1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirildi
01.04.2018Martın 30-da YAP Səbail rayon təşkilatının qərargahında 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Seminar-“dəyirmi masa” formatında təşkil olunmuş tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, rayon partiya təşkilatının Şura üzvləri, tələbələr və gənc partiya fəalları iştirak etdilər.
İlk öncə soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü il açan Ş.Hacıyev qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına qarşı əsrlər boyu zaman-zaman törədilən etnik təmizləmə və soyqırım aktlarının qan yaddaşımıza əbədi həkk olunduğunu qeyd edərək bildirdi ki, bu gün Parlamentin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş xüsusi plenar iclası keçirildi və Milli Məclisi tərəfindən o dövrün hadisələrini, azərbaycan türklərinə və müsəlman əhaliyə qarşı törədilən bu qanlı qırğının səbəblərini və günahkarlarını, bu hadisələrdən çıxarılan nəticələri və qarşıda dyran vəzifələri hərtərəfli şəkildə əks etdirən Bəyannamə qəbul olundu. Qərara alındı ki, bu Bəyannamə bütün beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərilsin və Azərbaycanın haqq səsi, xalqımıza qarşı ermənilər tərəfindən əsrlər boyu törədilən qanlı soyqırım aktları, bu iblis xislətli millətin kriminal və təcavüzkar iç üzü bir daha bütün dünya ictimaiyyətinə bəyan edilsin.
Tarixə nəzər yetirərək millət vəkili qeyd etdi ki, 1918-ci ilin mart soyqırımına səbəb olan hadisələrin tarixi kökləri hələ Rusiya çarı Birinci Pyotrun dövründən etibarən formalaşmağa başlamışdır. Qeyd olundu ki, Çar Rusiyasının isti dənizlərə çıxmaq istəyi, bu məqsədlə Osmanlı Türkiyəsinin ərazilərini və Qafqazı işğal etmək niyyəti, eyni zamanda türk xalqları arasında əzəli coğrafi bağların qopardılması kimi xain planları ermənilərin mif və ideologiyadan başqa bir şey olmayan Böyük Ermənistan xülyasını gerçəkləşdirmək üçün tarixi fürsət yaratdı. Məhz bu səbəblər regionda öz geosiyasi və coğrafi mövqeyinə görə daima böyük güclərin diqqət mərkəzində olan Azərbaycan xalqının başına gələn tarixi faciələrin başlanğıcını qoydu. Belə ki, xalqımızın taleyi üzərində qurulan bu məkirli planların davamlı və ardıcıl olaraq həyata keçirilməsi nəticəsində Birinci Dünya Müharibəsinə qədər İrandan, Osmanlı Türkiyəsi ərazisindən 1 milyon nəfərdən çox erməni əhalisi köçürülərək İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqlarının ən münbit torpaqlarında yerləşdirildi, beləliklə də Azərbaycanın əzəli torpaqlarında süni surətdə Ermənistan dövləti yaradıldı. Bundan sonrakı dövrlərdə də ölkəmizə ərazi iddialarını və etnik təmizləmə siyasətlərini davam etdirən ermənilər xalqımıza qarşı dəfələrlə qanlı soyqırım aktları törətdilər, tarixi-memarlıq abidələrini, məscidləri, qəbirstanlıqları, ümumiyyətlə bütün maddi-mədəniyyət nümunələrimizi məhv etdilər və saxtalaşdırmağa başladılar. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənilər Azərbaycan xalqının təbii tarixi düşmənləridir və biz bu həqiqəti heç vaxt unutmamalıyıq.
Eyni zamanda deputat öz çıxışında vurğuladı ki, yaxın tariximizdə baş vermiş qanlı faciələrə baxmayaraq bu günə qədər Azərbaycanın dünya xəritəsindən silinməməsi, mövcudluğunu və müstəqilliyini qoruyub saxlamasıi və tərəqqiyə doğru inamla addımlamasının başlıca səbəbi xalqımızın əsrlər boyu mənfur qüvvələrin məkirli planlarına qarşı qəhrəmanlıqla mübarizə aparmasıdır. Bununla bağlı, 1918-ci il mart hadisələrini misal çəkən Ş.Hacıyev qeyd etdi ki, bu dövrdə Azərbaycanın türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlar həyata keçirmiş Şaumyanın başçılıq etdiyi 4 mindən çox erməni-bolşevik silahlı dəstələrinə qarşı xalqımız tərəfindən layiqli müqavimət göstərilmişdir. Bu mübarizədə Osmanlı Türkiyəsinin ölkəmizə göstərmiş olduğu əsl qardaşlıq nümunəsi də möhtəşəm qələbələr tariximizdə şanlı bir səhifə açdı. Belə ki, yarısı Osmanlı əsgəri, digər yarısı isə Azərbaycan türklərindən ibarət könüllülərdən təşkil olunmuş, 20 min nəfərdən çox canlı qüvvəyə malik Qafqaz İslam Ordusu türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qısa müddətdə qarşısını almağa və ölkəmizi erməni-bolşevik birləşmələrindən təmizləməyə nail oldular. Nuru Paşanın rəhbərliyi ilə ilk gəlişində Gəncədə yerləşən Qafqaz İslam Ordusu sürətlə erməni-daşnaklarının əlində olan Göyçay, Ağsu, Kürdəmir, Şamaxı və digər əraziləri, nəhayət 1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan tamamilə azad etdi. Biz, xüsusilə də gənclərimiz bu həqiqətləri, qəhrəmanlıq tariximizi incəliyinə qədər bilməli və xalqımızın gücünə inanaraq gələcək hədəflərimizə doğru qətiyyətlə addımlamalıyıq. Eyni zamanda dostumuzu-düşmənimizi tanımalıyıq ki, Azərbaycan xalqı bir daha belə faciələr yaşamasın.
Millət vəkili çıxışını davam etdirərək qeyd etdi ki, xalqımıza qarşı bu etnik təmizləmə siyasəti, qanlı soyqırım aktları 1918-ci ildən sonra da davam etdirildi, 1948-1953, 1988-1989-cu illərdə azərbaycanlılar öz əzəli torpaqlarından qovuldu və XX əsrin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımı baş verdi. Bütün bu hadisələr uzun müddət təhrif olundu, bu siyasi cinayətlərə layiqli qiymət verilmədi. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanda ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olundu. 2003-cü ildən sonra da aparılan düzgün siyasət nəticəsində ölkəmiz informasiya blokadası şəraitindən tamamilə azad oldu, soyqırım həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində böyük addımlar atıldı. Artıq 20 ildir ki, 31 mart – azərbaycanlıların soyqırımı ilə bağlı dövlət səviyyəsində anım mərasimləri və tədbirləri keçirilir. Xüsusilə XX əsrin ən qanlı, ən müdhiş və ən qəddar faciəsi olan Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırım aktı kimi tanınması üçün dövlətimiz, diaspora təşkilatlarımız məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işləri xüsusi qiymətləndirmək lazımdır. Məhz aparılan düzgün, ardıcıl siyasətin nəticəsidir ki, Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır. Belə ki, indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən Xocalı soyqırımı tanınıb və pislənilib. Bundan başqa, 57 üzv ölkəsi olan İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb və bununla bağlı 13 sənəd qəbul edib.
Daha sonra millət vəkili dünya nizamının tamamilə dəyişdiyi müasir dövrdə müstəqil Azərbaycanımızın iqtisadi və hərbi qüdrətindən danışaraq bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev böyük güclərin ölkəmizdə toqquşan maraqlarını çox məharətlə balanslaşdırır. Dünya sərvətinin böyük hissəsinə nəzarət edən xristian birliyinin hökmran olduğu dünyada türk və müsəlman aləminin kiçik bir parçası olan Azərbaycan bu gün öz gücünə informasiya blokadasını tamamilə aradan qaldırmağa, Vətənimiz haqqında ermənilərin uydurduqları yalanları və təhrif olunmuş məlumatları ifşa etməyə nail olub. Bizim tariximiz qəhrəmanlıq səhifələri və şanlı qələbələrlə dolu olan böyük türk millətinin tarixidir. Bu gün Azərbaycan xalqının iradəsini ən ali beynəlxalq tribunalarda layiqincə ifadə edə bilən və ümumxalq etimadını qazanaraq bütün xalqı öz arxasınca apara bilən güclü Liderimiz var. Qarşıdan Prezident seçkiləri gəlir. Biz bu seçkilərdə partiyamızın namizədi və sədri, ölkə başçısı cənab İlham Əliyevi dəstəkləyəcəyik. Bu, bütün gənclərimizin, Vətənini, torpağını sevən hər bir azərbaycanlının qəti fikridir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın qüdrətli Azərbaycan! Yaşasın qədirbilən Azərbaycan xalqı! Yaşasın Azərbaycanımızı yeni qələbələrə doğru inamla aparan Liderimiz İlham Əliyev!
Çıxış edən tarixçi alim, Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri prof. Hidayət Cəfərov 1918-ci il mart hadisələri, bu faciənin səbəbi, miqyası, məqsədi, icraçıları, qurbanları və nəticələri haqqında auditoriyaya ətraflı məlumat verdi. Qeyd olundu ki, vahid Azərbaycanın parçalanmasının başlanğıcı olan Gülüstan və Türkmənçay müqavilələri dövründən etibarən bu torpaqlarda tarix boyu dövləti olmayan ermənilərin məqsədli şəkildə Azərbaycanın əzəli torpaqlarına köçürülməsi başlanmışdır. Sözügedən mart hadisələri etnik zəmində azərbaycanlılara qarşı məqsədli törədilmiş kütləvi soyqırım aktı olsa da, uzun müddət qərəzli şəkildə tarixi mənbələrdə vətəndaş müharibəsi kimi qələmə verilmişdir. 1918-ci ilin martın 30-dan Bakıda, Şamaxıda, Qubada, İrəvanda kütləvi şəkildə başlayan qətliamlar aprelin 7-sinə kimi davam etdi, nəticədə 10-15 min azərbaycanlı vəhşicəsinə və insanlığa sığmayan qəddarlıqla qətlə yetirildi. Bu tarixidir, lakin bizlər bu gün müasir müstəqil Azərbaycan Respublikasının vətəndaşları kimi bu tarixi yaşatmalı, unutdurmamalı və əzəli düşmənimizi yaxşı tanımalıyıq ki, bu ağrılı, acılı tarix təkərrür etməsin.
Azərbaycan xalqının tarix boyu müxtəlif məhrumiyyətlərə düçar olmasını ürək yanğısı ilə qeyd edən YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev bildirdi ki, Azərbaycan heç vaxt bu gün olduğu kimi güclü, qüdrətli ölkə olmayıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı müstəqil, cəsarətli və milli-mənəvi dəyərlərimizə, soy-kökümüzə əsaslanan düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan yaxın coğrafiyada öz sözünü deyən, dünya ölkələri arasında sayılıb-seçilən və böyük güclərin hesablaşdığı ölkəyə çevrilib. Hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə öhdəsinə düşən vəzifələri, məsuliyyəti dərk etməli, xalqımız, Vətənimiz barədə həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırmaq və bədnam qonşularımızın riyakar yalanlarını üzə çıxarmaq üçün əlindən gələni əsirgəməməlidir.
Tədbirdə soyqırım faciəsinə həsr olunan anım şerləri səsləndirildi, Azərbaycanın əzəli torpaqlarından didərgin salınmış məcburi köçkün və qaçqın ailələrinin nümayəndələri çıxış etdilər. Çıxışlarda erməni vandalizmi qətiyyətlə pislənildi, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə daha dolğun çatdırılması üçün dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi davamlı tədbirlər yüksək qiymətləndirildi.