AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yeni YAP ərazi ilk partiya təşkilatı təsis olundu
16.03.2018Martın 9-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda YAP Səbail “Sünbül” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.
Təsis yığıncağında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova və İnstitutun Elmi Şurasının üzvü, AMEA-nın müxbir üzvü, Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev iştirak etdilər.
Yığıncaq ötən əsrin 70-ci illərində İnstitutun əsasının qoyulması və inkişafında mühüm rol oynayan Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, millət vəkili və dünyaşöhrətli alim akademik Cəlal Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Qonaqları salamlayan akademik İradə Hüseynova elmin ən müasir istiqamətlərindən biri olan molekulyar biologiya və biotexnologiyalar sahəsində uğurla fəaliyyət göstərən və 2016-cı ildən müstəqil fəaliyyətə başlayan İnstitutun yaranması, inkişafı və elmi nailiyyətləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, hazırda nəzdində beş beynəlxalq laboratoriyanın fəaliyyət göstərdiyi İnstitut azsaylı kollektivlərdən biridir ki, burada aparılan tədqiqatlar dünya standartlarına cavab verir. Yeni Azərbaycan Partiyasının yaranmasında müstəsna rol oynayan və partiyanın “Qızıl Fondu” adlandırılan “91-lər”dən olan dörd nəfərin İnstitutda çalışdığını xüsusi vurğulayan direktor qeyd etdi ki, adı akademik Cəlal Əliyevin adı ilə bağlı olan AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bütün kollektivi cismən və mənən Yeni Azərbaycan Partiyasına bağlıdır, bugünkü təsis yığıncağı bu faktı rəsmiləşdirməyə xidmət edəcək və İnstitut əməkdaşları bundan sonra da ölkəmizdə aparılan və birmənalı olaraq Azərbaycan xalqının mənafelərinə xidmət edən Heydər Əliyev, İlham Əliyev siyasətinə dəstək olacaqlar.
İnstitutun Elmi Şurasının üzvü Novruz Quliyev diqqətə çatdırdı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaradıcısı olduğu partiya sıralarında ali əqidə və amallara xidmət etmək hər bir azərbaycanlı üçün böyük şərəf və yüksək məsuliyyət deməkdir.
Çıxış edən professor Şəmsəddin Hacıyev elmin nisbətən yeni və gənc sahələrindən biri ilə məşğul olan, şərəfli inkişaf yolu keçmiş, fundamental tədqiqatlar aparan, dünyanın ən aparıcı universitetlərinin və elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin cəlb olunduğu bu mötəbər İnstitutun ziyalı alim kollektivi üzvlərinin Yeni Azərbaycan Partiyası ailəsinə daxil olmasından çox məmnun olduğunu bildirərək qeyd etdi ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yeni ilk partiya təşkilatının təsis olunması Yeni Azərbaycan Partiyasının, o cümlədən YAP Səbail rayon təşkilatının fəaliyyətinin daha da genişlənməsinə və onun keyfiyyət tərkibinin yüksəlməsinə ciddi təsir göstərəcəkdir. Qeyd olundu ki, bugünkü təsis yığıncağının ölkəmizin ictimai-siyasi həyatında xüsusi tarixi əhəmiyyət kəsb edən dövrdə, prezident seçkiləri ərəfəsində keçirilməsi İnstitut tarixi üçün çox əlamətdar hadisədir.
Yeni Azərbaycan Partiyasının yaranması və 25 il ərzində keçdiyi çətin, eyni zamanda şərəfli və qələbələrlə zəngin inkişaf yolu haqqında geniş məlumat verən deputat, müstəqilliyin ilk illərində cəmiyyətimizin bütün sosial-iqtisadi sahələrini əhatə edən dərin böhran, o dövrdə ölkəmizdə cərəyan edən antimilli proseslər, bu çətin şəraitində 91 nəfər Azərbaycanlı ziyalısının Ulu Öndər Heydər Əliyevə tarixi müraciəti, Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən ciddi siyasi, iqtisadi və sosial səbəblər və obyektiv zəruriyyətlər, YAP-ın 550 nəfər partiya üzvü ilə təsis yığıncağının keçirilməsi və partiyanın ilk sədri Heydər Əliyevin sivil və demokratik yolla, dərin böhranın tüğyan etdiyi şəraitdə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Ulu Öndər tarixi baxımdan qısa bir müddət ərzində Azərbaycanı dayanıqlı inkişaf yoluna çıxartdı, məhz onun bilavasitə rəhbərliyi ilə yeni Konstitusiyamız qəbul olundu, cəmiyyət həyatının bütün sahələrini əhatə edən mühüm siyasi, iqtisadi, sosial, mədəni islahatlar reallaşdırıldı, post-sovet məkanında ilk dəfə Azərbaycanda torpaq islahatları uğurla həyata keçirildi və iqtisadi-siyasi müstəqilliyimizin başlıca qarantı və təminatı olan Əsrin Müqaviləsi imzalandı.
Millət vəkili 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın imza atdığı misilsiz uğurların xronologiyasına nəzər yetirərək, bu illər ərzində ölkəmizin iqtisadi-hərbi qüdrətinin dəfələrlə yüksəlməsi, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, bütün sosial-iqtisadi göstəricilərə görə ölkədə əldə olunan nailiyyətlər, eləcə də ölkə başçısının qətiyyətli və cəsarətli siyasəti nəticəsində reallaşdırılan möhtəşəm transkontinental layihələr haqqında geniş danışdı. Vurğulandı ki, İlham Əliyev dövrünün ən böyük nailiyyətlərindən biri də Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan düşünülmüş və cəsarətli siyasət nəticəsində Ermənistanın dünya və region üçün tamamilə əhəmiyyətsiz ölkəyə çevrilməsidir. Bu proseslər fonunda bütün Azərbaycan cəmiyyəti və ziyalıları cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və ölkəmizdə iqtisadi və ictimai-siyasi sabitlik, eləcə də sarsılmaz xalq-iqtidar birliyi həsədaparılacaq səviyyədə təmin edilmişdir.
Daha sonra Bakı şəhərinin mərkəzi və aparıcı rayon partiya təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti, ziyalıların mütləq əksəriyyət təşkil etdiyi rayon partiya təşkilatının siyasi və sosial-mədəni tədbirləri haqqında məlumat verən Ş.Hacıyev qeyd etdi ki, artıq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi də bütün bu proseslərdə, respublikamızın və Səbail rayonun ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanı qazanacaqlar. Sonda deputat bugünkü təsis yığıncağı münasibətilə İnstitut kollektivini bir daha ürəkdən təbrik etdi və onlara cansağlığı, elmi və siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Sonra gündəlikdə duran təşkilati məsələlərə baxıldı, “Sünbül” ərazi ilk partiya təşkilatı təsis olundu, təşkilatın 7 nəfərdən ibarət İdarə Heyətinin üzvləri, təşkilat sədri və sədrin müavini seçildi.