Səbail rayonunun elm və təhsil işçilərinin seçimi birmənalı olaraq cənab İlham Əliyevdir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Səbail rayonunda uğurla davam edir.

Bu gün, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun elm və təhsil işçiləri ilə görüş keçirdi.

Görüşdə Səbail rayon seçki qərargahının təbliğat qrupunun üzvləri – Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, rayonun ali və orta təhsil müəssisələrinin əməkdaşları, məktəb direktorları, müəllimlər, tələbələr, Səbail rayon sakinləri, partiya veteranları, gənclər, çoxsaylı qonaqlar iştirak etdilər.

Seçiciləri ürəkdən salamlayan Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının Səbail rayonunda yüksək seçici fəallığı və böyük coşqu ilə həyata keçirildiyini qeyd edərək, bildirdi ki, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi kampaniya çərçivəsində rayonun bütün ərazisini əhatə edən çoxsaylı tədbirlər təşkil etmiş, təbliğat-təşviqat qrupunun üzvləri rayonun üç əsas qəsəbəsinin sakinləri, bütün təbəqələrdən olan seçicilər, o cümlədən rabitə, nəqliyyat, səhiyyə, mədəniyyət işçiləri, müharibə veteranları, ilk dəfə səs verən gənclər, qadınlar, tələbələrlə görüşlər keçirmiş, bu görüşlərdə Səbail rayon sakinləri, seçicilər böyük ruh yüksəkliyi ilə iştirak etmişlər. Hər zaman yüksək siyasi fəallığı ilə seçilən Səbail rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində müşahidə olunan seçkiqabağı fəallıq və abu-hava, eləcə də seçicilərin ölkə başçısı və YAP-ın vahid namizədi cənab İlham Əliyevə həmrəyliklə nümayiş etdirdikləri sonsuz etimad, ümumxalq məhəbbəti və dəstəyi namizədimizin növbəti möhtəşəm qələbəsinə dair əminliyimizi daha da artırır.

Deputat bugünkü görüşdə əsasən Səbail rayonunun elm və təhsil işçilərinin iştirak etdiyini diqqətə çatdıraraq, müəllimlərimizin, təhsil sahəsində çalışan fədakar pedaqoqların gənc nəslin tərbiyəsində, cəmiyyətimiz üçün milli-mənəvi dəyərlərimizə bağlı, öz Vətəninə, torpağına, dövlətinə sadiq vətəndaşların, vətənpərvər əsgərlərin yetişdirilməsindəki misilsiz rolu və əvəzolunmaz xidmətləri haqqında danışdı və elm-təhsil işçilərinin cəmiyyət miqyasında müstəsna roluna xüsusi diqqət çəkdi.

Ş.Hacıyev hər bir dövlətin, ölkənin gələcəyi üçün böyük önəm kəsb edən elm və təhsil sahələrinin daima ölkə başçısı cənab İlham Əliyev siyasətində başlıca prioritetlərdən biri olduğunu qeyd edərək, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, bu sosial sferada da son illərdə müşahidə olunan köklü dəyişikliklər, tərəqqi, aparılan əsaslı islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi və elmimizin inkişafı istiqamətində atılan praktiki addımlar, hazırlanan qanun layihələri haqqında seçicilərə ətraflı məlumat verdi. Bildirildi ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldikdən sonra, eləcə də cənab İlham Əliyevin rəhbərliyi dövründə milli elmimizə və təhsilimizə dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, Azərbaycan elmi, təhsili dünya elm və təhsil sisteminə uğurla inteqrasiya edir, ölkəmizdə ali və orta təhsil səviyyəsi ilbəil yüksəlir, təhsilimizin maddi-texniki bazası yaxşılaşır, xaricdə təhsil və təqaüd proqramları müvəffəqiyyətlə icra olunur. Millət vəkili 2003 və 2018-ci illər üçün dövlət büdcəsindən elm və təhsilə ayrılan büdcə vəsaitinin dinamikasını müqayisəli təhlil edərək, göstərdi ki, bu dövr ərzində elm və təhsilə ayrılan büdcə vəsaiti həcminin 10 dəfədən çox artımı nəticəsində Azərbaycanda təhsilin bütün pillərini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilmiş, milli elm və təhsilimiz yeni minilliyin yeni çağırışlarına uyğun təkmilləşdirilmişdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan çoxşaxəli işlər və Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd olunmalıdır. Təhsil işçiləri cəmiyyətimizin ziyalı təbəqəsi olaraq, ölkədə aparılan vahid dövlət siyasətini həmişə dəstəkləmiş və Azərbaycanın gələcəyi olan övladlarımızın milli dəyərlərimizə bağlı vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynamışlar. İnanırıq ki, Səbailin elm və təhsil işçiləri Prezident seçkilərində qabaqcıl mövqelərdə olacaq, öz fəallıqları ilə seçiləcək və Azərbaycanın uğurlu gələcəyi üçün siyasi iradələrini əminliklə ortaya qoyacaqlar.

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvü, Qərbi Kaspi Universitetinin Birinci prorektoru dos. Zenfira Məmmədova ölkənin gələcək müqəddəratının həll olunduğu seçkilərdə düzgün seçim etməyin önəminə diqqət çəkdi. Azərbaycanda milli özünüdərkin, milli mənlik şüurunun oyanışının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə kuliminasiya həddinə çatdığını qeyd edən Z.Məmmədova bildirdi ki, Ümummilli Liderin dühası özündən sonra ölkədə işləyən dövlət mexanizmi qoymasında və Azərbaycanın gələcəyini bu idarəçilik fəlsəfəsini məharətlə davam etdirən layiqli siyasi varisi cənab İlham Əliyevə etibar etməsində əks olunur. Vurğulandı ki, ölkəmizdə Ulu Öndər siyasətinin davam etdirilməsi nəticəsində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 14 ildə Azərbaycanda yeni intibah epoxası başlamış, dövlətimizin geostrateji mövqeləri möhkəmlənmiş, Azərbaycan dinamik tərəqqi dövrünü yaşamış, dünya birliyində öz layiqli yerini tutmuş və beynəlxalq ictimaiyyətə Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modelini, əməkdaşlıq nümunəsini və mədəniyyətlərarası, multikultural dialoq platformasını təqdim etmiş, qlobal transmilli enerji layihələrinin təşəbbüsçüsü və iştirakçısı kimi çıxış etmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin rəhbərliyi altında səfərbər olaraq, Prezidentimizin müsəlləh əsgəri kimi öz vəzifə borcunu layiqincə yerinə yetirir. Biz 11 aprel günü öz səsimiz və dəstəyimizlə Prezidentimizə olan inamımızı və etimadımızı bir daha nümayiş etdirəcəyik.

YAP Mərkəzi Seçki Qərargahının təbliğat qrupunun üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev xalq üçün ən taleyüklü məqamlarda ziyalı sözü və ziyalı tövsiyəsi üçün yaranan zəruriyyət haqqında danışaraq, ziyalılarımızın, xüsusilə elm və təhsil işçilərinin respublika səviyyəsində seçki öncəsi təbliğat-təşviqat kampaniyasında siyasi fəallıqlarını yüksək qiymətləndirdi. Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin xalqımızın xarizmatik Lideri kimi siyasi qətiyyəti və idarəçilik məharətini xüsusi qeyd edən B.Quliyev cəmiyyətimizdə uşaqdan böyüyə hər kəsin səmimi məhəbbətini qazanan möhtərəm Prezidentimizin ölkə daxili və xarici siyasətinin mühüm məqamlarına diqqət çəkdi, Azərbaycanın son illərdə əldə etdiyi möhtəşəm nailiyyətlərin, ölkəmizdə sabitlik, tərəqqi və firavan həyatının davam etdirilməsi üçün seçiciləri cənab İlham Əliyevə səs verməyə dəvət etdi.

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvü, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının öz şərəfli vəzifəsini bu zamana qədər ləyaqətlə yerinə yetirdiyini və yetirməyə də davam etdiyini qeyd edərək, bu seçkidə də partiyamızın vahid namizədi olan xalqımızın ləyaqətli oğlu cənab İlham Əliyevin öz təbliğatını əməli fəaliyyəti ilə apardığını vurğuladı. Bildirildi ki, son 14 il ərzində cənab İlham Əliyev Azərbaycan xalqının əsrlər boyu arzusunda olduğu ən yüksək istək və arzularını həyata keçirdi, düzgün sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanı inkişaf etmiş ölkələr sırasına ucaltdı. Biz də Prezidentimiz ətrafında sıx birləşməli və xalqımızın mənafelərinə xidmət edən dövlət siyasətinin davamlılığını təmin etməliyik. Yaşa Vətən oğlu, Yaşa el oğlu, Yaşa xalqımızın qəhrəman oğlu!

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvü, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov bu gün Azərbaycana cənab İlham Əliyev kimi bacarıqlı, geniş dünyagörüşlü, uzaqgörən Liderin rəhbərlik etməsini Azərbaycan xalqının böyük xoşbəxtliyi kimi dəyərləndirdi. YAP-ın Sədri və vahid namizədi cənab İlham Əliyevin ölkəmizdə insan kapitalının formalaşması, qara qızılın insan kapitalına çevrilməsi istiqamətində aparılan düşünülmüş siyasətin əsas sistemyaradıcı faktorlarına diqqət çəkən Z.Bayramov İlham Əliyevə səs verməyin İnkişafa, Ləyaqətə, Humanizmə, Abadlığa və Modernləşməyə səs vermək olduğunu vurğuladı.

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov Azərbaycanda bütün sosial-iqtisadi sahələrin inkişafına göstərilən diqqət və qayğıdan danışaraq, xüsusilə Azərbaycan gənclərinin Vətənə, millətə, müstəqil dövlətçiliyimizə mənəvi-psixoloji bağlılığının məhz İlham Əliyev tərəfindən yüksək səviyyəyə ucaldığını qeyd etdi. Bu gün Azərbaycan gəncləri möhtərəm Prezidentimizin beynəlxalq arenalarda cəsarətli çıxışlarından həvəslənərək, Vətənimiz və dövlətimiz üçün böyük işlər görürlər. Biz müasir Azərbaycanımızın qədrini bilməli və Prezidentimizə bundan sonra da dəstəyimizi var gücümüzlə ifadə etməliyik.

Çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, YAP Səbail rayon təşkilatını İdarə Heyətinin üzvü Rizvan Vahabov, YAP Səbail “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev, YAP Səbail “Botanik” (AMEA-nın Botanika İnstitutu) ərazi ilk partiya təşkilatının sədri İmran Babayev, 7 №-li məktəbin müəllimi Kəmalə Məmmədova, Qərb Universitetinin tələbəsi Yadigar Nağıyev, seçicilərdən Sadiq Qurbanov və digərləri Azərbaycanda cənab İlham Əliyevin rəhbərliyi ilə gedən geniş abadlıq-quruculuq işləri, ölkəmizdə təhsilin müasir keyfiyyət standartlarına əsasən qurulması üçün həyata keçirilən geniş islahat proqramları, dövlətimizin regionun lider ölkəsinə və dünyada öz sözünü deyən dövlətə çevrilməsi, Azərbaycanın qısa müddətdə əldə etdiyi tarixi və möhətəşəm nailiyyətlər haqqında fəxarətlə bəhs edərək, 11 aprel günü yekdilliklə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəcəklərini bildirdilər.

Görüşdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova Zaur Abbasın “Biz səni seçəcəyik” və Maqsud Hacıyevin “Eşq olsun!” şerlərini səsləndirdi.

Görüşdə bir daha ifadə olundu ki, Səbail rayon seçicilərinin yekdil seçimi Azərbaycanın, millətimizin və hər bir azərbaycanlının etibarlı və xoşbəxt gələcəyinin təminatçısı cənab İlham Əliyevdir! Tədbir böyük alqışların müşayiəti ilə Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin ünvanına səsləndirilən şüarlarla sona çatdı.

Beləliklə, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşləri uğurla yekunlaşdırdı.

Tədbirin videoyazısı
SəsTV