YAP Səbail rayon təşkilatında “8 Mart – Beynəlxalq Qadınlar Günü” qeyd edildi
07.03.2018Martın 6-da YAP Səbail rayon təşkilatında “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram tədbiri keçirildi.
Rayon partiya təşkilatının Qadınlar Şurasının üzvlərinin və rayon ictimaiyyətinin fəal qadınlarının iştirak etdiyi tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev partiya sıralarında fəal ictimai-siyasi fəaliyyətlə məşğul olan Səbail rayon qadınlarını 8 Mart bayramı və od çərşənbəsi münasibətilə ürəkdən təbrik etdi, onlara sağlamlıq, səadət, xoşbəxtlik, faydalı və məsuliyyətli işlərində yeni-yeni uğurlar və daha yüksək nailiyyətlər arzuladı.
Deputat tarixən türk və azərbaycanlı ailələrində qadına göstərilən xüsusi ehtiram, qayğı, diqqət haqqında danışaraq bu mental dəyərlərin bu gün də qorunub saxlanıldığını və gələcək nəsillərə ötürüldüyünü bildirdi. “8 Mart – Beynəlxalq Qadınlar Günü”nün yaranma və qeyd olunma tarixi haqqında ətraflı məlumat verən Ş.Hacıyev qeyd etdi ki, bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründən Azərbaycan qadınına dövlət tərəfindən göstərilən diqqətin nəticəsidir ki, Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verildi. Qadın hüquqlarından ağızdolusu danışan və bizə demokratiya dərsi keçmək istəyən Avropa və dünyanın digər əksər ölkələrində qadınlara bu hüquqlar Azərbaycandan xeyli sonra tanındı. Misal olaraq, Amerika Birləşmiş Ştatlarını, Böyük Britaniyanı, Fransanı və İsveçrəni göstərmək olar.
Millət vəkili müasir dövrümüzdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatındakı mühüm roluna diqqət çəkərək, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dövlət idarəçiliyində, ailədə, siyasi meydanda, cəmiyyətin ən həssas və xüsusi diqqət və qayğı tələb edən sahələrindəki çoxşaxəli fəaliyyətindən və gördüyü irimiqyaslı işlərdən geniş danışdı və vurğuladı ki, Mehriban xanım bir Azərbaycan qadını kimi incəlik, zəriflik, həssaslıq simvoludur.
Xüsusi qeyd olundu ki, Azərbaycan qadını tarixən mərdlik, milli adət-ənənələrimizə bağlılıq, sadiqlik, inam, etibar təcəssümü olmaqla müqəddəs ailə dəyərlərimizin keşiyində durmuş və cəmiyyət həyatında qarşıya qoyulan vəzifələri daima kişilərlə çiyin-çiyinə uğurla yerinə yetirmişlər. Bu gün cəmiyyətimizin elə bir sosial-iqtisadi və mədəni sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Dövlət idarəçilik sistemində, parlamentdə, hüquq-mühafizə orqanlarında, müxtəlif komitə və təşkilatlarda, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində qadınlarımız layiqincə təmsil olunur və Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verirlər.
Sonda Səbail rayon partiya təşkilatının bütün kollektivi adından xanımları bu gözəl bayram münasibətilə bir daha təbrik edən Ş.Hacıyev qadınlara cansağlığı, xoşbəxtlik və möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi kursunun dəstəklənməsi və təbliğ olunması istiqamətində uğurlar arzuladı.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova, İdarə Heyətinin üzvü Adilə Abasova, sədrin birinci müavini Muxtar Nağıyev, İdarə heyətinin üzvü Rizvan Vahabov və digərləri partiyanın təşkilatlanmasında Səbail qadınlarının rolu və töhfələri haqqında danışaraq, qadınlarımızın cəmiyyətdə siyasi iradələrini sərbəst nümayiş etdirmələri üçün ölkəmizdə yaradılmış münbit şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra Səbail rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən partiyanın bir qrup qadın üzvlərinə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olundu.