YAP Səbail rayon təşkilatı təşviqat kampaniyasına uğurla start verdi

11 aprel Prezident seçkiləri ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində martın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində partiya fəalları və mədəniyyət işçiləri ilə görüş keçirildi.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev bugünkü görüşün çox əlamətdar tarixə – 11 aprel Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verildiyi günə təsadüf etdiyini bildirdi. Sədr diqqətə çatdırdı ki, Prezident seçkiləri ilə bağlı təşviqat materialları martın 18-dən 19-na keçən gecədən başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda tərəfindən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə operativ və səliqəli şəkildə vurulmuşdur.

10 aprel tarixinədək keçiriləcək təbliğat-təşviqat kampaniyası ilə əlaqədar qarşıda duran vəzifələr haqqında danışan deputat qeyd etdi ki, YAP Səbail rayon təşkilatı Seçki Məcəlləsinə uyğun olaraq, seçki prosesinin ilk mərhələlərindən başlayaraq bütün prosedurları ardıcıl, sistemli və keyfiyyətli şəkildə başa vurmuş və bütün tapşırıqları vaxtlı-vaxtında uğurla yerinə yetirmişdir. Növbəti mərhələ olan təbliğat-təşviqat kampaniyası çərçivəsində geniş tədbirlər planı hazırlanmışdır və qrafik üzrə rayonun bütün qəsəbələri və məhəllələrində, cəmiyyətin bütün təbəqələrini təmsil edən seçicilər ilə mütəmadi görüşlər keçiriləcəkdir. Rayon sakinlərinin seçkilərdə sadəcə iştirakını təmin etməyimiz kifayətdir deyən Ş.Hacıyev əminliyini ifadə etdi ki, seçkidə iştirak edən Səbail rayon sakinlərinin 90 faizindən çoxu ölkə rəhbərimizə səs verəcəkdir.

Millət vəkili 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi və dəstəyi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra ötən müddət ərzində Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, əhalinin sosial rifahının ildən-ilə yaxşılaşması, Azərbaycanın bütün mənalarda simasının tamamilə dəyişməsi, beynəlxalq nüfuzunun yüksəlməsi və dünyada öz layiqli yerini tutması, ölkəmizin iqtisadi inkişaf göstəricilərinə görə bu coğrafiyanın lider dövlətinə çevrilməsi haqqında ətraflı danışaraq, bu nailiyyətlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının Lideri, Prezidentliyə namizəd İlham Əliyevin misilsiz xidmətləri və müstəsna rolu olduğunu xüsusi qeyd etdi.

Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaxın zamanlarda tam başa çatdırılacağı, Azərbaycanın siyasi iradəsi və iqtisadi gücü hesabına reallaşdırılan regional neft-qaz layihələrinin ölkəmizin dünya enerji təchizatı sistemində rolunu daha da artırması kimi möhtəşəm uğurları xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, biz müasir Azərbaycanın qurucusu Heydər Əliyev siyasətini bundan sonra da davam etdirməli, sarsılmaz xalq-iqtidar birliyi ideyası ətrafında sıx birləşməli, ölkəmizdə mövcud olan ictimai-siyasi-iqtisadi sabitliyi, tolerantlıq mühitini qorumalı və Azərbaycanın inamlı və parlaq gələcəyi üçün İlham Əliyevə növbəti prezidentlik dövrü üçün mandat verməliyik. Çünki, bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz görülmüş bu misilsiz işlərin və əldə olunan bütün möhtəşəm uğurların təməlində Heydər Əliyevin əbədiyaşar ideyaları və İlham Əliyev şəxsiyyəti, Onun idarəçilik məharəti, siyasi mədəniyyəti, cəsarəti, iradəsi, intellekti və xalqı öz arxasınca aparmaq kimi Liderlik keyfiyyətləri dayanır. Bu təbliğat kampaniyası bizim üçün çox asan olacaq, çünki ölkə rəhbərinin, partiya Sədrimizin, müdrik və uzaqgörən Liderimizin rəhbərliyi ilə görülən işlər göz qabağındadır. İlham Əliyev siyasəti xalqımızın milli mənafelərinə xidmət edir, xalq bu siyasəti dəstəkləyir və Prezidentimiz də görülən bütün bu işlərdə məhz Azərbaycan xalqına arxalanır.

Görüşdə seçki kampaniyasının ilk mərhələlərində yaxından iştirak edən və səmərəli fəaliyyət göstərən partiya üzvləri YAP Səbail rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundular.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunan Azərbaycan Teatr Xadimləri İttifaqının bir qrup əməkdaşına partiya vəsiqələri təqdim olundu.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti, professor Azər Paşa Nemətov və İttifaq kollektivinin bütün üzvləri adından YAP Səbail rayon təşkilatının rəhbərliyinə ürəkdən təşəkkür edən “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının sədri Xalq artisti Hacı İsmayılov bu gün Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunduqları üçün böyük qürur və sevinc hissi keçirdiklərini qeyd etdi. Ulu Öndər Heydər Əliyevin cəmiyyətimizin bütün sosial-iqtisadi sahələrində olduğu kimi, mədəniyyət sahəsində də misilsiz xidmətlərindən danışdı. H.İsmayılov vurğuladı ki, Azərbaycanda mədəniyyət sahəsindəki siyasətin banisi məhz Heydər Əliyevdir və sevindirici haldır ki, möhtərəm Prezidentimiz bu müsbət ənənəni uzun illərdir ki, ləyaqətlə davam etdirir. Bu sahədə milli teatrımızın inkişafı haqqında qəbul olunmuş Dövlət Proqramı, muzeylərin, memarlığın inkişafı haqqında icra olunmuş bütün sərəncamlar, fərmanlar mədəniyyətimizin son illərdə yüksəlişində əvəzolunmaz rol oynamışdır. Azərbaycan mədəniyyət işçilərinin bütün bu sevgini və diqqəti yaxından hiss etdiyini və yüksək qiymətləndirdiyini xüsusi qeyd edən Xalq artisti bildirdi ki, bizim YAP üzvü kimi Azərbaycan dövləti və Azərbaycan Prezidenti qarşısında şərəfli vəzifələrimiz və yüksək məsuliyyətimiz var. Bu gün müasir müstəqil Azərbaycanımızın nailiyyətləri və uğurları hər bir Azərbaycan vətəndaşını qürurlandırır. 11 aprel Prezident seçkilərində Azərbaycan Teatr Xadimləri İttifaqının bütün kollektivi hamılıqla iştirak edəcək və hamımız yekdilliklə dövlət başçımız İlham Əliyevi dəstəkləyəcəyik.

Görüş səmimi söhbət və xoş təəssüratlarla yadda qaldı.