Səbail rayon gəncləri “İlhamla İrəli!” deyir

Martın 27-də YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənclərlə “İLHAMLA İRƏLİ!” şüarı altında görüş keçirildi. Görüşdə 250-dən çox gənc iştirak etdi.

Çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bu il ilk dəfə səsverəcək olan gəncləri təbrik etdi və qeyd etdi ki, Prezident seçkilərində ilk dəfə iştirak etmək və öz siyasi iradəsini nümayiş etdirmək imkanı əldə etmək hər bir gəncin həyatında unudulmaz tarixi hadisədir. İlk dəfə səs vermək nə qədər şərəflidirsə, cənab İlham Əliyev kimi müdrik, cəsarətli, uzaqgörən Liderə, siyasətçiyə səs vermək ikiqat şərəflidir.

Millət vəkili ölkəmizdə aparılan dövlət gənclər siyasəti, gənclərimiz üçün yaradılmış təhsil və karyera imkanları, çoxsaylı təqaüd proqramları, eləcə də 2016-cı il Referendumunda gənclərimizin siyasi proseslərdə daha fəal iştirakının təmin edilməsi üçün əhəmiyyətli rol oynayan mühüm qərarlar barədə məlumat verərək bildirdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı ilbəil artır, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün genişlənir. Gənclər siyasəti İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biridir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının uğurlu icrası, cənab Prezidentin xüsusi sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yanında təsis olunmuş Gənclər Fondunun, Elmin İnkişafı Fondunun, Bilik Fondunun və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun çoxşaxəli fəaliyyəti ölkəmizdə gənclərə olan diqqət və qayğının əyani sübutudur. Məhz bu yüksək diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rolu gündən-günə artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyət həyatımızın bütün sahələrində, idarəetmə strukturlarının bütün pillələrində layiqincə təmsil olunur və adekvat işlər görürlər.

Ş.Hacıyev Azərbaycanda 90-cı illərin əvvəllərində gedən ziddiyyətli proseslər, ölkəmizi bürüyən mürəkkəb siyasi və iqtisadi böhran şəraiti, Azərbaycanın parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsi, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə tarixi müraciəti, Yeni Azərbaycan Partiyasının 550 nəfər partiya üzvünün iştirakı ilə təsis olunması və cəmi 7 ay sonra Heydər Əliyevin sivil və demokratik yolla siyasi hakimiyyətə gəlməsi, 1993-cü ilin iyunundan etibarən Azərbaycanda Ulu Öndərin rəhbərliyi ilə başlayan müstəqil dövlət quruculuğu prosesləri, siyasi və iqtisadi islahatlar, əsaslı sistem dəyişiklikləri, ordu quruculuğu, bir sözlə ölkə həyatının bütün sahələrinin inkişafını təmin edən misilsiz xidmətləri haqqında gənclərə geniş məlumat verdi.

2003-cü ildən başlayaraq sürətli inkişaf yoluna qədəm qoyan müasir Azərbaycanın ictimai-siyasi həyatındakı kəmiyyət və keyfiyyət dəyişikliklərini, makroiqtisadi mütləq və nisbi artım göstəricilərini illər üzrə müqayisəli şəkildə təhlil edən deputat son 14 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi cəsarətli, düşünülmüş və gələcəyə hədəflənmiş siyasəti nəticəsində müstəqil Azərbaycanın bütün sosial-iqtisadi sahələrdə əldə etdiyi misilsiz uğurlar, ölkəmizdə yüksələn dinamika ilə davam edən tərəqqi, reallaşdırılan çoxşaxəli və sistemli iqtisadi və siyasi islahatlar, həyata keçirilən və tarixi əhəmiyyət daşıyan transkontinental beynəlxalq enerji və nəqliyyat layihələri haqqında danışdı. Qeyd olundu ki, Azərbaycanda mövcud olan inkişaf və tərəqqi, əldə olunan möhtəşəm nailiyyətlərin əsasını əbədiyaşar Heydər Əliyev ideyaları və cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Azərbaycan bu gün iqtisadi, hərbi cəhətdən sözün əsl mənasında qüdrətli dövlətdir, milli iqtisadiyyatımız Cənubi Qafqaz iqtisadiyyatının 85%-ni təşkil edir. Azərbaycan ordusu yaxın coğrafiyanın ən güclü ordularından biri olmaqla, ən müasir silahlarla təchiz olunub, bu gün orduda xidmət edən Azərbaycan əsgəri yüksək döyüş hazırlığı ilə seçilir və Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın bir əmri ilə işğal altında olan torpaqlarızı azad etmək iqtidarındadır. Bu gün ən böyük dəyərimiz olan ictimai-siyasi sabitliyimiz, milli təhlükəsizliyimiz, ölkəmizdə formalaşmış multikultural-tolerant mühit heç də asan başa gəlməmişdir. Bütün bu misilsiz uğurlarımız, xüsusilə dünyada müşahidə olunan neqatif proseslər fonunda ölkəmizdəki siyasi, iqtisadi, sosial sabitliyimiz məhz düşünülmüş İlham Əliyev siyasətinin nəticəsidir.

Ş.Hacıyev gəncləri Azərbaycanı gələcəkdə daha böyük uğurlara aparan bu siyasəti davam etdirməyə, Liderimiz ətrafında sıx birləşməyə, seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-sabitliyin davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.

Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva bu il ilk dəfə səs verəcək gəncləri ürəkdən təbrik etdi və onları xalqımızın, dövlətimizin müqəddaratı ilə bağlı olan bu seçkilərdə maksimum fəal olmağa çağırdı. Bildirildi ki, biz bu gün cənab İlham Əliyevə səs verməklə və Ona növbəti Prezidentlik dövrü üçün mandat verməklə xalqımızın rifahına, inkişafına, Azərbaycanın gələcəyinə, öz gələcəyimizə, bundan sonra daha dinamik inkişaf edən qüdrətli Azərbaycanımıza səs vermiş olacağıq. Cənab İlham Əliyev ötən dövr ərzində öz fəaliyyəti ilə bizim bu seçimimizin düzgünlüyünü təsdiq edib. Bu gün Azərbaycan gənci son dərəcə məğrurdur, çünki onun bütün dünya prezidentləri ilə müqayisə oluna biləcək dərəcədə bacarıqlı, yüksək intellektli və Azərbaycanın yerini müəyyən edəcək qədər cəsarətli, güclü Lideri, Prezidenti var. YAP gəncləri “İLHAMLA İRƏLİ!” deyir və hamı bir nəfər kimi gələcəyimizin, sabahımızın və tərəqqimizin təminatçısı İlham Əliyevi dəstəkləyir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə və gənclərlə iş üzrə rektorun müşaviri, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyasına sədaqəti və ölkəmizdə gənclərimiz üçün yaradılmış şərait və imkanlar haqqında danışaraq, gənclərimizi 11 aprel tarixində ümumxalq Liderimiz İlham Əliyevə səs verməyə dəvət etdi.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin məsləhətçisi, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov Səbail rayon gənclərinin bütün ümumxalq seçkilərində olduğu kimi 11 aprel tarixində də öz sözünü deyərək mütəşəkkil şəkildə siyasi iradələrini nümayiş etdirəcəklərinə dair əminliyini ifadə etdi. Azərbaycan gənclərinin Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev siyasətinə sadiq olduqlarını vurğulayan F.Nəsibov Səabil gənclərini milli qürur mənbəyimiz olan və Azərbaycanımızı yalnız irəliyə və parlaq gələcəyə aparan İlham Əliyevi dəstəkləməyə səslədi.

11 aprel tarixinin Azərbaycanın gələcəyini bəlirləyəcək  dönüş nöqtəsi olduğunu diqqətə çatdıran Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov daim dəyişən dünyamızda müşahidə olunan mürəkkəb, qeyri-rasional və ziddiyyətli proseslər fonunda Azərbaycanın bu gün tam bir sabitlik “oazisi” olmasını cənab İlham Əliyevin böyük xidməti kimi qiymələndirdi. Dövlət siyasəti elmi dairələrdən və ya başqa ictimai qruplardan deyil, bilavasitə dövlət başçısından asılıdır və Azərbaycanın dinamik inkişafı, xalqımızın ilbəil yaxşılaşan rifahı bu siyasətin düzgünlüyündən xəbər verir. Yeni Azərbaycan Partiyasının nailiyətləri də, Lideri də gələcək hədəfləri də bəllidir. Bunun müqabilində Azərbaycan xalqının seçimi də bəllidir: Biz, 11 aprel tarixində növbəti 7 illik inkişaf dövründə nələrin baş verəcəyini müəyyənləşdirmək üçün müstəqil Azərbaycan dövlətçiliyini qoruyan, inkişaf etdirən və Azərbaycanı ən yüksək zirvələrə çıxaran Liderimizə səs verəcəyik. İLHAMLA İRƏLİ!

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva hazırda Azərbaycanda yüksək intellektli, bacarıqlı, xalqına, müstəqil dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq vətənpərvər gəncliyin formalaşdığını və gənc nəslin məhz bu ruhda böyüdüyünü qeyd edərək müasir Azərbaycan gəncliyinin üzərinə düşən yüksək məsuliyyət və başlıca vəzifələr haqqında danışdı. Bildirildi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Azərbaycanı dünyaya təqdim etdi və Azərbaycan bayrağını dünya dövlətləri arasında ucaltdı. Ulu Öndərin layiqli siyasi davamçısı cənab İlham Əliyev Azərbaycanımızı bütün dünyaya tanıtdı, müstəqil Azərbaycan Respublikasının siyasi-iqtisadi rolunu və çəkisini yüksəltdi və bu gün Azərbaycan bayrağını çox ucalarda dalğalandırır. Azərbaycan gənci bu gün yüksək səviyyədə təhsil almalı, yüksək ixtisaslı mütəxəssis kimi yetişməli və ona əmanət olunan şanlı Azərbaycan bayrağını daim ucalarda dalğalandırmalıdır. Əminik ki, Səbailin gəncləri hamı bir nəfər kimi 11 aprel günü seçki məntəqələrinə gələcək, özünün vətəndaşlıq mövqeyini və siyasi iradəsi nümayiş etdirəcək və qüdrətli Azərbaycanın inamlı sabahları üçün ümumxalq Liderimiz İlham Əliyevə səs verəcəklər.

Çıxış edən Akademik Dövlət Filarmoniyasının Mahnı və rəqs Ansamblının solisti və YAP Səbail “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatının üzvü Aydan Kamilova, Qərbi Kaspi Universitetinin tələbəsi Nağıyev Yadigar və 236 saylı məktəbin şagirdləri Kərimova Firuzə Sətiyeva Xədicə cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü genişmiqyaslı işlərdən, Azərbaycan dövlətçiliyi və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq, daha qüdrətli və dinamik inkişaf edən Azərbaycan naminə gəncləri cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırdılar.

Sonra YAP Səbail “Gimnastlar” ərazi ilk partiya təşkilatında partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olundu. Partiya vəsiqələrini yeni alan gənclər 11 aprel günü yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildirərək qeyd etdilər ki, respublikamızda və Səbail rayonda müşahidə olunan bu siyasi fəallıq dövründə partiya vəsiqəsi almaq onların həyatında xüsusi əlamətdar hadisə kimi yaddaşlara yazıldı.

Tədbirə yekun vuran Ş.Hacıyev Səbail rayonu gənclərinin hər zaman bütün ictimai-siyasi proseslərdə öncül rolunu vurğuladı və əminliyini ifadə etdi ki, Səbail gəncləri 11 aprel günündə mütəşəkkil qaydada seçki məntəqələrinə gələcək və cənab İlham Əliyevə səs verəcəklər. Biz bu seçki prosesini Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə başa vuracağıq. Yaşasın qüdrətli Azərbaycan! Yaşasın layiqli Liderimiz İlham Əliyev!

Yüksək əhval ruhiyyə ilə keçən tədbirdə Səbailli gənclər cənab İlham Əliyevi dəstəkləyən çoxsaylı şüarlar səsləndirdilər və yekdilliklə Ona səs verəcəklərini bildirdilər.

”İki Sahil” qazeti
”Yeni Azərbaycan” qazeti
”SƏS” qazeti