Səbail rayonunda 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

Səbail rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı yüksək əhval-ruhiyyə və böyük coşqu ilə keçirildi.

Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə bütün səbailliləri təbrik etdi, rayon ictimaiyyəti adından cənab Prezidentə ölkəmizin inkişafı, tərəqqisi və xalqımızın rifahının yüksəldilməsi istiqamətindəki fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

E.Əzizov Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunaraq, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr və konkret tapşırıqlar, həmçinin cari ilin ilk 3 ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi. Bildirdi ki, 3 ay ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə Azərbaycan iqtisadiyyatında 2,3 faiz, qeyri-neft sektorunda təxminən 3 faiz, kənd təsərrüfatında 4,2 faiz artım qeydə alınmış, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artmış və hazırda 44,2 milyard dollara bərabərdir. Xarici ticarət dövriyyəsi 31 faiz, ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz,  əhalinin gəlirləri təxminən 10 faiz artmış, inflyasiya cəmi 4 faiz olmuşdur.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayonda 2018-ci ilin birinci rübünün yekunlarından danışaraq qeyd etdi ki, 3 ay ərzində rayonun iri sənaye müəssisələri tərəfindən 7 milyard 319,9 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 1,4 faiz artmışdır. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 123.7 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 30.7 faiz çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 50.3 milyon manat və ya 76.5 faiz çox olmuşdur.

Hesabat dövründə Səbail rayonu ərazisində 1438 yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.04.2018-ci il tarixinə kimi 59545 yeni iş yerləri açılmışdır ki, bunun da 53708–i daimi iş yerləridir. Qeyd olundu ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir.

Mart ayının 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bayıl yaşayış sahəsində yerləşən 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilmiş, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Mart ayının 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin iştirakı ilə Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində yerləşən 4 ədəd 9 mərtəbəli yaşayış binasının əhatəsindəki məhəllə əsaslı təmir olunaraq iştifadəyə verilmişdir.

Hər il olduğu kimi bu il də Formula 1 yarışları ərəfəsində şəhər mərkəzində yerləşən yaşayış binalarının fasadlarında təmir-rəngləmə işləri aparılmışdır. Eyni zamanda mərkəzdəki bütün əsas küçələrdə və istirahət parklarında səkilərdə təmir işləri aparılıb, panduslar quraşdırılır.

Rayonun ən böyük qəsəbəsi olan Badamdar qəsəbəsində sosial layihələrin həyata keçirilməsi davam edir. RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı işlər görülür.

Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 14-dən çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisi sürətlə davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.

Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür. Bu işlər davam etdirilir.

Bildirildi ki, 2018-ci ilin yanvar ayında atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, 10 fevral 2018-ci il tarixində isə bu ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində 4 fərdi yaşayış evi tam, 2 fərdi yaşayış evi isə qismən dağılmışdır. Sakinlərin təhlükəsizliyinin təminatı üçün Səbail Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılmış və onlar təhlükəli ərazidən köçürülmüşlər. Vətəndaşların problemlərinin həlli ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ərazidən köçürülmüş 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsinə vəsait ayrılmışdır. Həmçinin Nazirlər Kabinetinin digər Sərəncamına uyğun olaraq bu ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilmişdir. Hazırda sürüşmə ərazisində mütəxəssislər tərəfində araşdırmaların aparılması davam edir və onların rəyinə əsasən bu ərazidə yerləşən tikililərin gələcək taleyi müəyyən olunacaqdır.

Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində RİH-nin təşkilatçılığı ilə ingilis dilinə tərcümə olunmuş “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilmişdir.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Səbail rayon sakinlərini və ümumilikdə Azərbaycan xalqını 11 aprel Prezident seçkilərində qazanılmış möhtəşəm və tarixi qələbə münasibətilə ürəkdən təbrik edərək, möhtərəm Prezidentimiz İlham Əliyevin bu ümumxalq səsverməsindəki inamlı qələbəsini müasir Azərbaycanın və xalqımızın parlaq zəfəri kimi qiymətləndirdi. Ölkə ictimaiyyətinin hələ də seçki gününün xoş təəssüratları altında və bayram əhval-ruhiyyəsində olduğunu qeyd edən millət vəkili vurğuladı ki, Azərbaycan xalqı seçkidə yekdilliklə ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri və vahid namizədi, yeni dövrün yeni Lideri cənab İlham Əliyevə səs verməklə, əslində tərəqqiyə, inkişafa, sabitliyə, əmin-amanlığa, rifaha və ölkəmizdə aparılan sistemli islahatların davamlılığına səs verdi. Bununla yanaşı diqqətə çatdırıldı ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Səbail rayonunda da seçkilər tam demokratik, şəffaf, qanunvericiliyin tələblərinə uyğun və yüksək siyasi fəallıq şəraitində keçirildi və bu il rayon üzrə çox yüksək seçici fəallığı qeydə alındı. Belə ki, 2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevi rayon seçicilərinin 70%-i dəstəkləmişdisə, cari ilin 11 aprel seçkilərində iştirak edən Səbail sakinlərinin 87,8%-i partiyamızın Sədri və vahid namizədinə etimadlarını nümayiş etdirdilər. Bu nəticə də gözlənilən idi, çünki cənab İlham Əliyev gördüyü nəhəng işlərlə artıq sübut edib ki, O, hər bir azərbaycanlının Prezidentidir. Bu seçkilər bir daha təsdiq etdi ki, ölkə başçısı xalqımızın sonsuz inamını və məhəbbətini qazanıb. Ölkəmizdə aparılan siyasət birmənalı olaraq dövlətimizin, xalqımızın, vətəndaşlarımızın mənafelərinin qorunmasına, əhalinin rifahının, firavanlığının yaxşılaşdırılmasına xidmət edir. Millət vəkili vurğuladı ki, əgər Lider daim xalqının yanındadırsa, yorulmadan vətəndaşlarının rifahı üçün çalışırsa, xalq da öz Liderinə səmimi dəstək nümayiş etdirərək adekvat münasibət bəsləyir.

Daha sonra, deputat möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi, etibarlı gələcəyimizin qarantı olan bu siyasətin dövrün tələblərinə uyğun təkmilləşdirilərək tamamilə yeni keyfiyyət müstəvisində modernləşdirilməsi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, cəmiyyətimizdə sarsılmaz xalq-iqtidar birliyinin formalaşdırılması, eləcə də daxili və xarici siyasət sahəsində, bütün sosial-iqtisadi sferalarda əldə olunan möhtəşəm uğurlar və inqilabi irəliləyişlər haqqında danışdı. Qeyd olundu ki, 15 illik bu qısa dövr ərzində siyasi və iqtisadi parametrlərə görə dünyada kiçik ölkə olan Azərbaycan nəhəng proqramlar və transkontinental layihələr həyata keçirməklə üç qitəni və üç dənizi birləşdirərək öz sərhədlərini genişləndirməyə nail oldu, ölkəmizi Avropa üçün mühüm alternativ enerji təchizatçısına, strateji tərəfdaşa və ümumilikdə dünya üçün əhəmiyyətli dövlətə çevrildi. Eyni zamanda, cənab İlham Əliyevin son dərəcə müstəqil, cəsarətli, uzaqgörən və düşünülmüş siyasəti nəticəsində bədnam, işğalçı Ermənistan bütün beynəlxalq layihələrdən təcrid edildi, bu bölgədə ən əhəmiyyətsiz və inkişaf yolunda başlıca maneə yaradan ölkəyə çevrildi. Əminik ki, müasir müstəqil Azərbaycan güclü Liderimiz İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha möhtəşəm uğurlara imza atacaq. İnanırıq ki, hamımızın səbirsizliklə gözlədiyi Böyük Qələbə Günü uzaqda deyil və Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı bayrağımız yaxın gələcəkdə Şuşada, Xankəndində, işğaldan azad olunmuş bütün torpaqlarımızda və ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanımız üzərində qürurla dalğalanacaq! Yaşasın qüdrətli Azərbaycan! Yaşasın İlham Əliyev!

Yığıncaqda digər çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün onların asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, bu ay keçiriləcək irimiqyaslı beynəlxalq idman yarışları zamanı mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərə və s. məsələlərə toxundular, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Tədbirin videoyazısı
AzTV