Türkiyə və Azərbaycan qardaşlığına həsr olunan “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii tədbir keçirildi

Martın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında Türkiyə və Azərbaycanın qardaşlığına ithaf edilmiş “Qəhrəmanlıq dastanımız” adlı musiqili-bədii gecə keçirildi.

Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız əbədidir” adlı təşkilat komitəsinin dəstəyi ilə reallaşan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, elm və mədəniyyət xadimləri və çoxsaylı qonaqlar iştirak etdilər.

Qonaqlar əvvəlcə hər iki dövlətin münasibətlərini əks etdirən rəsm sərgisinə baxdılar.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsi ilə başladı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Qeyd edildi ki, komitənin əsas məqsədi iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə vermək, ölkəmizin təbliğatını Türkiyədə daha geniş şəkildə təşkil etmək və ictimaiyyət olaraq terrora qarşı aparılan mübarizədə Türkiyəyə dəstək verməkdir. İki qardaş ölkənin hazırkı əməkdaşlıq əlaqələrindən danışan E.Həsənli mövcud münasibətlərin günü-gündən daha da inkişaf etdirdiyini diqqətə çatdırıb. Vurğulandı ki, tarixin sınaqlarından çıxaraq “Bir millət, iki dövlət” prinsipi ilə gündən-günə güclənən Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı İslam həmrəyliyinə layiqli nümunə kimi qiymətləndirilir.

Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi və digər çıxış edənlər Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmini qeyd etdilər. Türk xalqının bu gün dünya birliyində öz layiqli və dəyərli yerini tutduğunu deyən natiqlər bildirdilər ki, Azərbaycan-Türkiyə əlaqələri qədim və zəngin tarixə malikdir. Bizim dili bir, dini bir, kökü bir olan xalq olduğumuza diqqət çəkərək qeyd olundu ki, hər iki qardaş ölkə bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, bir-birinə dəstək nümayiş etdirir.

Türk xalqının şərəf və qəhrəmanlıq salnaməsi olan Çanaqqala zəfərindən, bu şanlı döyüşdə Türkiyənin 253 min döyüşçüsü ilə yanaşı, 3 minə yaxın azərbaycanlı hərbçisinin də şəhid olmasından, eləcə də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin bu il 100 illiyinin tamam olması haqqında danışan natiqlər diqqətə çatdırdılar ki, bütün bu tarixi proseslərdə – istər məhv olma vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi hər bir türk vətəndaşının mübarizliyinin simvolu kimi əbədiləşmiş Çanaqqala zəfərində, istərsə də Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi olan 1918-ci il sentyabrın 15-ində Azərbaycan və Türkiyə xalqları əsl qardaşlıq nümunəsi göstərmişlər. Qan yaddaşımıza həkk olunmuş bu qardaşlıq bu gün də davam etdirilir.

Qeyd edildi ki, Azərbaycan və Türkiyə iki dövlət bir millətdir. Hər iki dövlətin beynəlxalq aləmdə layiqli mövqe tutması çox çətin mübarizə nəticəsində mümkün olub. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkələrimiz arasında sarsılmaz birliyin yaranıb formalaşdığı, bu işdə Ümummilli Liderin əvəzsiz rolunun olduğu xüsusi vurğulandı.

Bildirildi ki, bu gün Türkiyə və Azərbaycan bütün maneələrə və siyasi oyunlara qalib gələrək sıx birliyə nail olub. Ölkələrimiz iqtisadi cəhətdən inkişaf edərək gələcəyə inamla addımlayır.

Tədbir “Qəhrəmanlıq dastanımız” adlı musiqili proqramınla davam etdi.