Səbail rayonunda Xocalı faciəsinin ildönümü anıldı

Xocalı faciəsinin 26-cı ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə anılır. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbirlər və anım mərasimləri, sərgilər keçirilir, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunur. Fevralın 26-da rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunacaqdır.

Faciənin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirildi. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır.

Tədbirdə çıxış edən Xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirdilər. Xüsusi qeyd olundu ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının tezliklə düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə ürəkdən inanır və lazım gələrsə, hər kəs bir nəfər kimi Ali Baş Komandanın bir əmri ilə silaha sarılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrini səfərbər etməyə hazırdır.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərildi.

Tədbirin videoyazısı
SəsTV