Səbail rayonunda imzatoplama kampaniyası böyük ruh yüksəkliyi ilə həyata keçirildi
19.02.2018Fevralın 16-sı YAP Səbail rayon təşkilatı 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanılması kampaniyasına başladı.
İlk öncə, YAP-ın Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində imza toplayacaq fəallarla görüş keçirildi. Görüşdə imza toplayacaq şəxslərə qanunvericiliyə uyğun olaraq imzatoplamanın bütün prosedur qaydaları ətraflı izah edildi, imzaların düzgün, kənar müdaxilə olmadan, tam şəffaf toplanması üçün müvafiq təlimat və tapşırıqlar verildi.
Fevralın 16-dan etibarən YAP Səbail rayon təşkilatının seçki qərargahının imzatoplayan fəalları Səbail rayonu 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başladılar və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşərək, imzatoplama prosesini qısa müddət ərzində tam şəffaf və demokratik şəraitdə başa çatdırdılar.
Uğurla həyata keçirilən və seçicilərin yüksək fəallıqla iştirak etdiyi imzatoplama prosesində rayon üzrə ümumilikdə 1225 imza toplanıldı. İmzası ilə seçimini təsdiqləyən Səbail rayonu sakinləri ölkəmizdə aparılan vahid siyasəti ürəkdən dəstəklədiklərini ifadə etdilər. Xüsusi vurğulandı ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki, bizim belə cəsarətli, milli-mənəvi dəyərlərimizə bağlı və xalqına ləyaqətlə xidmət edən Prezidentimiz var. Səbail seçiciləri yekdilliklə bildirdilər ki, onlar hər zaman olduğu kimi bu ilki seçkilərdə də ən layiqli namizədə, xalqımızın alternativsiz Liderinə səs verəcəklər.
Yoxlanılmış və təsdiq olunmuş imza vərəqələri 19 fevral tarixində YAP-ın Mərkəzi Seçki Qərargahına təqdim olunub.
Onu da əlavə edək ki, YAP Səbail rayon təşkilatında 11 aprel prezident seçkilərinə hazırlıq prosesi ilə əlaqədar 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılmışdır. 45 min seçicinin qeydiyyatda olduğu Səbail rayonu üzrə 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri, ümumilikdə 40 seçki məntəqəsi fəaliyyət göstərir.
”Yeni Azərbaycan” qazeti [PDF]
Tədbirin videoyazısı
SəsTV