YAP Səbail “Energetik” (Azərbaycan Respublikasının Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatında iclas keçirildi
28.02.2018Fevralın 28-də YAP Səbail “Energetik” (Azərbaycan Respublikasının Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatında iclas keçirildi. İclasda ərazi ilk partiya təşkilatında təşkilati məsələlər, yeni sədrin seçilməsi və partiya sıralarına yeni üzvlərin daxil edilməsi məsələləri müzakirə edildi.
İclasda YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, Azərbaycan Respublikası energetika nazirinin müavini Samir Vəliyev və ərazi ilk partiya təşkilatının qeydiyyatında olan partiya üzvləri iştirak etdilər.
İclası açıq elan edən Samir Vəliyev Energetika Nazirliyinin əməkdaşlarının peşəkar fəaliyətləri ilə yanaşı, respublikamızın və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirakı, öz siyasi əqidələri və vətəndaş mövqeləri ilə ölkədə aparılan ümumi işə və vahid siyasətə bəxş etdikləri mühüm töhfələr haqqında danışdı. Son zamanlar Nazirlikdə aparılan struktur və kadr islahatları haqqında məlumat verən nazir müavini qeyd etdi ki, bu dəyişiklik və islahatların əsas məqsədi Nazirliyin qarşısına qoyulan məqsəd və vəzifələrin daha uğurla yerinə yetirilməsidir. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının sıralarında yüksək amal və vahid ideyalara birlikdə xidmət etmək hər bir azərbaycanlı üçün böyük şərəf və məsuliyyət deməkdir. 11 aprel tarixində keçiriləcək Prezident seçkiləri ərəfəsində bütün ölkə vətəndaşları kimi Nazirlik əməkdaşları da bu ictimai-siyasi tədbirdə mütəşəkkil qaydada iştirak edəcək və energetiklər vəzifə başında ayıq-sayıq durduqları kimi, seçki prosesində də öz siyasi iradələrini nümayiş etdirərək Azərbaycanın etibarlı gələcəyinə səs verəcəklər.
İclas iştirakçılarını YAP Səbail rayon təşkilatının sədri və Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev adından salamlayan Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi çətin və şərəfli inkişaf yolu, ölkəmizin YAP iqtidarı dövründə qazandığı misilsiz uğurlar haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı və ilk sədri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycanın dayanıqlı inkişafı üçün mühüm strateji iqtisadi əsaslar yaratdı, ölkəmizin beynəlxalq aləmdə tanınması və nüfuzunun artırılması istiqamətində əvəzolunmaz xidmətlər göstərdi. Azərbaycan xalqının mənafelərinə xidmət edən bu uğurlu siyasi kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən modern və dinamik şəkildə davam etdirilir. Bu gün bütün dünya Azərbaycanın inkişafını görür və təsdiq edir. Azərbaycana gündən-günə daha yüksək nailiyyətlər qazandıran uğurlu daxili və xarici siyasət yalnız belə nüfuzlu, bacarıqlı, işgüzar və xalqına, millətinə, milli dəyərlərinə sadiq şəxsiyyət olan İlham Əliyev tərəfindən həyata keçirilə bilər. Bu siyasi kurs birmənalı olaraq davam etdirilməlidir deyən M.Nağıyev vurğuladı ki, hər bir YAP üzvü bu həqiqəti dərk edir və cənab Prezident ətrafında sıx birləşərək öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.
Daha sonra iclas iştirakçıları “Energetik” ərazi ilk partiya təşkilatının İdarə heyətinin yeni tərkibini təsdiq etdilər. İlk təşkilatın yeni sədri vəzifəsinə Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsinin müdiri İsmayılov Əsəd İsmayıl oğlunun namizədliyi irəli sürüldü. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Yeni seçilmiş sədr Ə.İsmayılov ona göstərilmiş yüksək etimada görə təşəkkür etdi. Ərazi ilk partiya təşkilatının sıralarında 1993-cü ildən etibarən partiya üzvü olan əməkdaşların fəaliyyət göstərdiyini və “Energetik” ərazi ilk partiya təşkilatının bir il əvvəl 26 nəfər üzvlə təsis olunduğunu qeyd edən Ə.İsmayılov diqqətə çatdırdı ki, bu qısa müddət ərzində partiya sıralarına qəbul olunmaq üçün xüsusən gənclərin böyük axını müşahidə olunmuş və nəticədə bu gün təşkilat üzvlərinin sayı 46 nəfərə yüksəlmişdir. “Energetik” ərazi ilk partiya təşkilatı bundan sonra da respublikamızın və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edəcək və partiya tapşırıqlarını vaxtlı-vaxtında yüksək səviyyədə icra edəcəkdir.
Daha sonra partiya sıralarına qəbul olunmaq üçün müraciətlərə baxıldı və yeni üzvlər YAP sıralarına qəbul olundu.
İclasa yekun vuran M.Nağıyev Energetika Nazirliyinin bütün kollektivinə, ərazi ilk partiya təşkilatının yeni seçilmiş İdarə Heyəti üzvlərinə və sədrinə çətin, məsuliyyətli işlərində və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.