Bayıl sürüşmə zonasında bayram tədbiri keçirildi

Bayıldakı «Riviera» mehmanxanasında Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirildi. Yel çərşənbəsi günü təşkil olunan bayram süfrəsi arxasında toplaşanları salamlayan RİH başçısı ilk növbədə iştirakçıları xalqımızın ən əziz bayramlarından olan Novruz münasıbəti ilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

Bildirildi ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədi ilə bir sıra təxirəsalınmaz tədbirlər görülmüş, əhali vaxtında təhlükəli zonadan köçürülmış, müvəqqəti sığınacaq yaradılmış, vətəndaşların digər sualları həll olunmuşdur. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq, dövlət tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınıb və bu işlər həyata keçirilib. Evləri tam uçmuş vətəndaşlara isə birdəfəlik kompensasiyalar ödəniləcəkdir.

Hazırda ərazidə  mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcəkdir. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxil olmasına yol verilmir.

Tədbirdə iştirak edən vətəndaşların çoxsaylı sualları RİH başçısı tərəfindən cavablandırılıb, onlar bu problemli məsələlərinin həllinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Səmimi şəraitdə keçən görüşün sonunda sürüşmə ərazisindən köçürülən ailələrə Novruz sovqatları təqdim olundu.

Tədbirin videoyazısı
ATV
XəzərTV