Səbail rayonu seçiciləri yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyirlər

11 aprel Prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Səbail rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Martın 28-də Səbail rayonu seçiciləri ilə növbəti görüş keçirildi.

300-dən çox seçicinin iştirak etdiyi görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının Lideri və vahid namizədi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ilbəil daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət, ölkəmizdə reallaşdırılan ardıcıl və sistemli siyasi, iqtisadi, sosial islahatlar, Azərbaycanın istər regionda, istər beynəlxalq səviyyədə qazandığı tarixi nailiyyətlər və misilsiz uğurlar haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, müasir Azərbaycanın bugünkü möhtəşəm uğurlarının təməlində cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, eləcə də müdrik, uzaqgörən Liderimizin idarəçilik məharəti, dünya iqtisadiyyatı və siyasətini mükəmməl bilməsi və bütün bu keyfiyyətləri özündə ehtiva edən cəsarətli, düşünülmüş və Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış uzaqgörən siyasəti dayanır. Məhz bu siyasət nəticəsində Azərbaycan son 15 il ərzində iqtisadi artım tempinə görə dünyanın ən sürətlə və dinamik templərlə inkişaf edən ölkəsinə çevrildi, bu dövr ərzində ölkə ÜDM-i 10 dəfədən çox artdı, dövlət büdcə gəlirləri 1,2 mlrd. manatdan 21 mlrd. manat məbləğinə qədər yüksəldi, ölkəmizdə sosial yönümlü iqtisadi inkişaf modeli əsasında vətəndaşların rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsinə nail olundu, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla icra olundu, gələcək məqsədləri və fəaliyyət planlarını əks etdirən strateji yol xəritələri təsdiq olundu. Nəticə etibarilə, Azərbaycanda əmək haqqı və təqaüdlərin, sosial müavinətlərin məbləğləri ilbəil artırıldı, işsizlik və yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azaldıldı, 2 milyona yaxın yeni iş yerləri yaradıldı, gənc, müstəqil dövlətimizin dayanıqlı inkişafı və milli təhlükəsizliyimiz fundamental əsaslar üzərində təmin olundu.

Bu dövr ərzində Azərbaycan cəmiyyətində formalaşan və qibtəolunacaq səviyyədə qərarlaşan ictimai-siyasi və iqtisadi sabitlik, təhlükəsizlik şəraiti, tolerant və multikultural mühit Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin əsasını təşkil edir. Bu gün Azərbaycanda misli görünməmiş və bir neçə il öncə xəyalımızda belə canlandıra bilməyəcəyimiz transmilli layihələr – Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurla istifadəyə verilməsi, 2017-ci ildə Əsrin Müqaviləsinin icra müddətinin 2050-ci ilə qədər uzadılması, transkontinental iqtisadi, siyasi və sosial əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılışı, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin və Cənub Qaz Dəhlizinin 99% icrasının tamamlanması, TANAP, TAP, layihələri üzrə işlərin tamamlanması ərəfəsində olması məhz İlham Əliyevin siyasi iradəsi, nüfuzu və idarəçilik məharəti nəticəsində həyata keçirildi.

Azərbaycanın gələcək hədəfləri və cənab İlham Əliyevin növbəti prezidentlik dövründə cəmiyyət həyatının bütün sahələrini – siyasi, iqtisadi, mədəni və sosial inkişafı, eləcə də xarici siyasət sahələrini özündə ehtiva edən platforması haqqında geniş məlumat verən millət vəkili bildirdi ki, postindustrial dövrünə qədəm qoyduğumuz və informasiya cəmiyyətinə, bilik iqtisadiyyatına doğru sürətlə inkişaf etdiyimiz bu dövrdə Azərbaycanın dünya siyasəti və iqtisadiyyatında rolu və yeri əhəmiyyətli dərəcədə artmış və möhkəmlənmişdir. İlham Əliyevin rəhbərliyi dövründə milli iqtisadiyyatımıza ümumilikdə 80 mlrd. manatdan çox xarici investisiya cəlb olunmuş, xarici ölkə iqtisadiyyatlarına 25 mlrd. manatdan çox sərmayə qoyulmuşdur. Azərbaycan artıq xarici ölkələrdə özünün “ikinci iqtisadiyyatını” formalaşdırmaqla beynəlxalq geniş təkrar istehsal zəncirinə qoşulmuş, dünya gəlirlərindən pay əldə etmək imkanı qazanmışdır. Diqqətə çatdırıldı ki, İlham Əliyev siyasətinin başlıca hədəfi növbəti Prezidentlik dövründə Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdan ibarətdir ki, bu da ölkəmizdə qüdrətli iqtisadiyyatın və yüksək rifahın təmin olması deməkdir.

Təbii ki, bütün bu hədəfləri biz yalnız və yalnız praqmatik Liderimiz İlham Əliyevlə reallaşdıra bilərik, çünki O, ötən dövr ərzində gördüyü genişmiqyaslı misilsiz işlərlə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Məhz Onun rəhbərliyi ilə bu gün ölkəmizdə müasir müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyət həyatımızda, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir. Bu siyasət bizi daha böyük uğurlara, tərəqqiyə və ümumxalq rifahına aparır. Azərbaycan ərazisinə, əhalinin sayına və iqtisadiyyatının həcminə görə kiçik ölkə olsa da, onun İlham Əliyev kimi böyük Lideri, müdrik və uzaqgörən rəhbəri vardır. Biz, daha qüdrətli Azərbaycan və etibarlı gələcəyimiz naminə birmənalı olaraq, Liderimiz ətrafında sıx birləşməli və partiyamızın vahid namizədini 11 aprel günü yekdilliklə dəstəkləməliyik.

Deputat Səbail rayon seçicilərini seçki prosesində hər zaman olduğu kimi fəal olmağa, ölkəmizdə gedən möhtəşəm proseslərdə daha yaxından iştirak etməyə və aprelin 11-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırdı.

Çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvü, “Yeni Azərbaycan” qazetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu ilk növbədə seçiciləri gələcək siyasi taleyimizə laqeyd olmamağa və 11 aprel seçkilərində siyasi iradələrini nümayiş etdirməyə çağırdı. 1918-ci ildə Şərqdə ilk demokratik Cümhuriyyət yaradan xalqımızın tarixin süzgəcindən keçib gələn siyasi mədəniyyətə sahib olduğunu diqqətə çatdıran H.Babaoğlu vurğuladı ki, İlham Əliyevin məharətli daxili siyasəti nəticəsində Azərbaycanda formalaşan intellektual cəmiyyətin bugünkü milli gücü Liderimizin rəhbərliyi altında dostda pərəstiş, düşməndə vahimə yaradır. Bu uğurlarımızın təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbi və azərbaycançılıq ideologiyası dayanır. Müasir dövrün mürəkkəb və ziddiyyətli konyukturunda xalqların tarix qarşısında dövlətçilik imtahanı verdiyini qeyd edən deputat bildirdi ki, müdrik Azərbaycan xalqı müqəddəratımızın həll oldunduğu bütün tarixi məqamlarda ən düzgün qərarı vermək və Liderini düzgün seçmək xüsusiyyəti ilə fərqlənmişdir. Əminik ki, xalqımız 11 aprel tarixində də öz işıqlı gələcəyi naminə ən düzgün qərarı verəcək və müasir Azərbaycanın son 14 ildə qürurla bəhs etdiyimiz bütün nailiyyətlərinin şəksiz memarı olan Liderimiz İlham Əliyevə səs verəcəkdir.

Görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova və Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Ağacan Əhmədov gördüyü işlərlə ümumxalq dəstək və etimadını qazanan möhtərəm Prezidentimiz İlham Əliyevin ötən dövr ərzində xalqımızın rifahının yaxşılaşdırılması, Azərbaycanımızın beynəlxalq simasının, nüfuzunun tamamilə dəyişilməsi istiqamətindəki misilsiz xidmətlərindən, dövlət siyasəti səviyyəsində Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, idmanının, ümumiyyətlə bütün ictimai-siyasi sahələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışaraq, bu nailiyyətlərin davamlı olması üçün seçiciləri partiyamızın Lideri cənab İlham Əliyevə səs verməyə dəvət etdilər.

Seçicilər adından danışan Dənizkənarı Buıvar İdarəsinin əməkdaşları Mahirə Nəsirova, Məhərrəm Məhərrəmli, Nigar Məmmədova və Aydın Cabbarov ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi üçün Prezidentimizə minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və 11 aprel seçki günü hamı bir nəfər kimi məntəqələrə gələrək Azərbaycan xalqının ən layiqli namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Yüksək əhval ruhiyyə ilə keçən görüşə yekun vuran Ş.Hacıyev bildirdi ki, son illərdə beynəlxalq təşkilatlar tərəfindən aparılan bütün reytinq sorğularında Azərbaycan cəmiyyətində cənab İlham Əliyevin reytinqi 90%-dən də yüksək müəyyənləşir. Bu beynəlxalq reytinq göstəriciləri, eləcə də bugünkü tədbirimizdə bütün çıxışlarda səsləndirilən fikirlər xalqımızın mütləq əksəriyyətinin Yeni Azərbaycan Partiyasının vahid namizədini dəstəklədiyini bariz şəkildə ifadə edir. Qədirbilən Azərbaycan xalqı Prezidentimizlə qürur duyur, çünki cənab İlham Əliyev ötən dövr ərzində Ulu Öndər Heydər Əliyev siyasətini məharətlə davam etdirərək, dövlət müstəqilliyimizi daha da möhkəmləndirdi, ictimai-siyasi sabitliyimizin qarantı oldu, sarsılmaz xalq-iqtidar birliyi yaratdı və Azərbaycanı regionun Lider dövlətinə və dünyada sayılıb-seçilən, söz sahibi olan ölkəyə çevirdi. Əminik ki, Ali Baş Komandanımızın qətiyyətli siyasəti ilə biz işğal altında olan torpaqlarımızı yaxın gələcəkdə azad edəcək və şanlı Azərbaycan bayrağını ərazi bütövlüyü bərpa olunmuş Vətənimiz üzərində qürurla dalğalandıracağıq!

11 aprel Prezident seçkilərində Səbail rayonu seçicilərinin yekdil seçimi Yeni dövrün Yeni Lideri İlham Əliyevdir!

”Yeni Azərbaycan” qazeti
”Səs” qazeti

Tədbirin videoyazısı
SəsTV
İctimaiTV
Ş.Hacıyevin təşviqat kampaniyası ilə bağlı SəsTV-yə müsahibəsi