Səbail rayonu 162 nömrəli tam orta məktəbin 100 illik yubileyi qeyd edildi
02.03.2018Martın 1-də Səbail rayonunda yerləşən Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunan tədbir keçirildi.
Tədbirdə rayon rəhbərliyi, o cümlədən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilaltının sədri prof. Şəmsəddin Hacıyev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva iştirak etdilər.
“Bir əsrin xatirəsi” mövzusunda təşkil olunan tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlandı. Şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirdi.
Məktəbin akt zalında davam edən tədbirdə direktor Sevinc Abbasova 100 ildir ki, fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açdı. Qeyd edildi ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub. S.Abbasova məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Məhəbbət Vəliyeva məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzuladı. M.Vəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirdi. Qeyd edildi ki, paytaxtın təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, 100 yaşlı tədris ocağı həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur. BŞTİ-nin müdiri Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunduğunu söylədi, təhsil sahəsində aparılan islahatlardan və əldə olunan uğurlardan söz açdı.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev son illərdə ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilmiş geniş quruculuq işlərindən, ölkədə təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan bəhs etdi. Ş.Hacıyev qeyd etdi ki, 100 illik tarixində 162 saylı tam orta məktəbin ilk dəfə müasir standartlara uyğun şəkildə əsaslı təmir olunması, yenidənqurma işlərindən sonra möhtərəm Prezidentimizin məktəbin açılış mərasimində şəxsən iştirak etməsi ölkədə təhsil sahəsinə göstərilən diqqətin bariz nümunələrindən biridir və eyni zamanda bu təhsil ocağının yubileyinə həsr olunmuş ən dəyərli mükafatdır. Məktəb həyatının ən möhtəşəm, ən şanlı səhifəsini təşkil edən bu əlamətdar tarixi hadisənin binada ayrılmış xüsusi guşədə əbədiləşdirildiyini yüksək qiymətləndirən millət vəkili, bunun gələcəyin liderləri olan şagirdlərimiz üçün ən gözəl örnək olduğunu bildirdi. Daha sonra Ş.Hacıyev məktəbin əldə etdiyi uğurlu göstəriciləri, nailiyyətləri bir daha xatırladaraq son dövrlərdə məktəbdə formalaşmış mütərəqqi ənənələr, kollektivin ictimai-siyasi fəallığı və əlverişli təhsil mühitinin formalaşması haqqında danışdı. Qeyd olundu ki, hər bir təhsil müəssisəsi öz tarixini formalaşdırmalı, ənənələrini yaşatmalı, mütərəqqi xarakterli yeniliklər və innovasiyalardan faydalanmalıdırlar.
Çıxışının sonunda Ş.Hacıyev məktəbin müəllim-şagird heyətini yubiley münasibətilə bir daha ürəkdən təbrik etdi və onlara ölkəmizin gələcəyinə hədəflənmiş şərəfli və olduqca məsuliyyətli işlərində yeni-yeni uğurlar arzuladı.
Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatı haqqında şeir, mahnı ifa etdilər, ədəbi-bədii kompozisiyalar göstərdilər.
Sonda BŞTİ və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Səbail rayon təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə fəxri fərman və hədiyyələr təqdim edildi.
Tədbirdə məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş olundu.
Tədbirin videoyazısı
MədəniyyətTV
İctimaiTV
ATV