Qarabağ veteranları Azərbaycanı uğurlu gələcəyə aparan İlham Əliyevə səs verəcəklər
23.03.201811 aprel Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində martın 23-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin qərargahında Səbail rayonu ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, onların ailə üzvləri, müharibə əlilləri və şəhid ailələri ilə görüş keçirildi.
Bayram əhval-ruhiyyəsi, böyük ruh yüksəkliyi ilə keçən və Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyevin şərəfinə gözəl şüarların səsləndirildiyi görüşdə YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrini təmsil edən QHT-lərin və ictimai birliklərin sədrləri, Səbail rayon Qarabağ müharibəsi veteranları, şəhid ailələri üzvləri, çoxsaylı qonaqlar və gənclər iştirak etdilər.
İlk öncə, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan və həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının Lideri və vahid namizədi, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə 2003-2017-ci illərdə Azərbaycanın qazandığı möhtəşəm tarixi nailiyyətlər, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və çoxşaxəli işlər, eləcə də qarşıda duran strateji hədəf və məqsədlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, bu müddət ərzində Azərbaycan xalqının vahid Liderinə çevrilən İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirərək, onu müasir tələblər və çağırışlar nəzərə alınmaqla daha da təkmilləşdirmiş, həm ölkə daxilində, həm də xarici siyasət sahəsində xalqımızın milli mənafelərinə müvafiq olaraq həyata keçirdiyi genişmiqyaslı işlərin əhəmiyyəti və ölçüyəgəlməz miqyası ilə ümumxalq dəstəyi qazanmışdır. Ölkəmizdə qibtəolunacaq yüksək səviyyədə ictimai-siyasi sabitlik, tolerant-multikultural mühit formalaşmış və sarsılmaz xalq-iqtidar birliyinə nail olunmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, cəsarətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan 14 il ərzində sözün əsl mənasında iqtisadi və siyasi cəhətdən müstəqil, hüquqi, liberal və demokratik dəyərlərə əsaslanan qüdrətli bir dövlətə çevrilmiş, iqtisadi və hərbi gücü baxımından Cənubi Qafqazın və yaxın coğrafiyanın lider ölkəsi səviyyəsinə yüksəlmişdir. İctimai-siyasi həyatımızın bütün sahələrini əhatə edən əsaslı islahatlar daha da dərinləşmiş və şaxələnmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının və geniş infrastruktur layihələrinin uğurlu icrası nəticəsində ölkədə neft sektorundan asılılıq xeyli dərəcədə azaldılmış, bütün makroiqtisadi göstəricilər üzrə dinamik inkişafa nail olunmuş, qeyri-neft sektorunun, xüsusilə ixracyönümlü istehsal sahələrinin əsaslı şəkildə inkişaf etdirilməsi üçin əhəmiyyətli işlər görülmüşdür. Bu dövr ərzində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal geniş təkrar istehsal proseslərinə ən fəal surətdə qoşulularaq özünün “ikinci iqtisadiyyat”ını formalaşdırmış, milli iqtisadiyyatımızın transmilliləşmə prosesi genişlənmiş, ölkəmiz heç kimin xəyalına belə gəlməyən nəhəng transkontinental layihələrin iştirakçısı, icraçısı və aparıcı iqtisadi aktoruna çevrilmişdir.
İlham Əliyev siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edən sosial siyasət sahəsində həyata keçirilən ardıcıl, məqsədyönlü işlər sayəsində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli nəticələr əldə edilmiş, cəmiyyətimizin sosial həyatının bütün sahələrində indiyə qədər görünməmiş nəticələr qazanılmışdır. Millət vəkili diqqətə çatdırdı ki, ölkəmizdə müharibə əlillərinə, veteranlara da dövlətimiz tərəfindən böyük qayğı ilə yanaşılır. Onların həyat səviyyəsinin yüksəlməsi, sosial təminatı ilə bağlı ardıcıl işlər görülür, mənzil problemləri və s. həllini tapmış olur.
Biz bu gün gələcəyimizə çox inamla baxırıq, çünki biz gələcəyə müdrik dövlət xadimi, uzaqgörən və cəsarətli siyəsətçi, güclü şəxsiyyət, dünya liderləri arasında xüsusi yeri və mövqeyi ilə seçilən Liderimiz – İlham Əliyevlə gedirik. Çünki biz, nəinki gələcək nəsil üçün nəzərdə tutulan resurslardan istifadə etmədən, hətta onlar üçün böyük miqdarda ehtiyatlar yaratmaq konsepsiyası əsasında inkişaf edirik. Yalnız 2017-ci ildə başa çatan və yeni imzalanan beynəlxalq müqavilələrin adlarını çəkmək kifayətdir ki, biz Azərbaycanın gələcək inkişafının nə dərəcədə təminatlı olduğunu düzgün dərk edək. Əsrin Müqaviləsinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmiryolu xətnin açılışı, Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə bağlı son tamamlama işlərinin yekunlaşması, Cənub Qaz Dəhlizi layihəsinin yaxın gələcəkdə başa çatdırılması, Azərbaycanda azad iqtisadi zonaların yaradılması və s. çox möhtəşəm tarixi hadisələr olmaqla yanaşı, ölkəmizə böyük miqdarda xarici invistisiya axınlarından xəbər verir ki, bütün bunlar da Azərbaycana çoxsaylı siyasi, iqtisadi və sosial dividendlər gətirəcəkdir.
İlham Əliyev siyasətinin daha bir təntənəsi bundan ibarətdir ki, Azərbaycan bütün bu nəhəng layihələrdən Ermənistanı tamamilə təcrid etməyə nail olaraq, işğalçı Ermənistanı nəinki region, bütün dünya üçün əhəmiyyətsiz və Cənubi Qafqaz bölgəsinin inkişafına mane olan, cinayətkar və kriminal rejim tərəfindən idarə olunan bir ölkə olduğunu sübut etmişdir.
Keçən bu 14 il ərzində Dağlıq Qarabağ probleminin həll olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası İlham Əliyev siyasətinin başlıca prioritetlərindən biri olaraq daima diqqət mərkəzində saxlanılmışdır. Bu məsələlər haqqında ətraflı məlumat verən deputat xüsusi qeyd etdi ki, on dörd il ərzində, məhz İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan ordusu tamamilə yenidən qurulmuş, ən müasir silahlar və hərbi texnika ilə təchiz olunmuş, onun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2016-cı ilin aprel döyüşlərində qazanılan möhtəşəm qələbə bunun real nəticəsidir deyən millət vəkili əminliklə bildirdi ki, Ali Baş Komandanımızın düşünülmüş siyasəti nəticəsində Böyük Qələbə Günümüz o qədər də uzaqda deyil.
Vurğulandı ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasəti yaşayır və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı gələcəkdə daha da möhtəşəm uğurlar gözləyir. Azərbaycanın işıqlı, uğurlu və etibarlı gələcəyi üçün biz səsimizi, mandatımızı yekdilliklə xalqımızın yeganə Lideri İlham Əliyevə veririk!
Sonra 11 aprel Prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək Səbailli veteranlara müşahidəçi vəsiqələri təqdim olundu.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” Birliyinin Səbail rayon şöbəsinin sədri ehtiyatda olan polkovnik Xətai Baxışov, müharibə veteranları Qalaqanov Yuriy Qriqoryeviç, Rövşən Cavadov, İradə Sadıqova, Altay Əliyev, aprel döyüşləri iştirakçısı Vəli Qasımov və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Hacan Hacıyev çıxış etdilər. Bütün çıxışlarda yekdilliklə ifadə olundu ki, Qarabağ veteranları həmişə dövlətə və dövlətçiliyə sədaqətləri ilə seçilmişlər. Səbail rayonun bütün müharibə veteranları və şəhid ailələri üzvləri seçki prosesində və ümumxalq səsverməsində həmişə olduğu kimi bu il də yaxından iştirak edəcək və hamılıqla Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının layiqli davamçısı, ölkə başçısı İlham Əliyevə səs verəcəklər. Qeyd olundu ki, bu gün Azərbaycan etibarlı əllərdədir və biz, Prezidentimizin ətrafında sıx birləşərək ən böyük dəyərimiz olan müstəqilliyimizi, ictimai-siyasi sabitliyimizi qorumalıyıq ki, Vətənimiz uğrunda şəhid olan qəhrəman Azərbaycan oğul və qızlarının da ruhu şad olsun. Azərbaycanda bu uğurlu inkişafı görən və möhtəşəm nailiyyətlərin davam etməsini arzulayan hər kəs yekdilliklə İlham Əliyevi dəstəkləyir! İLHAMLA İRƏLİ!
”SƏS” qazeti [PDF]
”Yeni Azərbaycan” qazeti [PDF]