Səbail rayonunda yüksək seçici fəallığı müşahidə olundu

45 min seçicinin qeydiyyatda olduğu Səbail rayonunda Prezident seçkilərində yüksək fəallıq qeydə alınıb.

Seçicilər səhər saat 8:00-dan etibarən rayon ərazisində fəaliyyət göstərən məntəqələrə gələrək, gün ərzində azad və şəffaf şəkildə səsvermədə iştirak ediblər.

Rayon ərazisini əhatə edən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin tərkibində ümumilikdə 43 məntəqə, həmçinin BP şirkətinin platformalarında, müxtəlif xəstəxanalarda, iki hərbi hissədə olmaqla, ümumilikdə, 30 daimi, 13 müvəqqəti məntəqə fəaliyyət göstərib. Seçki dairələrinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqələr də var. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə tam təchiz olunub.

Rayon ərazisində mövcud olan seçki məntəqələrində seçkilər demokratik və şəffaf şəraitdə həyata keçirilib. Seçki məntəqələrində seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb.

Şəffaflığın təmin olunması məqsədilə rayon ərazisindəki məntəqələrdə veb-kameralar quraşdırılıb. Səbail seçki məntəqələrində müşahidəçilərin internetdən veb-kameraların vasitəsilə məntəqələri izləməsi mümkün olub. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunub. Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılıb.

Məntəqələrdə seçkilərin tam şəffaf, azad, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait mövcud olub.

Yerli və beynəlxalq müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyiblər. Qanunvericiliyə əsasən səsvermə ilə bağlı məlumatların və onun nəticələrinin ictimaiyyətə çatdırılması üçün yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri seçkiləri fəal və sərbəst işıqlandırıblar. Məntəqələrin çıxışında isə “exit-poll” keçirilib.

29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 7, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, eləcə də 6 saylı məktəbdə 6 saylı seçki məntəqələrində seçicilərin fəallığı daha çox müşahidə olunub.

Qeyd edək ki, mart ayında bu dairə üzrə məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər, fevralda isə Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla bağlı seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdi.

X X X

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səhər saatlarından xüsusi canlanma müşahidə olunan Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

Məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

Jurnalistlərin suallarını cavablandıran akademik Ramiz Mehdiyev seçicilərin fəallığını yüksək dəyərləndirib. Prezident Administrasiyasının rəhbəri saat 17-dək ölkə üzrə artıq 70 faiz seçicinin səs verdiyini, heç bir insidentin baş vermədiyini bildirib.

Akademik Ramiz Mehdiyev seçicilərin sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini vurğulayaraq deyib: “İnanıram ki, bu seçkilər doğrudan da tarixdə mühüm bir hadisə kimi qalacaq. Çünki Azərbaycan 15 ildə çox irəli gedib, böyük nailiyyətlər əldə edib, dünyada tanınır, öz yerini tutub, iqtisadiyyat sahəsində, sosial məsələlərin həllində çox işlər görülüb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir”.

Jurnalistlərin bəzi şəxslərin xaricdən Azərbaycana qarayaxma ilə məşğul olmalarına dair sualına cavabında Prezident Administrasiyasının rəhbəri bunu çox pis qiymətləndirdiyini vurğulayaraq deyib: “Mən hesab edirəm ki, normal insan bu yola düşməməlidir. Çünki biri var daxildə müxalifət, biri də var gedib xaricdə Azərbaycana qara yaxmaq, onu hörmətdən salmaq. Bu, yaxşı hal deyil. Təəssüflər olsun ki, bəzi insanlar burada böyük cinayətlər törədib və sonra da qaçıb xaricə gediblər. Xaricdə də başlayıblar Azərbaycanı pisləməyə. Bu, əlbəttə ki, yaxşı hal deyil. Hər halda bu, Azərbaycan xalqına xas olan bir xüsusiyyət deyil. Görünür ki, mədəniyyətləri, tərbiyələri yerində olmadığına görə belə əməllərə əl atırlar”.

X X X

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.

X X X

Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib.

Səsvermədən sonra B.Muradova ilk dəfə səsvermə hüququndan istifadə edən gənc seçici Aslan Mirzəyevlə görüşüb və ona uğurlar arzu edib.

X X X

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 25 saylı seçki məntəqəsində səs verib.

X X X

Gənclər və idman naziri Azad Rəhimov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

X X X

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səs verib.

X X X

Energetika naziri Pərviz Şahbazov 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səs verib.

X X X

Ölkə üzrə 74,51% yekun seçici fəallığının qeydə alındığı Prezident seçkilərində Səbail rayonu üzrə seçici fəallığı 29 saylı Səbail seçki dairəsi üzrə 70,21% (30 min 551 nəfər) və 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə isə 65,75% (23 min 148 nəfər) təşkil edib.

 

BakuTV: Səbail rayonunda seçkilərin gedişatı barədə

AzTV_29 saylı Səbail seçki dairəsində seçkinin gedişatı

ATV_29 saylı Səbail seçki dairəsi 1 saylı məntəqədə seçki gedişatı

İTV_29 saylı Səbail seçki dairəsi 2 saylı məntəqədə seçki gedişatı

İTV_29 saylı Səbail seçki dairəsi 4 saylı məntəqədə seçki gedişatı

LiderTV_29 saylı Səbail seçki dairəsi 28 saylı məntəqədə seçki gedişatı

НТВ_’Сегодня’: Выборы в Азербайджане