Səbail rayonunun qadın seçiciləri cənab İlham Əliyevin siyasətini dəstəkləyirlər
30.03.2018Martın 30-da YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində partiyanın namizədi cənab İlham Əliyevə seçkilərdə dəstək məqsədilə rayonun qadın seçiciləri ilə görüş keçirdi.
Görüşdə Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru prof. Nurlana Əliyeva, Səbail rayon 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Gülüstan Əliyeva, YAP Səbail rayon Qadınlar Şurasının sədri dos. Təranə Kərimova, YAP Səbail “Əbdülkərim Əlizadə 5” ərazi ilk partiya təşkilatının sədri Məlahət Qurbanova, gənc YAP fəalı Humay Həsənova, bu il ilk dəfə səs verəcək olan Nigar Ağayeva və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən digər fəal qadınlar çıxış etdilər.
Azərbaycan qadınının müasir cəmiyyətimizdəki rolu, mövqeyi və ölkəmizin dinamik inkişafındakı əvəzolunmaz töhfələri haqqında danışan Ş.Hacıyev bildirdi ki, bu gün müdrik Azərbaycan qadınları ictimai-siyasi həyatımızın bütün sahələrində kişilərlə yanaşı istər siyasi, istər iqtisadi arenada çox uğurla fəaliyyət göstərir, dövlət idarəçiliyi sistemində, parlamentdə və digər sahələrdə geniş miqyasda təmsil olunurlar, xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edirlər. Peşəkar fəaliyyətləri ilə yanaşı xüsusi siyasi fəallıqları ilə də seçilən qadınlarımız Yeni Azərbaycan Partiyasının sıralarında ölkəmizin tərəqqisinə öz töhfələrini verirlər. Təsadüfi deyil ki, 710 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir, həmçinin ölkə üzrə əhalinin 50,1 faizi, seçicilərin isə 50,78 faizi qadınlardır.
Səbail rayon seçki qərargahının təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə rayon sakinlərinin böyük ruh yüksəkliyi ilə iştirak etdiyini qeyd edən deputat bu kampaniya çərçivəsində cəmiyyətin bütün təbəqələri ilə və hər bir rayon seçisi ilə görüşməyi hədəflədiklərini vurğuladı. Hər bir ailədə qadının, ananın özünməxsus müqəddəs yeri və rolu olduğunu bildirən Ş.Hacıyev qadınlarımızın bu mənada 2018-ci il prezident seçkilərində də həlledici rol oynayacaqlarına dair əminliyini ifadə etdi. Çünki, qadın olan yerdə haqq, ədalət, şəfqət, zəriflik, tərbiyə, fədakarlıq və düzgün seçim var. Qadınlarımız hər şeydən öncə anadır və Vətənimizə, xalqımıza, dövlətçiliyimizə sadiq övladların, əsgərlərin, layiqli vətəndaşların yetişdirilməsində müstəsna rol oynayırlar. Azərbaycan qadınları hər zaman Prezidentimizin yanında olublar, ölkəmizdəki sabitliyin, əmin-amanlığın tərəfdarı olublar, bu yolda böyük fədakarlıqlar göstəriblər və hazırda da cəmiyyətimizdə sarsılmaz xalq-iqtidar birliyinin formalaşmasında əhəmiyyətli rola malikdirlər. Qarşıdan gələn seçkilərdə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də qadınlarımız öz sözünü deməli və vahid namizədimizə öz dəstəyini ifadə etməlidirlər.
Millət vəkili YAP-ın vahid namizədi, ölkə başçısı cənab İlham Əliyevin növbəti prezidentlik dövrü üçün hər bir Azərbaycan vətəndaşına, hər bir seçiciyə ünvanladığı platformasının əsas müddəaları haqqında, ötən 14 il ərzində ölkə rəhbərinin gördüyü işlər, qarşıda duran vəzifələr, yaxın və uzaq perspektivə hədəflənmiş məqsədlər barədə qadın seçicilərə ətraflı məlumat verdi. Bildirildi ki, bu gün Azərbaycanda qərarlaşmış siyasi, iqtisadi və sosial sabitlik həsəd aparılacaq səviyyədədir. Ölkəmizdə bütün mənalarda milli təhlükəsizlik, o cümlədən siyasi, iqtisadi, maliyyə, nəqliyyat, enerji, informasiya, ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycanın milli maraqları, hər bir Azərbaycan ailəsinin rifahı dayanır. İlham Əliyev siyasətinin ən mühüm uğurlarından biri Azərbaycanın sürətli inkişafı fonunda bədnam Ermənistanın yaxın coğrafiyamızda gedən bütün beynəlxalq proseslərdən, layihələrdən tamamilə təcrid olunması və bu kriminal dövlətin beynəlxalq hüquq normalarına sığmayan işğalçı və terrorist fəaliyyəti ilə regionda inkişafa birbaşa mane olan ölkə kimi tanınmasına nail olunmasından ibarətdir. Azərbaycan Silahlı Qüvvələrinin ilbəil daha da güclənməsi hər bir azərbaycanlının, şəhid analarının, bacılarının, övladlarının gələcəyə ümidini və əminliyini artırır ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz nəinki şəhidlərimizin qanını yerdə qoymayacaq, işğal altında olan torpaqlarımızı azad edəcək, eyni zamanda Azərbaycanın əzəli torpaqlarını da geri qaytacağıq. Cənab İlham Əliyev Azərbaycanı gələcəkdə daha da qüdrətli ölkəyə çevirəcək, biz bu gələcəyə vahid namizədimiz və Liderimizlə gedirik. 11 aprel günü hamımız gələcəyimizə, tərəqqimizə, uğurumuza, rifahımıza səs verəcəyik. Yeni qələbələrə doğru “İLHAMLA İRƏLİ!”
YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru prof. Nurlana Əliyeva ölkə ictimaiyyətinin seçki prosesinə yüksək əhval ruhiyyə ilə qoşulması haqqında danışaraq, bildirdi ki, seçicilərimizdəki bu ruh yüksəkliyi hər bir Azərbaycan vətəndaşının hazırda qürur və şərəf dövrünü yaşaması ilə bağlıdır. Ötən 14 il ərzində Azərbaycanın bütün sosial-iqtisadi sferalardakı inkişafı təəccüb doğuracaq dərəcədə dinamik və çoxşaxəli oldu. Bu yüksək nailiyyətlər üçün müdrik zəka, uzaqgörən siyasət, yüksək bacarıq, fərasət və hünər tələb olunur. Fəxarətlə qeyd edə bilərik ki, bizim ümumxalq Liderimiz, möhtərəm Prezidentimiz bütün bu vəzifələrin öhdəsindən məharətlə gəlir. Bu gün bəhs etdiyimiz möhtəşəm uğurların sahibi Azərbaycan xalqı və təminatçısı güclü Liderimiz İlham Əliyevdir. İlham Əliyev siyasəti ölkəmizi, bizi, övladlarımızı əmin-amanlığa, tərəqqiyə, sabitliyə aparır. 11 aprel günü hamımız bir nəfər kimi səfərbər olmalı və bütün dünyaya nümayiş etdirməliyik ki, biz Liderinə minnətdar olan və Ona inanan, öz gələcək taleyimiz barədə düzgün qərarlar verə bilən xalqıq. Biz sabit ölkədə yaşamağa qərarlıyıq və bunun üçün də vahid Liderimizi ürəkdən dəstəkləyirik.
Səbail rayonu 6 nömrəli məktəb-liseyin direktoru, Əməkdar müəllim Gülşən Orucova son illərdə təhsil sistemimizin inkişafı, bu sahədə aparılan genişmiqyaslı islahatlar və ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil imkanları yaratdığı üçün bütün təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını bildirdi. Azərbaycanı bütün dünyaya güclü, müstəqil dövlət kimi tanıdan ölkə başçısının məhz 6 nömrəli məktəb-liseyin məzunu olması ilə fəxr etdiklərini vurğulayan G.Orucova diqqətə çatdırdı ki, bu gün bütün Azərbaycan gəncləri ölkəmizlə, Prezidentimizlə qürur duyur və gələcəyə məğrur addımlayır. Əminik ki, bütün bu faktorlar 11 aprel günü cənab İlham Əliyevin möhtəşəm qələbəsini təmin edəcəkdir.
Xalq artisti Gülyanaq Məmmədova ölkə başçısının sənət adamlarına, incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq, YAP-ın və ölkə başçısının xalqımızın qarşısındakı misilsiz xidmətlərindən dərin minnətdarlıq hissi ilə bəhs etdi. Mədəniyyət işçilərinin də yekdil seçiminin sevimli Prezidentimiz cənab İlham Əliyev olduğunu vurğulayan Xalq artisti Azərbaycanın xoşbəxt gələcəyi naminə 11 aprel günü hamını vahid Liderimizi dəstəkləyə dəvət etdi.
Əməkdar artist Gülüstan Əliyeva respublikamızın bütün bölgələrində qastrol səfərlərində olduğunu və bölgələrimizdə əhalimizin yüksək seçki əhval-ruhiyyəsi ilə yekdilliklə cənab İlham Əliyevi dəstəklədiklərinin şahidi olduğunu bildirdi. “Bəşəriyyət qadınlarla güləcək” kəlamını xatırladan Əməkdar artist qadınlarımızı daha da fəal olmağa və ölkəmizdə gedən möhtəşəm proseslərdə daha da yaxından iştirak etməyə çağırdı.
YAP Səbail rayon Qadınlar Şurasının sədri dos. Təranə Kərimova Azərbaycan cəmiyyətinin hazırda yüksək mərama kökləndiyini qeyd edərək, 11 aprel tarixində xalqımıza şərəf gətirəcək qələbənin təmin olunması üçün qadınlarımızın kəmiyyət parametrləri ilə yanaşı milli mental, ləyaqət, fədakarlıq kimi keyfiyyət parametrlərinə də sahib olduğunu vurğuladı. Əminik ki, xalqımız seçki günü öz iradəsini ortaya qoyacaq və “Xarizmatik Lider – Sədaqətli Xalq” tandemini uğurla nümayiş etdirərək cənab İlham Əliyevə növbəti 7 il üçün mandat verəcəkdir.
YAP Səbail “Əbdülkərim Əlizadə 5” ərazi ilk partiya təşkilatının sədri Məlahət Qurbanova, gənc YAP fəalı Humay Həsənova və bu il ilk dəfə səs verəcək olan Nigar Ağayeva ölkəmizdəki sabitlik və inkişaf, etibarlı gələcəyimiz üçün cənab İlham Əliyevi dəstəklədiklərini bildirdilər və əminliklərini ifadə etdilər ki, 11 aprel günü vahid Liderimizin qələbəsi ilə başa çatacaq və ümumxalq bayramımıza çevriləcəkdir.
Bütün çıxışlarda və namizədimizin şərəfinə səsləndirilən şüarlarda əminliklə ifadə olundu ki, son illərdə cənab İlham Əliyevin məharətli idarəçiliyi ilə cəmiyyət həyatımızın bütün sahələrində qazanılan uğurlar 11 aprel seçkilərində YAP-ın möhtəşəm qələbəsinə tam zəmin yaradr. Qeyd olundu ki, Səbail rayon qadınları “İLHAMLA İRƏLİ!” şüarı altında bu seçkilərdə də stabilliyə, inkişafa, xoşbəxt gələcəyə və bütün bunların təminatçısı olan vahid Liderimizə – cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirin videoyazısı
İTV