Səbail rayonunun mədəniyyət və incəsənət xadimləri YAP-ın namizədinə səs verəcəklər

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin seçki qərargahının üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun mədəniyyət və incəsənət işçiləri ilə görüş keçirdi.

Görüşdə Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov,  Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti prof. Azər Paşa Nemətov, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Xalq artisti Amaliya Pənahova, Xalq artistləri Hacı İsmayılov, Arif Quliyev, eləcə də rayonun mədəniyyət və incəsənət xadimləri, mədəniyyət sahəsində çalışan əməkdaşlar, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının, Azərbaycan Dövlət Musiqili Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Bakı Bələdiyyə Teatrının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin, Milli Azərbaycan Tarix Muzeyinin, Beynəlxalq Muğam Mərkəzinin, 12 №-li Musiqi məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin, rayonun çoxsaylı idarə və təşkilatlarının nümayəndələri, Səbail rayonu sakinləri, partiya fəalları, gənclər, tələbələr iştirak etdilər.

Mədəniyyət işçilərini ürəkdən salamlayan prof. Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin cəmiyyətimizin bütün sosial-iqtisadi sahələrində olduğu kimi, milli mədəniyyətimizin, musiqimizin, teatrımızın inkişafındakı müstəsna xidmətlərindən danışaraq bildirdi ki, milli mədəniyyətimizin inkişafı bütün dövrlərdə Heydər Əliyev siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil etmişdir. Müstəqilliyimizin ilk illərindən fərqli olaraq, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan mədəniyyətinə münasibət köklü surətdə dəyişdi. Təkrarolunmaz sərvətimiz olan milli teatr, incəsənət, kino, musiqi, memarlıq sahəsində dövlət siyasəti, bu sahədə qəbul olunmuş çoxsaylı Qanunlar, Fərmanlar, Sərəncamlar, Dövlət Proqramları mədəniyyətimizin son illərdə yüksəlişində, bu sahədə müsbət ənənələrin qorunmasında və Azərbaycan milli mədəniyyətinin dünyada tanıdılmasında, təbliğində əvəzolunmaz rol oynamışdır. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti uzun illərdir ki, nəinki ləyaqətlə davam etdirir, hətta ən yüksək səviyyəyə qaldırmışdır. Azərbaycan mədəniyyət işçiləri bütün bu diqqəti, qayğını və sevgini yaxından hiss edir və yüksək qiymətləndirirlər.

Deputat ölkəmizdə, əhali və seçicilər arasında mövcud olan yüksək seçki əhval-ruhiyyəsi, paytaxt Bakıda, Azərbaycanın regionlarında, o cümlədən Səbail rayonunda aparılan geniş təbliğat-təşviqat kampaniyası, bu çərçivədə seçicilərlə, rayon sakinləri ilə keçirilən çoxsaylı görüşlərdə seçicilər arasında nəzərə çarpan böyük ruh yüksəkliyi, fəallıq və Yeni Azərbaycan Partiyasının vahid namizədi, ölkə başçısı cənab İlham Əliyevə olan ümumxalq məhəbbəti və dəstəyi haqqında danışaraq, qeyd etdi ki, bütün bu görüşlərdə apardığımız müşahidələr göstərir ki, Azərbaycan cəmiyyətində cənab İlham Əliyevlə müqayisə olunabiləcək ikinci namizəd yoxdur. Azərbaycan bu gün dünyada nadir ölkələrdəndir ki, cəmiyyətdə bu dərəcədə sıx və sarsılmaz xalq-iqtidar birliyi mövcud olsun. Bu həmrəylik və birlik möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində xalqımızın milli mənafelərinə xidmət edən ölkədaxili və xarici siyasəti, ölkəmizdə həyata keçirilən sistemli və çoxşaxəli iqtisadi və sosial islahatlar, cəmiyyət həyatının bütün sahələrində əldə olunan inqilabi dəyişikliklər və nailiyyətlər, xüsusilə ölkə başçısının ötən dövr ərzindəki əməli fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olmasını sübut etməsi və hər bir vətəndaşımızın Prezidentimizə olan sonsuz etimadı və inamı ilə bilavasitə bağlıdır. Bu gün cənab İlham Əliyev ümumxalq məhəbbəti qazanmış Liderdir. Bütün bu nailiyyətlərin təməlində isə ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasətinin yaşaması, yaşadılması, modernləşərək, təkmilləşərək yeni keyfiyyət müstəvisində davam etdirilməsi dayanır.

Millət vəkili böyük dövlətlərin Azərbaycanla bağlı çarpazlaşan maraqlarını məharətlə tarazlaşdıran İlham Əliyevin çoxvektorlu xarici siyasətinin müasir müstəqil Azərbaycana verdiyi töhfələrdən, son illərdə əldə edilən qürurverici uğurlardan geniş bəhs edərək, vurğuladı ki, məhz bu düşünülmüş, cəsarətli və müstəqil siyasət nəticəsində milli iqtisadiyyatımız dünyada özünəməxsus yer tutub, Azərbaycan ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olub, ölkəmiz bütün sosial-iqtisadi göstəricilər baxımından yüksək reytinqlər qazanıb, Azərbaycan rəqabətqabiliyyətinə görə dünyada 35-ci yerdə qərarlaşıb, hətta bəzi göstəricilərə görə ilk onluqdadır. Bu gün Azərbaycanda güclü iqtisadiyyat formalaşıb, güclü iqtisadiyyat isə müstəqil siyasətin əsas təməli deməkdir. Bütün bu misilsiz nailiyyətlərin təminatçısı Yeni Azərbaycan Partiyasının Lideri və vahid namizədi, ölkə başçımız İlham Əliyevdir.

Prezidentliyə namizəd cənab İlham Əliyevin qısa və uzun müddətli perspektivə hədəflənmiş geniş platforması haqqında seçicilərə ətraflı məlumat verən Ş.Hacıyev qeyd etdi ki, Azərbaycanın davamlı və dayanıqlı inkişafı üçün ölkəmizdə çoxşaxəli siyasi-iqtisadi islahatlar bundan sonra da davam edəcək. Ölkəmizdə dövlət siyasəti səviyyəsində müəyyənləşdirilmiş konkret hədəflər və bu hədəflərə çatmaq üçün konkret planlar və proqramlar hazırlanmışdır. Əminik ki, Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxacaq və ən ağrılı problemimiz olan –  ərazi bütövlüyümüz tez zamanda bərpa olunacaq. Heydər Əliyev siyasəti, İlham Əliyev siyasəti Azərbaycan xalqına bundan sonra da böyük qələbələr qazandıracaqdır. Ona görə də, Azərbaycan xalqı, o cümlədən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rol oynayan mədəniyyət və incəsənət xadimləri yekdilliklə Ümummilli Liderin yolunu davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər. İnanırıq ki, bu seçkilərdə də möhtəşəm qələbə bizimlə olacaqdr.

YAP Mərkəzi Seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Azərbaycan xalqının taleyində çox vacib və məsuliyyətli bir qərar ərəfəsində olduğumuzu qeyd edərək, hər kəsi seçkilərdə mütləq iştirak etməyə dəvət etdi. Ziyalılarımızın, mədəniyyət və incəsənət xadimlərimizin yekdilliklə Azərbaycanın tərəqqisinə, inkişafına səs verəcəklərinə dair əminliyini ifadə edən görkəmli bəstəkar ölkəmizdə musiqiçilərimiz üçün yaradılmış şərait və imkanlar, sənət adamlarına dövlət və Prezident səviyyəsində göstərilən yüksək diqqət və qayğı, hər il Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları haqqında danışdı. Qeyd olundu ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri bütün bu diqqət və qayğıya görə ölkə başçısına minnətdardır və 11 aprel seçkilərində hamılıqla səsimizi cənab İlham Əliyevə verəcəyik.

YAP Mərkəzi Seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanda müşahidə olunan dinamik inkişaf, tərəqqi, xarici diplomatiya sahəsində qazanılan uğurlar, ölkəmizin iştirakı ilə reallaşdırılan tarixi əhəmiyyətli enerji və nəqliyyat infrastrukturu layihələrindən bəhs edərək, seçiciləri dövlətimizin və xalqımızın təhlükəsizliyi naminə İlham Əliyevə səs verməyə çağırdı. Qeyd olundu ki, biz güclü Liderimizlə fəxr etməliyik, çünki İlham Əliyev populist düşüncələrdən uzaq realist siyasət apararaq, qısa müddətdə Azərbaycanı münaqişə meydanından dialoq platformasına çevirdi. Biz ərazi bütövlüyümüzün təmin olunmasını istəyiriksə, bu qətiyyətli siyasətə səs verməliyik. Çünki İlham Əliyevə səs verməklə, Vətənimizdə sülhə, əmin-amanlığa, sabitliyə, firavan həyata səs verəcəyik.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov bildirdi ki, vətəndaş olmaq bu Vətəni sevmək, dövlətə qulluq etmək və millətə xidmət etmək deməkdir. Azərbaycan xalqının gələcək taleyinə biganə olmaq olmaz, ümumxalq seçkilərində Azərbaycan vətəndaşlarından, seçicilərdən tələb olunan seçki günü öz siyasi iradəsini nümayiş etdirərək düzgün qərar verməkdən ibarətdir. Azərbaycan xalqı böyük və ürəyi geniş xalqdır. Əminik ki, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, milli incəsənət xadimlərimiz, bütün Səbail rayonu sakinləri cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Xalq artisti, məşhur teatr və kino artisti Arif Quliyev cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına göstərdiyi diqqəti, qayğısı, sevgisindən danışaraq, qeyd etdi ki, cənab İlham Əliyev ötən dövr ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübut edib. Belə bir mühitdə yaşayan seçicilərin partiyanın namizədi Cənab İlham Əliyevdən başqa heç bir seçimi yoxdur. Xalq artisti Səbail seçicilərini uğurlu gələcəyimizin qarantı – İlham Əliyevə səs verməyə səslədi.

Görüşdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova Zaur Abbasın “Biz səni seçəcəyik” şerini səsləndirdi.

Çıxış edən seçicilər də çıxışlarında cənab İlham Əliyevin ötən illər ərizində Ona bəslənən ümidləri doğrultduğunu və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqlədiyini qeyd edərək, 11 apreldə keçiriləcək prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Tədbirdə YAP Səbail “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatının yeni üzvlərinə partiya vəsiqələri təqdim olundu.

”Səs” qazeti