YAP Səbail rayon təşkilatında Xocalı soyqırımı anıldı

Bu gün, YAP Səbail rayon təşkilatında Azərbaycan xalqına qarşı törədilmiş və ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Rayon partiya təşkilatının İdarə Heyəti üzvlərinin və çoxsaylı gənclərin iştirak etdiyi anım tədbirində ilk öncə, Xocalıda həlak olmuş soydaşlarımızın, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir fərqli formatda – faciənin törədilməsinin səbəblərinin, erməni faşizminin əməllərinin, dövrün siaysi hakimiyyətinin səriştəsizliyinin gənclərin gözü ilə qiymətləndirilməsi kontekstində təşkil olunmuşdu. Çıxış edən gənclər xalqımızın qan yaddaşına əbədi həkk olunmuş və azərbaycanlılara qarşı əsrlər boyu aparılan etnik təmizləmə siyasətinin ən qanlı nümunəsi olan Xocalı faciəsinin səbəbləri, miqyası, erməni vəhşiliyinin etnik zəmində törətdiyi bu soyqırım aktının beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə tanınması istiqamətində görülən işlər, eləcə də ölkəmizə qarşı dünya miqyasında məqsədyönlü şəkildə aparılan dezinformasiya ilə mübarizədə Azərbaycan gəncliyinin qarşısında duran məqsəd və vəzifələr haqqında danışdılar.

Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, Aparatın əməkdaşları Aysel Nəsibova, Fidan Hacıyeva, Ülviyyə Ömərova Bəyim Nəbiyeva yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşər cəmiyyətinə qarşı törədilmiş bu qanlı hərbi cinayətə aparan yol, o dövrdə hakimiyyətdə olan ölkə rəhbərliyinin bu faciəyə siyasi qiymət verilməsindəki etinasızlığı, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra faciənin dəhşətinin dərk edilməsi və dünyaya tanıdılması istiqamətindəki fəaliyyətin başlaması, bu sahədə möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri haqqında geniş bəhs etdilər. Çıxışlarda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən 200 ildən çoxdur ki, davam edən milliyyətçi-şovinist siyasəti, erməni vəhşiliyi və terroru, dünyanın müxtəlif ölkələrində bugünlərdə keçirilən və Xocalı qurbanlarına həsr olunan anım tədbirləri, Leyla xanım Əliyevanın faciənin tanıdılması istiqamətində gördüyü işlər, bütün dünya miqyasında həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası və bu çərçivədə əldə olunmuş nəticələr xüsusi vurğulandı. Bildirildi ki, Azərbaycan xalqı bu dəhşətli terror aktını heç vaxt unutmayacaq, Xocalı qurbanlarının və qəhrəman şəhidlərimizin əbədiyaşar xatirəsini daima əziz tutacaqdır. Gənclərimiz bu kimi faciələrin təkrarlanmaması üçün tariximizi dərindən bilməli, dostunu və düşmənini tanımalı, Azərbacanın daha da qüdrətlənməsi üçün məqsəd və vəzifələrini dərindən dərk etməli və ölkəmizə qarşı aparılan informasiya mübarizəsində bütün mümkün vasitələrlə fəal olmalıdırlar. O xalq ki, keçmişini unudur, yenidən bu tarixi yaşamağa məhkumdur.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev çıxışında Xocalı faciəsini ötən əsrdə törədilən ən qanlı və dəhşətli soyqırım hadisəsi kimi qiymətləndirdi. Deputat etnik zəmində törədilmiş bu hərbi cinayətin unudulmaması, qan yaddaşımıza əbədi həkk olunması, nəsildən-nəsilə ötürülməsi və Xocalı soyqırımının bütün dünya ictimaiyyəti tərəfindən tanınmasının zəruriliyinə diqqət çəkdi. Gənclərimizdə Xocalı faciəsi ilə bağlı kifayət qədər ətraflı və həqiqəti əks etdirən məlumatların olması faktını xüsusi vurğulayan Ş.Hacıyev bildirdi ki, bu gün Azərbaycan gəncliyi dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, Vətənimizə, Prezidentimizə bağlılıq ruhunda böyüyür. Qeyd olundu ki, 2016-cı il Aprel hadisələri xalqımıza qarşı bütün bu vandalizm aktlarını törədən ermənilərin zəifliyini və cılızlığını bariz şəkildə nümayiş etdirdi. Ermənilərin Azərbaycana qarşı qara-piar təbliğatının əsas məqsədi bu iki xalqın nümayəndələrinin Dağlıq Qarabağ ərazisində guya birlikdə təhlükəsiz şəraitdə yaşamasının qeyri-mümkünlüyünü göstərməkdir. Azərbaycanın apardığı siyasət isə bunun tam əksini sübut etməyə yönəlib. Əminik ki, ötən əsrdə azərbaycanlılara qarşı törədilən bu vəhşiliklər zamanı həlak olmuş soydaşlarımızın, şəhidlərimizin qanı yerdə qalmayacaq və biz Ali Baş Komandanımızın düşünülmüş, cəsarətli siyasəti nəticəsində hazırda işğal altında olan torpaqlarımızı yaxın gələcəkdə azad edəcəyik. Böyük Qələbə günü, şanlı bayrağımızın ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycan üzərində qürurla dalğanacağı gün heç də uzaqda deyil. Allah bütün şəhidlərimizə və Xocalı qurbanlarına rəhmət eləsin! Vətən sağ olsun!