29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə təyin olunmuş müşahidəçilərlə görüş keçirildi

Bu gün, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə təyin olunmuş müşahidəçilərlə görüş keçirildi.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev əvvəlcə müşahidəçilərə MSK tərəfindən çap olunmuş yaddaş kitabçalarını və digər zəruri materialları təqdim etdi və seçki müşahidəçisinin başlıca hüquq və vəzifələri, müşahidə aparılması qaydaları haqqında ətraflı məlumat verdi.

Bildirdi ki, müşahidəçi – seçkilərin keçirilməsi zamanı MSK və ya Dairə Seçki Komissiyası tərəfindən seçki prosesini müşahidə etmək səlahiyyəti verilmiş şəxsdir. Müşahidə prosesi seçki prosesinə heç bir namizədin və ya siyasi partiyanın mənafelərinə təsir göstərməməsi və müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktların nəzərə alınması prinsiplərinə əsasən aparılır.

Müşahidəçilər mətbuat azadlığına hörmət bəsləməli, öz peşə fəaliyyəti ilə məşğul olan KİV nümayəndələrinin işinə mane olmamalı, təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanuna zidd üsullarla seçiciləri səs verməyə, səs vermədən çəkindirməyə sövq etməməli, seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməməli, səsvermə və ya səslərin hesablanması prosesini pozmamalı, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etməli, hədə-qorxu, böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməməlidirlər.

Müşahidəçilərin seçki günü seçki məntəqəsinin səsvermə otağında olmaq, seçki komissiyasının iclaslarını müşahidə etmək, seçici siyahıları ilə tanış olmaq, səs vermiş seçicilərin sayını hesablamaq, seçki qutusundan çıxmış seçki bülletenlərinin sayılmasını müşahidə etmək, səsvermənin nəticələri haqqında protokolun doldurulmasını, seçki sənədlərinin yuxarı seçki komissiyalarına göndərilməsini müşahidə etmək kimi hüquqları mövcuddur.

Müşahidəçi tərəfindən seçicilərə seçki bülletenləri vermək, seçiciyə kimə səs verəcəyi və ya kimə səs verdiyi haqqında sual vermək, seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək, seçicinin xahişi ilə seçki bülletenini doldurmaq, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə səslərin sayılmasında birbaşa iştirak etmək, seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək, seçicinin seçiminə təsir etmək və ya gizli səsverməni pozmaq, seçicilər arasında təşviqat aparmaq, bu və ya digər namizədin, siyasi partiyanın lehinə, yaxud əleyhinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək, müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək, öz statusu ilə bağlı suallar istisna olmala seçicilərin suallarına cavab vermək və qanuna zidd olan digər hərəkətlər etmək qadağandır.

Sonra görüş iştirakçılarına seçki gününün prosedur qaydaları və prosesin gedişatında onların rolu barədə müvafiq təlimat və tapşırıqlar verildi. Qeyd olundu ki, bu prosesdə iştirak etmək hər bir Azərbaycan vətəndaşı üçün böyük şərəf və məsuliyyət deməkdir. Seçki günü Səbail rayonu üzrə ümumilikdə 40 seçki məntəqəsində müşahidəçi qismində fəaliyyət göstərmək üçün cəlb olunan şəxslərin əksəriyyəti təcrübəli insanlardır, dəfələrlə Prezident, Parlament, Bələdiyyə, Referendum kimi ümumxalq səsvermə proseslərində yaxından iştirak ediblər. Bütün bunlar Səbail rayonu üzrə təyin olunmuş müşahidəçilərin üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə təminat yaradır.

11 aprel Prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Səbail rayonu üzrə seçki qərargahının təbliğat-təşviqat kampaniyasını uğurla və böyük ruh yüksəkliyi ilə davam etdirdiyini, rayon seçiciləri ilə mütəmadi çoxsaylı görüşlərin keçirildiyini diqqətə çatdıran qərargah sədri bildirdi ki, istər respublikamızda, istərsə də Səbail rayonunda seçkilərlə bağlı çox yüksək əhval-ruhiyyə mövcuddur. Seçicilərimiz böyük maraq və həvəslə görüşlərdə iştirak edir, YAP-ın vahid namizədi cənab İlham Əliyevi yekdilliklə dəstəklədiklərini bildirirlər. Yerlərdə əhali, sadə vətəndaşlar arasında müşahidə etdiyimiz bu ruh yüksəkliyi deməyə əsas verir ki, bu il seçkidə ötən illərlə müqayisədə daha yüksək seçici fəallığı qeydə alınacaq. Bu da təbiidir. Çünki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ötən 14 illik Prezidentlik dövründə xalqımızın mənafelərinə xidmət edən fəaliyyəti və hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi siyasəti ilə xalqımızın etimadını, sonsuz məhəbbətini və hər bir vətəndaşımızın inamını qazanmışdır. 2003-cü ildən etibarən ölkəmizdə iqtisadiyyatın, sosial sferanın hər bir sahəsində inqilabi dəyişikliklər qeydə alındı, təkcə paytaxt Bakıda yox, bütün regionlarda infrastruktur tamamilə yeniləndi, çoxsaylı təhsil və tibb müəssissələri tikildi və istifadəyə verildi, Azərbaycan yaxın coğrafiyada ən təhlükəsiz və yaşamaq üçün əlverişli ölkəyə çevrildi, multikulturalizm və tolerantlıq dəyərlərinə əsaslanan dərin məzmunlu konsepsiya və özünəməxsus iqtisadi inkişaf modeli əsasında müstəqil dövlətçiliyimiz daha da möhkəmləndirildi, Azərbaycanın beynəlxalq nüfuzu xeyli yüksəldi və ölkəmiz dünyada özünəməxsus çəkisi və yeri olduğunu çoxsaylı transkontinental layihələrdə iştirakı ilə sübut etdi. Bütün bu misilsiz və tarixi əhəmiyyət kəsb edən nailiyyətlər ölkəmizdə aparılan və milli ideologiyamıza, mənafelərimizə xidmət edən Ulu Öndər Heydər Əliyev siyasətinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir çağrışlara uyğun olaraq onun daha da təkmilləşdirilməsi və modernləşdirilməsinin nəticələridir. Partiyamızın Lideri və vahid namizədi cənab İlham Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən seçilmiş müdrik və uzaqgörən rəhbər, müasir dövrümüzün görkəmli dövlət xadimidir. Bu gün cənab İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində əldə etdiyi misilsiz uğurlar və real nəticələrə görə hər prezidentə nəsib olmayan ümumxalq məhəbbəti qazanmış, sözün əsl mənasında xalqının və millətinin vahid Liderinə çevrilmiş, rəhbərlik etdiyi doğma Azərbaycanımızda sarsılmaz xalq-iqtidar birliyi formalaşdırmışdır. Bizim ən böyük dəyərimiz – müstəqilliyimiz və ölkəmizdə mövcud olan siyasi, iqtisadi və sosial sabitliyimizdir. Biz təbliğat-təşviqat kampaniyasında, seçicilərlə hər görüşümüzdə bütün bu faktları bir daha yada salır və deyirik ki, bugünkü ictimai-siyasi sabitliyimiz, iqtisadi inkişafımız, yüksək rifahımız və hamının həsəd apardığı müstəqil, modern, güclü Azərbaycanımız üçün Liderimizə minnətdarıq. Cənab İlham Əliyevin rəhbərliyi altında bu uğurlarımızın davamlı olması üçün Prezidentimizi, ailəmizi, özümüzü qorumalıyıq və YAP-ın vahid namizədi İlham Əliyevə səs verərək etibarlı gələcəyimizi təmin etməliyik!

Görüş, iştirakçıların suallarının cavablandırılması və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi ilə yekunlaşdı.