YAP Səbail rayon təşkilatında 11 aprel Prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olundu

Martın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasda 11 aprel Prezident seçkiləri ilə əlaqədar rayon partiya təşkilatının vəzifələri, o cümlədən ərazi ilk partiya təşkilatlarının siyasi məsuliyyətinin, siyasi mədəniyyətinin və fəallığının artırılması, YAP üzvlərinin partiya intizamının daha da möhkəmləndirilməsi, YAP Səbail rayon şöbəsinin qərargah üzvləri arasında iş bölgüsü, təbliğat-təşviqat kampaniyası çərçivəsində görüləcək işlər və gündəlikdə duran digər cari məsələlər müzakirə edildi.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev məlumat verdi ki, 19 mart tarixində başlayacaq rəsmi təbliğat-təşviqat kampaniyası ərəfəsində rayon partiya təşkilatından tələb olunan bütün işlər operativ və səliqəli şəkildə icra olunmuşdur. Bildirildi ki, hazırda ölkəmizdə xüsusi siyasi fəallığın müşahidə olunduğu və prezident seçkilərinə hazırlıq prosesinin başladığı əlamətdar dövrdəyik. Bugünümüzü təmin edən, işıqlı edən Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cəsarətli, uzaqgörən, müdrik, ümumxalq məhəbbətini qazanmış möhtərəm Prezidentimizin namizədliyi Azərbaycanın müstəqillik dövründə əldə olunmuş bütün misilsiz siyasi, iqtisadi, hərbi uğurlarda əvəzolunmaz rolu və payı olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür. Əminik ki, bu seçkiləri də həmişə olduğu kimi parlaq qələbə ilə başa vuracağıq. Bu məqsədlə geniş fəaliyyət planı hazırlanmış və bütün fəaliyyət istiqamətləri üzrə İdarə heyəti üzvləri və YAP Səbail seçki qərargahı üzvləri arasında iş bölgüsü aparılmışdır. Müzakirələrdən və müvafiq əlavə və düzəlişlərdən sonra 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi tərəfindən seçicilərlə keçiriləcək tədbirlərin qrafiki və qərargah üzvləri arasında iş bölgüsü yekdilliklə təsdiq olundu.

Sonra “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən YAP Səbail rayon təşkilatı tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verildi.

İclasda, həmçinin yeni təsis edilən ərazi ilk partiya təşkilatlarından daxil olan müraciətlərə baxıldı. Azərbaycan Respublikası Hesablama Palatasında yeni təsis edilən Dövlət auditi, AMEA-nın Botanika İnstitutunda yeni təsis edilən “Botanik” və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yeni təsis edilən “Sünbül” ərazi ilk partiya təşkilatlarının qeydiyyata alınması barədə qərar yekdilliklə qəbul olundu. Sədr məlumat verdi ki, partiyanın təşkilatlanmasının gücləndirilməsi və partiya sıralarının cənab Prezidentin siyasətinə bağlı olan və partiya Nizamnaməsinə sədaqətlə xidmət edən yeni üzvlər, xüsusilə gənclər hesabına genişləndirilməsi YAP Səbail rayon təşkilatının gördüyü çoxşaxəli işlər arasında xüsusi önəm kəsb edir. Son bir il ərzində YAP Səbail rayon təşkilatının sıralarına 1200 yeni üzv qəbul olunmuşdur, bu göstəricinin əldə olunmasında yeni yaradılmış ərazi ilk partiya təşkilatları da mühüm paya sahibdir. Yeni mötəbər təşkilatların rayon partiya təşkilatının sıralarına daxil olması həm YAP Səbail rayon təşkilatının fəaliyyətinin genişlənməsinə imkan yaradır, həm də partiya üzvlərinin keyfiyyət tərkibinin yüksəlməsinə böyük töhfə verir.

Sonra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.

İclasa yekun vuran Ş.Hacıyev xalqımızın çoxəsrlik milli-mənəvi ənənələrini özündə təcəssüm etdirən bolluq, bərəkət, xeyirxahlıq, yenilik və gözəllik rəmzi olan Novruz bayramı münasibətilə YAP Səbail rayon təşkilatının bütün üzvlərini təbrik etdi və hamıya möhkəm cansağlığı, ailə səadəti, ruzi-bərəkət, və ölkəmizin davamlı inkişafı naminə məsuliyyətli və şərəfli ictimai-siyasi fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.