AMEA-nın Botanika İnstitutunda YAP Səbail rayon təşkilatının yeni “Botanik” ərazi ilk partiya təşkilatı təsis olundu

Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni “Botanik” ərazi ilk partiya təşkilatı təsis olundu.

Təsis yığıncağında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev, AMEA Botanika İnstitutunun direktoru akademik Validə xanım Əlizadə və Botanika İnstitutunun YAP üzvü olan əməkdaşları iştirak etdilər.

Yığıncağı açıq elan edərək, qonaqları səmimi salamlayan akademik Validə xanım Əlizadə banisinin Ulu Öndər Heydər Əliyev olduğu Yeni Azərbaycan Partiyasının müstəqil Azəbaycanın ictimai-siyasi həyatındakı əvəzolunmaz rolu və misilsiz xidmətlərindən danışdı. Qeyd olundu ki, Cənubi Qafqazın ən mütəşəkkil və ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin bütün dünyaya tanıdılması və Azərbaycanın nüfuzunun ildən-ilə artırılmasına xidmət edir. İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin prezidentlikləri dövründə Azərbaycan elminin, təhsilinin inkişafına ayrılan diqqət və qayğıdan danışan akademik bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası dövlət siyasəti səviyyəsində daima qorunmuş, elmimizin milli inkişaf strategiyası uğurla reallaşdırılmış və Azərbaycan elmi, alimlərimiz dünyaya inteqrasiya olunma, tanınma imkanları əldə etmişlər. Özünün də 1970-ci illərdə Heydər Əliyev tərəfindən SSRİ ali məktəblərində təhsil alması üçün xaricə göndərilən gənclərdən biri olduğunu vurğulayan V.Əlizadə elmimizə və təhsilimizə bu yüksək diqqət siyasətininin bu gün də cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilməsindən, eləcə də gənclərimizin yüksək səviyyədə təhsil alması və xarici ölkə təcrübələri ilə tanış olmaları üçün Azərbaycanda çoxsaylı imkanların mövcudluğundan məmnunluqla bəhs etdi. Direktor Botanika İnstitutu əməkdaşlarının bu gündən etibarən YAP sıralarında ölkəmizin və Səbail rayonunun ictimai-siyasi həyatında daha da yaxından iştirak edəcəyinə dair əminliyini ifadə etdi.

AMEA-nın Botanika İnstitutunun rəhbərliyi və kollektivini bugunkü təsis yığıncağı münasibətilə təbrik edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycan alimlərinin və ziyalılarının çalışdığı  elmi müəssisə və təşkilatlarda Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının təsis olunmasını xüsusi əlamətdar və tarixi hadisə kimi qiymətləndirdi. Ş.Hacıyev Botanika İnstitutunun bugünə kimi şərəfli inkişaf yolu keçdiyini vurğulayaraq bildirdi ki, burada tarix boyu görkəmli alimlər fəaliyyət göstərib, bu gün də burada böyük elmi araşdırmalar davam edir. Validə xanım Əlizadənin timsalında elm sahəsində tanınmış alimlərin, Azərbaycan cəmiyyətində xüsusi yeri və çəkisi olan ziyalıların YAP sıralarına daxil olmasından son dərəcə məmnun olduğunu qeyd edən deputat Botanika İnstitutunun bütün kollektivinə cansağlığı, elmi və siyasi fəaliyyətlərində daha böyük nailiyyətlər arzuladı.

Həyatında elm və təhsilin hər zaman ilkin prioritetlər olduğunu qeyd edən Ş.Hacıyev bildirdi ki, 10 ildən çox müddətdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olduğu dövrdə AMEA-nın İnstitutları ilə sıx əməkdaşlıq etmişdir, bu əməkdaşlıq hazırda da davam edir. “Biz AMEA ilə birlikdə birgə səylərimiz nəticəsində uzun müddət qəbul oluna bilməyən Təhsil haqqında və Elm haqqında qanun layihələrini işləyib hazırladıq. Bu qanunlar Azərbaycan elminin və təhsilinin gələcək inkişafında mühüm rol oynayır. Birlikdə gözəl işlər gördüyümüz bu İnstitutda bu gün YAP ərazi ilk partiya təşkilatının təsis yığıncağının keçirilməsi çox təqdirəlayiqdir və Səbail rayon partiya təşkilatının sıralarının ziyalı alimlərimiz hesabına genişlənməsi hamımızı çox sevindirir.”

Millət vəkili Yeni Azərbaycan Partiyası haqqında ətraflı danışaraq, partiyanın yaranma tarixi, keçdiyi şərəfli və çətin inkişaf yolu, YAP-ın cəmiyyətimizin bütün ictimai-siyasi sahələrinin inkişafındakı, ölkəmizdəki quruculuq işlərindəki ölçüyəgəlməz rolu, mövqeyi və müstəsna xidmətləri, eləcə də bugünkü fəaliyyət istiqamətləri və gələcək hədəfləri haqqında geniş məlumat verdi. Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün çox çətin, həyəcanlı və ən taleyüklü məsələlərin həll olunduğu dövrdə yarandığını qeyd edən Ş.Hacıyev bildirdi ki, həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün rüsvayçı idarəçiliyi nəticəsində Azərbaycan bütün ictimai-siyasi sahələr üzrə dərin böhran vəziyyətinə düşmüş, iqtisadi cəhətdən defolt ilə üzləşmiş və tamamilə anarxiyaya düçar olmuşdu. Əzəli torpaqlarımız olan Ermənistan ərazisindən azərbaycanlıların qovulması və ərazilərimizin işğalı nəticəsində soydaşlarımızın məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi ölkədəki onsuz da çətin vəziyyəti daha da gərginləşdirmişdi. Belə çətin vəziyyətdə Azərbaycan xalqı çıxış yolunu yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görürdü. 91 nəfər Azərbaycan ziyalısının xalqın adından Heydər Əliyevə tarixi müraciəti və Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin ümumxalq dəstəyi və iradəsi ilə sivil və demokratik yolla Azərbaycanda hakimiyyətə gəlməsi haqqında ətraflı bəhs edən deputat vurğuladı ki, YAP bütövlükdə Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət gətirdi və dağılmaq təhlükəsi ilə üzləşmiş ölkə qısa müddətdə sabit inkişaf və intibah yoluna qədəm qoydu. Xüsusi qeyd olundu ki, öz dövrü, öz xalqı üçün gördüyü işlərin miqyasına görə Ulu Öndər Heydər Əliyev bütün tarix boyu Azərbaycana rəhbərlik etmiş heç bir dövlət xadimi ilə müqayisə oluna bilməz. İşğalın dayandırılması, müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu, cəmiyyətin bütün sahələrində əsaslı siyasi-iqtisadi islahatlara başlanılması, ölkəmizin iqtisadi inkişafının təməlini təşkil edən “Əsrin Müqaviləsi”nin 1994-cü ildə Azərbaycanda mövcud olan son dərəcə əlverişsiz siyasi və iqtisadi vəziyyətdə məhz Heydər Əliyev dühası sayəsində imzalanması, eləcə də ölkəmizin idarəetmə sisteminin müəyyənləşdirilməsi və bütün zəruri bazar iqtisadiyyatı institutlarının formalaşdırılması haqqında geniş danışan Ş.Hacıyev bildirdi ki, Ümummilli Liderimizin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də sağlığında öz layiqli siyasi varisini seçməsidir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycanda tamamilə yeni dövrün başlanması haqqında ətraflı danışan deputat bildirdi ki, ölkə başçısı bu dövr ərzində nəinki Azərbaycan xalqının mənafelərinə xidmət edən Heydər Əliyev siyasətini davam etdirir, eyni zamanda bu siyasəti xüsusi mürəkkəbliyi və ziddiyyətləri ilə seçilən müasir dövrün tələblərinə uyğun olaraq modernləşdirir və təkmilləşdirir. Ərazisinin böyüklüyü və əhalisinin sayına görə kiçik ölkə olan Azərbaycan 14 il ərzində İlham Əliyevin rəhbərliyi ilə bütün sosial-iqtisadi sahələr üzrə yüksələn xətlə inkişaf etdi, ölkəmizin beynəlxalq nüfuzu və müsbət imici xeyli yüksəldi. Cənab İlham Əliyevin düşünülmüş və cəsarətli siyasəti nəticəsində Azərbaycan tərəfindən onlarla nəhəng transmilli layihələr reallaşdı, ölkə rəhbəri yeni, güclü, qüdrətli, stabil inkişaf edən Azərbaycan formalaşdırdı, cəmiyyətimizdə sarsılmaz və etibarlı xalq-iqtidar birliyini təmin etdi və ölkəmizdə həsəd aparılacaq dərəcədə möhkəm ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin mövcud olduğu dövlət yaratdı. Azərbaycanı gələcəkdə daha böyük hədəflərin gözlədiyini vurğulayan Ş.Hacıyev əminliyini ifadə etdi ki, 11 aprel tarixində keçiriləcək Prezident seçkilərində xalqımız yenə yekdilliklə etibarlı gələcəyimizə səs verərək, Yeni Azərbaycan Partiyasının vahid namizədini dəstəkləyəcəklər.

Çıxışının davamında millət vəkili YAP Səbail rayon təşkilatının çoxşaxəli ictimai-siyasi fəaliyyəti haqqında məlumat verdi. Qeyd olundu ki, Səbail rayonu paytaxtın paytaxtıdır və rayon partiya təşkilatımız ölkəmizin zəngin ictimai-siyasi həyatında bütün mənalarda seçilərək ön sıralarda olmağa çalışır. Botanika İnstitutunda yeni siyasi təşkilatın yaranması münasibətilə kollektivi bir daha ürəkdən təbrik edən Ş.Hacıyev bildirdi ki, ölkəmizin taleyinə biganə olmayan ziyalılarımızın, alimlərimizin partiya sıralarına daxil olması YAP Səbail rayon təşkilatının tərkibini keyfiyyətcə daha da zənginləşdirəcək və görəcəyimiz çoxşaxəli işlərin səmərəliliyini xeyli yüksəldəcəkdir.

Sonra “Botanik” ərazi ilk partiya təşkilatı təsis olundu, təşkilatın İdarə heyətinin üzvləri, sədri və müavini seçildi.

“Botanik” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri, Botanika İnstitutunun direktor müavini Babayev İmran Əliheydər oğlu ona göstərilən yüksək etimada görə təşəkkür edərək, kollektivin və partiyanın tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirəcəyinə söz verdi.

Yığıncaq YAP Səbail rayon təşkilatı və AMEA-nın Botanika İnstitutu arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə davam etdi.