Səbail rayonu 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə təyin olunmuş müşahidəçilərə müvafiq təlimat və tapşırıqlar verildi
05.04.2018Bu gün, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində seçki günü rayon ərazisində fəaliyyət göstərəcək ümumilikdə 40 daimi seçki məntəqəsində seçki prosesini müşahidə etmək səlahiyyəti verilmiş müşahidəçilərlə görüş keçirildi.
Görüşdə müşahidəçilərə MSK-nın yaddaş kitabçaları və digər zəruri materiallar paylanıldı, müşahidəçilərin hüquq və vəzifələrinin praktiki cəhətləri izah olundu, müşahidə aparılmasının əsas prinsip və qaydaları haqqında məlumat verildi və seçki prosesinin məntəqələrdə tam demokratik və şəffaf əsaslarda keçirilməsi üçün müşahidəçilərə səlahiyyətləri çərçivəsində müvafiq təlimat və tapşırıqlar verildi.
Bildirildi ki, Azərbaycanda seçki praktikası ildən-ilə daha da təkmilləşdirilir. Ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə hərtərəfli şərait yaradılıb, seçkilərin şəffaflığının artırılması məqsədilə seçki məntəqələrində veb-kameralar quraşdırılıb, seçki prosesini izləmək istəyən yerli və beynəlxalq müşahidəçilərə hər cür imkanlar təmin olunub. Rayon seçki məntəqələrində fəaliyyət göstərəcək müşahidəçilərin başlıca vəzifəsi seçki prosesini müşahidə etmək və müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktları nəzərə almaqdan ibarətdir. Bu zaman müşahidəçi heç bir namizədin və ya siyasi partiyanın mənafelərinə təsir göstərməməli, seçki prosesinə əsassız müdaxilə etməməli, səsvermə və ya səslərin hesablanması prosesini pozmamalı, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etməlidir.
Qeyd olundu ki, biz bu seçkiləri ən yüksək səviyyədə, azad, demokratik, şəffaf, ədalətli şəkildə təşkil etməklə bütün dünyaya sübut etməliyik ki, ölkəmizdə demokratik seçki ənənələri yeni keyfiyyətdə davam etdirilir, Azərbaycanda siyasi plüralizm, insan və vətəndaş hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunub, bütün namizədlər üçün bərabərhüquqlu şərait yaradılıb, debatlar təşkil olunub, vətəndaşların ölkənin ictimai-siyasi həyatında iştirakı üçün maksimum şərait formalaşdırılıb. Əminik ki, müdrik Azərbaycan xalqı düzgün seçim edərək, ən layiqli namizədə səs verəcəklər.