlar haqqında geniş məlumat verən deputat bildirdi ki, bütün bu uğurları istər Azərbaycan xalqı, istər yaxın və uzaq coğrafiyada hər kəs bilir, təqdir edir və təsadüfi deyildir ki, məhz bu səbəbdən ölkə başçımızın, partiyamızın Liderinin nüfuzu ölkə daxilində nə qədər yüksəkdirsə, ölkə hüdudlarından kənarda da bir o qədər yüksəkdir. Cənab Prezidentin apardığı son dərəcə cəsarətli, düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanın sözü artıq dünyanın ən yüksək arenalarında eşidilir, ölkəmizi etibarlı iqtisadi və siyasi tərəfdaş kimi tanıyırlar, Azərbaycan iqtisadiyyatına son 14 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur ki, bunun da yarıdan çoxunu birbaşa xarici investisiyalar təşkil edir. Ölkəmiz dünya üzrə kosmik ölkələr klubuna daxil olan 30 ölkədən biridir, gündən-günə güclənən Azərbaycan ordusunun şücaətləri hər birimizin qəlbində yüksək fəxarət duyğuları yaradır. Bu 14 il ərzində əldə etdiyimiz ən böyük dəyərlərdən birinin Azərbaycandakı ictimai-siyasi sabitlik olduğunu xüsusi vurğulayan Ş.Hacıyev, ölkəmizin dünyadakı mövqelərini möhkəmləndirən və Azərbaycanı dünya və region üçün strateji əhəmiyyətli ölkəyə çevirən qlobal layihələr haqqında ətraflı məlumat verərək, qeyd etdi ki, Əsrin Müqaviləsinin 2050-ci ilə qədər uzadılması, tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin tamamlanması və yaxın gələcəkdə Cənub Qaz Dəhlizinin və Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi kimi möhtəşəm layihələrin reallaşdırılması Azərbaycana böyük dividendlər qazandıracaq, ölkəmizin nüfuzunu daha da artıracaq və onun dünya üçün əhəmiyyətini xeyli dərəcədə yüksəldəcəkdir. Eyni zamanda, xüsusi qeyd olunmalıdır ki, bu uğurlu transkontinental layihələri həyata keçirməklə Azərbaycan Ermənistanı tamamilə təcrid etməyə və bədnam qonşularımızı nəinki region üçün, eləcə də bütün dünya üçün tamamilə əhəmiyyətsiz ölkəyə çevirməyə nail olmuşdur. Bu layihələrin icrasında digər qurumlarla yanaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının da xüsusi əməyi və rolu olduğunu diqqətə çatdıran millət vəkili qeyd etdi ki, bütün bu mühüm strateji əhəmiyyətli layihələrin uğurlu icrası cənab İlham Əliyevin praqmatik rəhbərliyi, düşünülmüş və uzaqgörən siyasəti, ən önəmlisi isə Azərbaycanın gələcək uğurlarından xəbər verir. “Mübaliğəsiz deyə bilərik ki, yaxın coğrafiyada, ümumiyyətlə dünya Prezidentləri arasında azsaylı prezidentlər var ki, onlar ümumxalq dəstəyi ilə Lider səviyyəsinə yüksəliblər. Biz bu gün ölkəmizdə formalaşmış qibtəolunacaq dərəcədə sarsılmaz xalq-iqtidar birliyi ilə fəxr edirik və bu birliyi gücləndirmək üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.”
Çıxışının davamında rayon partiya təşkilatının sədri Ş.Hacıyev YAP Səbail rayon təşkilatının əsas fəaliyyət istiqamətləri və qarşıda duran əsas məqsəd və vəzifələr haqqında ətraflı məlumat verdi. Rayon partiya təşkilatının 25 il ərzində ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini, bütün ümumxalq səsvermələrində yüksək fəallıq nümayiş etdirdiyini, rayonda yüksək səslər toplanıldığını qeyd edən sədr əminliyini ifadə etdi ki, 2018-ci il Prezident seçkilərində də Səbail rayonu birincilər sırasında olacaqdır. Şübhəsiz ki, “Rabitəçilər” ərazi ilk partiya təşkilatının üzvləri də hər zaman olduğu kimi bütün bu proseslərdə yaxından iştirak edəcək və ölkədə aparılan işlərə bundan sonra da misilsiz töhfələr verəcəklər.
Sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarıldı.
İlk öncə, ərazi ilk partiya təşkilatının sədr müavini Lütfiyyə Həsənova “Rabitəçilər” ərazi ilk partiya təşkilatı tərəfindən son üç il ərzində görülmüş işlər və qarşıdakı hədəflərə dair hesabat məruzəsi ilə çıxış etdi. Bildirildi ki, “Rabitəçilər” ərazi ilk partiya təşkilatı fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnaməsi və partiyanın öncül təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının tapşırıq və tövsiyələrinə əsasən rayon partiya təşkilatı ilə sıx əməkdaşlıq şəraitində həyat keçirir. Ərazi ilk partiya təşkilatı fəaliyyətində Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclər arasında təbliğinə geniş yer verir, mühüm bayram və anım günlərində tədbir və yığıncaqlar təşkil edir, eləcə də ümumxalq səsvermələri zamanı seçki prosesində yaxından iştirak etməyə xüsusi diqqət yetirir. Hesabat dövrü ərzində “Rabitəçilər” ərazi ilk partiya təşkilatı respublikanın və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, xeyriyyəçilik aksiyaları, rabitəçi idmançılara dəstək kampaniyaları, qanvermə aksiyaları təşkil etmişdir. Yeni Azərbaycan Partiyasının ciddi sınaqlardan çıxmış qabaqcıl siyasi məktəb olduğunu qeyd edən L.Həsənova bildirdi ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün kollektivi cənab İlham Əliyevin siyasi kursu ətrafında sıx birləşib və ölkədə aparılan ümumi dövlət siyasətinə bundan sonra da öz töhfələrini verməyə davam edəcəkdir.
Yığıncaq hesabat məruzəsinin geniş müzakirəsi ilə davam etdi.
Çıxış edən Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov YAP-ın Azərbaycanın ciddi sınaqlar qarşısında olduğu dövrdə yaranması və ölkəmizdə mühüm siyasi qüvvəyə çevrilərək Azərbaycanda hüquqi dövlət quruculuğu, cəmiyyətdə sosial ədalət və bərabərlik prinsiplərinin təmin olunması, dövlət müstəqilliyinin daha da möhkəmlənməsi və bu dəyərlərin bu gün də qorunub saxlanılmasında müstəsna rolunu qeyd etdi. 2018-ci il Prezident seçkilərində də Azərbaycan xalqının yenidən alternativsiz Liderimiz İlham Əliyevi dəstəkləyəcəyinə dair əminliyi ifadə edən Ə.Əmirov bildirdi ki, “Rabitəçilər” ərazi ilk partiya təşkilatı üzvləri bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsinin müdiri Sevinc Hacıyeva “Rabitəçilər” ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirərək bundan sonra da partiyanın bütün tapşırıqlarına hazır olduqlarını bildirdi.
Çıxış edən Telekommunikasiya və poçt şöbəsinin sektor müdiri Novruz Məmmədov qeyd etdi ki, 2016-2017-ci illər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün islahatlar ili olsa da, “Rabitəçilər” ərazi ilk partiya təşkilatı partiyanın bütün tapşırıqlarını uğurla yerinə yetirmiş və YAP Səbail rayon təşkilatının bütün tədbirlərində yaxından iştirak etmişdir. Həm yaşayış yerinin, həm də iş yerinin Səbail rayonunda yerləşdiyi xüsusi qeyd edən N.Məmmədov hər zaman olduğu kimi bu il də seçkilərdə bütün ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəyini bildirdi. “Rabitəçilər” ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirən N.Məmmədov Nazirlikdə çalışan gənclərin partiya sıralarına cəlbi məsələsinə toxunaraq, “Rabitəçilər” ərazi ilk partiya təşkilatının fəaliyyətini bu istiqamətdə də fəallaşdıracağına dair əminliyini ifadə etdi.
Məlumat Hesablama Mərkəzinin (MHM) mühəndisi Babək Mahmudov MHM-də çalışan 50-dən çox partiya fəalının mütəmadi olaraq bütün partiya tədbirlərində yaxından iştirak etdiyini bildirərək, builki prezident seçkilərində də MHM əməkdaşlarının fəallıqları ilə müsbət mənada seçiləcəklərinə dair əminliyini ifadə etdi.
“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də bölmə rəisi Elman Nəbiyev YAP-ın yaranmasının 90-cı illərin əvvəlində Azərbaycanda formalaşmış ictimai-siyasi şərait və ölkədə gedən ziddiyyətli proseslərin nəticəsi olduğunu vurğulayaraq, sözün həqiqi mənasında dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın builki seçkilərə də yeni hədəflər və şüarlarla getdiyini diqqətə çatdırdı. Partiyamızın gücünü Ulu Öndər Heydər Əliyev ideyalarından və möhtərəm Prezidentimiz, partiya Sədrimiz İlham Əliyevin məharətli idarəçiliyi və uğurlu siyasətindən qaynaqlandığını qeyd edən E.Nəbiyev bildirdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur və yekdil dəstəyimiz Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyevlədir.
Çıxışlara münasibət bilidirən Ş.Hacıyev “Rabitəçilər” ərazi ilk partiya təşkilatının YAP Səbail rayon təşkilatı nəzdində fəaliyyət göstərən 121 təşkilat arasında ən nümunəvi təşkilatlardan biri olduğunu qeyd edərək bildirdi ki, “Rabitəçilər” hesabat dövrü ərzində üzərlərinə düşən bütün öhdəlik və vəzifələri yüksək səviyyədə yerinə yetirmişdir. İstənilən təşkilatda, idarədə işin düzgün qurulması, əldə olunan nəticələrin səmərəsi birinci şəxsdən, onun özünün şəxsi keyfiyyətlərindən, idarəetmə məharətindən asılıdır. Sevindirici haldır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vaxtilə formalaşdırılmış müsbət ənənələr dövrün tələblərinə uyğun olaraq, yeni çağırışlar səviyyəsində modernləşərək yaradıcılıqla və uğurla davam etdirilir, Nazirliyin nüfuzu yüksələn dinamika ilə artır. “Rabitəçilər” ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirən deputat təşkilata və yeni seçiləcək İdarə heyətinin üzvlərinə siyasi fəaliyyətlərindən bundan sonra da uğurlar arzuladı.
“Rabitəçilər” ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qənaətbəxş qiymətləndirildi.
Sonra təşkilati məsələlərə baxıldı və 11 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçildi.
Qeyd olundu ki, bugünkü hesabat-seçki yığıncağında “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri seçilməlidir. Yığıncaq iştirakçıları tərəfindən “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri vəzifəsinə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə namizədliyi irəli sürüldü. Təklif müsbət qarşılandı və Elmir Vəlizadə yekdilliklə “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri seçildi.
Çıxış edən “Rabitəçilər” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür etdi və ilk təşkilat sədri vəzifəsini yüksək məsuliyyət və ləyaqətlə icra edəcəyini xüsusi vurğuladı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin çoxsaylı kollektivinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının amalları və ideyalarına sadiq olduğunu qeyd edən E.Vəlizadə bildirdi ki, Nazirlik əməkdaşları bundan sonra da Azərbaycan vətəndaşı və partiya üzvü kimi öhdələrinə düşən bütün vəzifə və tapşırıqları layiqincə yerinə yetirəcəklər.
Sonra partiya sıralarına yeni qəbul olunmuş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarına partiya vəsiqələri təqdim olundu.
Yığıncağa yekun vuran Ş.Hacıyev “Rabitəçilər” ərazi ilk partiya təşkilatının yeni seçilmiş İdarə Heyəti üzvlərini, sədr və sədr müavinlərini təbrik edərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün kollektivinə işlərində və partiya fəaliyyətlərində uğurlar arzuladı.