Səbail rayonunda Şanlı Aprel Qələbə Günləri qeyd olundu

Aprelin 2-də YAP Səbail rayon təşkilatının qərargahında Şanlı Aprel Qələbəsinin ikinci ildönümü münasibətilə tədbir keçirildi.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlət ordu quruculuğu siyasətinə həsr olunmuş və gənclərimizdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi daşıyan “Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, Həbibbəy Mahmudbəyov adına 2 №-li liseyin təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məsul əməkdaşları, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Emin Səfərov, Aprel döyüşlərinin iştirakçıları: polkovnik-leytenant Namiq Cavadov, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “İgidlik ordeni” ilə təltif olunmuş mayor Faiq Qasımov, “Azərbaycan bayrağı ordeni” ilə təltif olunmuş gizir Tahir Misirxanov, Aprel döyüşlərinin qazisi Ramin Hümbətov, Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancan gizir Asim Əliyev, Aprel şəhidləri Vüqar Süleymanovun və Cabbarxan Hacıağayevin valideynləri, “Əsgərə xatirə kitabı” layihəsinin müəllifi Nuranə Şıxəliyeva və çoxsaylı məktəblilər, gənclər, müəllimlər və Səbail rayon sakinləri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qazilərimizə, Vətənimizin keşiyində duran zabitlərimizə, əsgərlərimizə cansağlığı arzulandı.

Prof. Şəmsəddin Hacıyev qəhrəman hərbiçilərimizi, Aprel döyüşlərində şücaət göstərmiş və ölkə rəhbəri, Ali Baş Komandanımızın xüsusi sərəncamları ilə respublikamızın yüksək mükafatlarına layiq görülmüş döyüşçülərimizi, qazilərimizi, bütün qonaqları ürəkdən salamladı. İki il öncə təbii düşmənlərimiz olan mənfur ermənilərin növbəti təxribatının qarşısını alaraq əks hücum əməliyyatı keçirən Azərbaycan ordusunun böyük igidlik göstərərək düşmənə sarsıdıcı zərbələr vurması, bir neçə saat ərzində 20 ildən çox işğal altında olan 2 min hekdardan çox ərazimizin düşməndən azad olunması və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən “Lələtəpə” və digər yüksəklikləri ələ keçirməsi haqqında qürur hissi ilə danışan deputat vurğuladı ki, Aprel döyüşləri zamanı qorxaq xislətli ermənilər öz xain yaradılışlarına uyğun olaraq Azərbaycan ordusu, qəhrəman Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmədilər və silah-sursatlarını ataraq döyüş meydanından biabırcasına qaçdılar. Beləliklə, Azərbaycan ordusu bir neçə gün ərzində erməni ordusunun məğlubedilməzliyi haqqında uydurduqları miflər darmadağın edildi və Azərbaycan ordusunun üstünlüyü, onun nəyə qadir olduğu bir daha sübut olundu.

Millət vəkili möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın rəhbərliyi ilə 14 il ərzində Azərbaycan ordusunun sözün əsl mənasında yenidən qurularaq modernləşməsi, onun yaxın coğrafiyada və dünyada yüksək reytinq qazanmasını dövlətimizin, ölkə başçısının orduya olan yüksək diqqət və qayğısının nəticəsi kimi qiymətləndirərək, son dövrlərdə Azərbaycan ordusunun maddi-texniki bazasının və infrastrukturunun əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, onun ən yeni və müasir silahlarla təchiz edilmasi, ordunun döyüş qabiliyyətinin yüksəlməsi, ordumuz üçün ayrılan Dövlət büdcə vəsaitinin ilbəil daha yüksək temlə artırılması, əsgərlərimiz üçün ən müasir tələblərə cavab verən şəraitin yaradılması və ordu ilə xalq birliyinin möhkəmliyi haqqında ətraflı danışdı. Qeyd olundu ki, cəmiyyətimizdə mövcud olan sarsılmaz xalq-iqtidar birliyi ilə yanaşı, bu dövrdə xalq-ordu-iqtidar birliyi də nəzərəçarpacaq dərəcədə yüksək səviyyəyə qalxmışdır. Dünyada baş verən verən müharibələr, terrorlar, separatçı meyllər, günü-gündən artan ziddiyətlər, qarşıdurmalar, təhdidlər və qeyri-müəyyənliklər fonunda, bu gün Azərbaycanda hökm sürən siyasi, iqtisadi və sosial sabitlikdən, təhlükəsiz və tolerant-multikultural mühitdən iftixarla danışan millət vəkili, bütün bunların əldə olunmasını Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirdi.

Milli iqtisadiyyatımızın ardıcıl olaraq dinamik inkişafı ictimai-siyasi həyatımızın bütün sahələrinin, xüsusilə milli təhlükəsizliyimizin təminatçısı olan ordumuzun da güclənməsində müstəsna rol oynayır. Azərbaycanın dağılmaq, məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə ölkəmizdə başlayan mütəşəkkil, nizami ordu quruculuğu haqqında danışan Ş.Hacıyev bildirdi ki, bu illər ərzində aparılan düşünülmüş və gələcəyə hədəflənmiş cəsarətli, müstəqil siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin strukturu tam formalaşdı, maddi-texniki bazası gücləndi, ən müasir silahlarla təchiz olundu, hərbi heyətinin döyüş qabiliyyəti və hazırlıq səviyyəsi xeyli yüksəldi. Yalnız bir rəqəmi qeyd etmək kifayətdir ki, 2003-cü il Azərbaycanda hərbi xərclər 163 mln. dollar həcmində idisə, bu gün hərbi xərclərimiz 2,5 mlrd. dollar həcmindədir. Ordu quruculuğuna bu həcmdə vəsaitin ayrılmasını böyük nailiyyət kimi qiymətləndirən Ş.Hacıyev, müqayisə üçün təcavüzkar Ermənistanın hərbi xərclərinin hazırda cəmi 263 mln. dollar təşkil etdiyini və Azərbaycanın yalnız hərbi büdcəsinin Ermənistanın bütövlükdə büdcəsindən xeyil çox olduğunu diqqətə çatdırdı. Ali Baş Komandanımızın müdrik və uzaqgörən siyasətinin daha bir təntənəsi, bu siyasət nəticəsində işğalçı Ermənistanın nəinki bu bölgə üçün, eləcə də dünya üçün əhəmiyyətsiz bir ölkəyə çevrilməsidir. Artıq bütün beynəlxalq ictimaiyyət etiraf edir ki, Ermənistan özünün dekonstruktiv və aqressiv siyasəti ilə Cənubi Qafqaz regioununda inkişafa, tərəqqiyə birbaşa mane olan faktordur. Biz ordumuzla, qəhraman əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik və əminik ki, əzəmətli ordumuz Ali Baş Komandanımızın Azərbaycan Silahlı Qüvvələri qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən şərəflə gəlmək iqtidarındadır.

Biz son illərdəki əldə etdiyimiz misilsiz uğurlarımız, bütün sosial-iqtisadi sahələrdə şahidi olduğumuz inqilabi dəyişikliklər üçün möhtərəm Prezidentimizə minnətdar olmaqla yanaşı, cəmiyyətimizdə möhkəm qərarlaşmış xalq-ordu-iqtidar birliyini də daha da gücləndirməliyik. Bunun üçün, 11 aprel günü Prezidentimizə olan inam və etimadımızı bir daha nümayiş etdirməli və seçki məntəqələrinə gələrək Ali Baş Komandanımıza, partiyamızın Lideri və vahid namizədi cənab İlham Əliyevə yekdilliklə növbəti 7 il üçün mandat verməliyik. Əminik ki, Ali Baş Komandanımızın qətiyyətli siyasəti nəticəsində şanlı Azərbaycan bayrağı tezliklə işğaldan azad olunmuş rayonlarımız, Şuşa və Xankəndi üzərində dalğalanacaqdır. Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandanımız! Yaşasın İlham Əliyev!

Çıxış edən Müdafiə Nazirliyinin İctimai əlaqələr bölməsinin rəisi Emin Səfərov, Aprel döyüşləri iştirakçıları – polkovnik-leytenant Namiq Cavadov, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “İgidlik ordeni” ilə təltif olunmuş mayor Faiq Qasımov, “Azərbaycan bayrağı ordeni” ilə təltif olunmuş gizir Tahir Misirxanov və Aprel döyüşlərinin qazisi Ramin Hümbətov ordumuzda mövcud olan böyük ruh yüksəkliyi, döyüş əzmi, ölkəmizdə aparılan dövlət ordu quruculuğu siyasəti və Azərbaycan əsgərinə olan diqqət və qayğıdan danışaraq qeyd etdilər ki, 2016-cı ilin aprel günlərində biz, xalq olaraq, çoxdan həsrətində olduğumuz şərəfli qələbə hissini yaşadıq. Bu gün Azərbaycan əsgəri hərbi formasını qürurla daşıyır və istənilən anda əzəli düşməniz qarşısında öz sözünü deməyə hazırdır.

Aprel şəhidləri Vüqar Süleymanovun və Cabbarxan Hacıağayevin valideynləri şəhid övladları ilə qürur duyduqlarını vurğulayaraq, Allahdan cümlə şəhidlərimizin pak ruhunun səngərdə Vətən keşiyində duran əsgərlərimizi qorumasını dilədilər.

“Əsgərə xatirə kitabı” layihəsinin müəllifi Nuranə Şıxəliyeva və Səbail rayonu 2 №-li liseyin tarix müəlliməsi Sevil Nəsibova Bakının çoxsaylı məktəblərinin müəllim-şagird kollektivinin birgə iştirakı ilə reallaşan layihə haqqında danışaraq, gənc nəslin milli vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğuladılar.

Bugünkü görüşdə hər kəsin Azərbaycanımızla, qəhrəman, şücaətli ordumuzla bağlı böyük qürur hissi keçirdiyini bildirən YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyev igid döyüşçülərimizə Vətənə şərəfli xidmətləri üçün təşəkkürünü bildirdi.

Tədbirdə “Əsgərə xatirə kitabı” layihəsinin reallaşmasında yaxından iştirak edən Səbail rayonu Həbibbəy Mahmudbəyov adına 2 №-li liseyin, Nizami rayonu 272 saylı məktəbin, Ağdam rayonu 149 saylı köçkün məktəbinin, Azərbaycan-Avropa liseyinin, Azərbaycan-Britaniya kollec-məktəbinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Kürdəxanı Kənd Mədəniyyət evinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin və Alpaqut Federasiyasının rəhbərləri, müəllim, tələbə və şagirdləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi mükafatları ilə təltif olundular.

Tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında bədii hissə ilə yekunlaşdı.