YAP Səbail rayon təşkilatında seçkilərin yekunlarına həsr olunan təntənəli tədbir keçirildi
21.04.2018Bu gün, YAP Səbail rayon təşkilatında 11 aprel Prezident seçkilərinin yekunları ilə bağlı tədbir keçirildi.
Təbliğat-təşviqat kampaniyası və seçki prosesində yaxından iştirak edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin fəallarının, qərargah və təbliğat qrupunun üzvlərinin, eləcə də rayonun idarə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev,YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı dos. Aydın Mirzəzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti prof. Azər Paşa Nemətov və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev iştirak etdilər.
Bayram əhval ruhiyyəsi ilə keçən tədbirdə çıxış edən prof. Şəmsəddin Hacıyev bildirdi ki, ölkə ictimaiyyəti, hər birimiz hələ də seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsinin və Azərbaycan Respublikası Prezidentinin möhtəşəm andiçmə mərasiminin xoş təəssüratları altındayıq. Deputat, cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqindən iqtibas gətirərək xüsusi vurğuladı ki, möhtərəm Prezidentimiz, özünün də qeyd etdiyi kimi, həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişdir. Bu dəstək Prezidentimizə güc verir. Müdrik və uzaqgörən ölkə başçısımız, xalqımızın və partiyamızın vahid Lideri İlham Əliyev bütün fəaliyyəti dövründə həmişə məhz bu dəstəyə arxalanmışdır. Bu səbəblə, 11 aprel Prezident seçkilərinin nəticələri gözlənilən idi. Müstəqil Azərbaycanımız möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 ildə misilsiz nailiyyətlərə imza atmışdır. Müasir dünyamızda baş verən son dərəcə mürəkkəb və ziddiyyətli proseslər fonunda Azərbaycan sözün əsl mənasında sabitlik adasına çevrilmiş, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənmiş, xalq-iqtidar birliyi sarsılmaz olmuşdur. Ölkəmiz dünya ölkələri arasında öz layiqli yerini tutmuş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bu dövr ərzində cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar həyata keçirilmiş, nəhəng proqramlar və traskontinental layihələr reallaşdırılmışdır. Millət vəkili vurğuladı ki, bütün bu möhtəşəm uğurlar, seçkilərdə qazanılan yüksək nəticələr İlham Əliyev şəxsiyyəti, Onun idarəçilik və Liderlik məharəti, ən əsası isə xalqımızın Prezidentimizə olan sonsuz dəstəyi, məhəbbəti, inamı və sarsılmaz etimadı ilə bağlı olmuşdur. Bildirildi ki, seçkilərdən öncə aparılan sorğular göstərirdi ki, cəmiyyətimizdə İlham Əliyevin reytinqi çox yüksəkdir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən çoxsaylı görüşlər əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan vətəndaşları dövlətimizin, xalqımızın taleyinə biganə deyil, hər kəs vətəndaşlıq borcunu və Konstitusion hüquqlarını lazımınca dəyərləndirir və əsl seçki mədəniyyəti nümayiş etdirərək ən demokratik cəmiyyətlərə belə nümunə ola bilər. Təbii ki, demokratik cəmiyyətdə hər bir Prezidentliyə namizədin yanında təşkilatlanmış siyasi qüvvə dayanır, bu gün cənab İlham Əliyevin namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasının simasında, Onun Liderinin bir çağırışı ilə istənilən vəzifəni həyata keçirməyə hazır olan 710 mindən çox müsəlləh əsgəri dayanır. Partiyamız bu seçkilərdə bir daha nəyə qadir olduğunu sübut edərək, göstərdi ki, Yeni Azərbaycan Partiyası yaxın coğrafiyanın ən qüdrətli, ən güclü siyasi təşkilatıdır. YAP-ın vahid namizədi cənab İlham Əliyevin parlaq qələbəsini şərtləndirən mühüm faktorlardan biri də, partiyamızın İlham Əliyevin sədrliyi dövründə daha da qüdrətlənməsi və ümumxalq partiyasına çevrilməsi ilə bağlıdır.
Ölkəmizdə seçki prosesinin ildən-ilə təkmilləşdiyini qeyd edən deputat bildirdi ki, 11 aprel seçkilərində seçici fəallığı çox yüksək idi: “Məntəqələrdə növbələr var idi, beynəlxalq müşahidəçilər də bu vəziyyəti maraq və təəccüblə izləyirdilər. Azərbaycan xalqı dünyaya öz seçki mədəniyyətini nümayiş etdirdi. Beynəlxalq və yerli müşahidəçilərin seçkilərin şəffaf, demokratik əsaslarda, heç bir kənar müdaxilə və seçki qanunvericiliyinin pozulmasına yol vermədən tam obyektiv şəkildə keçirilməsi ilə bağlı səsləndirdikləri fikirlər qürurverici idi”.
Ş.Hacıyev Azərbaycanın son 15 ildə keçdiyi böyük inkişaf yoluna nəzər salaraq bildirdi ki, bu müddət ərzində ölkəmiz dinamik inkişaf edən, modernləşən ölkəyə çevrilib. Dünyanı bürüyən qlobal siyasi, iqtisadi və maliyyə böhranları, müharibə, terror, seperatizm, ksenofobiya və islamofobiyalar və s. fonunda beynəlxalq münasibətlərin və geosiyasi vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, Azərbaycanda qibtə olunacaq səviyyədə stabillik, ictimai, siyasi, iqtisadi sabitlik bərqərar olunub. Azərbaycan bu gün əsl demokratik və liberal dəyərlərə əsaslanan respublika kimi özünün sosial yönümlü iqtisadi inkişaf modelini, tolerantlıq və multikulturalizmə əsaslanan həyat tərzini dünyaya təqdim edir. Bu dövr ərzində Azərbaycanın dünya Ümumi Daxili Məhsulunda xüsusi çəkisi 0,03% artıb. Dünya ÜDM-nin bu gün 80 trilyon dollardan çox olduğunu nəzərə alsaq, Azərbaycan kimi kiçik bir ölkə üçün bu artım çox böyük göstəricidir. Milli iqtisadiyyatımız bu gün Cənubi Qafqaz iqtisadiyyatının 85%-inin təşkil edir, ölkəmizin dünya gəlirlərindən aldığı pay ilbəil yüksəlir, Azərbaycan 3 qitəni və 3 dənizi birləşdirən nəhəng transkontinental layihələr icra edir, ölkəmiz mühüm əhəmiyyət kəsb edən beynəlxalq kommunikasiya mərkəzinə, strateji nəqliyyat qovşağına çevrilib. Bu dövr ərzində iqtisadiyyatımız 3,2 dəfədən də çox artmış, 1,9 milyondan çox yeni iş yerləri açılmış, işsizliyin və yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı enmiş, xalqımızın rifah halı xeyi yüksəlmişdir. Strateji valyuta ehtiyatlarımızın həcmi 44 mlrd. dollara çatmışdır ki, bu da ÜDM-nin həcmini xeyli üstələmişdir. İqtisadi inkişafımızda ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, qeyri-neft sektorunun üstin inkişafı və şaxələndirilməsi təmin edilmiş, neftdən asılılığımızın azaldılmasına nail olunmuşdur. Ən əsası isə, İlham Əliyev siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı və firavanlığı dayanır. Xalqımız bütün sosial-iqtisadi sahələrdə görülən genişmiqyaslı işlərin və aparılan çoxşaxəli islahatların real nəticələrini yüksək qiymətləndirir. Azərbaycan xalqı bu seçkilərdə İlham Əliyevə səs verərək bir daha sabitliyə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, müstəqil siyasətə səs verdi və azad, demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin etdi.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadi Rəcəbli tanınmış və aparıcı rayon təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının seçkilərlə bağlı gördüyü işləri yüksək qiymətləndirərək, partiya təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzu etdi. 11 aprel günü seçki nəticələri elan olunduqdan sonra, Səbail rayonunda təşkil olunmuş Zəfər Yürüşünü xüsusi qeyd edən Komitə sədri vurğuladı ki, yüksək mütəşəkkillik və siyasi fəallıqla təşkil olunmuş yürüşdə partiya fəalları və Səbail rayon sakinləri böyük coşqu və sevinclə iştirak etdilər və paytaxtın “paytaxtı” olan Səbail rayonunun mərkəzi küçələrindən keçən bu yürüş bir növ Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbəsinin simvoluna çevrildi.
Hamımızın böyük qürur və fəxarətlə şahidi olduğumuz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində, möhtərəm Prezidentimizin önümüzdəki 7 il müddətində qarşıda duran vəzifələrin önəmli ştrixlərinə diqqət çəkdiyini vurğulayan H.Rəcəbli bu vəzifələrin icrası ilə bağlı Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə uğurlar arzuladı və əminliyini ifadə etdi ki, Azərbaycan xalqı bundan sonra da Ulu Öndər Heydər Əliyev və İlham Əliyev siyasətinə etimad göstərəcək və biz birlikdə Azərbaycanı qüdrətli ölkəyə çevirəcəyik.
YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı dos. Aydın Mirzəzadə cənab İlham Əliyevin yenidən dövlət başçısı seçilməsini tarixi hadisə kimi qiymətləndirərək, bildirdi ki, bu seçim bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin strateji siyasi xətti düzgün yoldur və bu siyasət Azərbaycanı gələcəkdə daha böyük və möhtəşəm uğurlara aparır. Güclü Azərbaycanın güclü Lideri cənab İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsinin və gələcək uğurlarımızın başlıca zəmanətidir. Səbail rayonunun daim xüsusi siyasi fəallığı, mübarizliyi, novatorluğu ilə seçildiyini və YAP Səbail rayon təşkilatının ciddi siyasi təcrübəsi olduğunu qeyd edən deputat Səbailliləri bundan sonra Prezidentimizin ətrafında sıx birləşməyə və Onun apardığı siyasəti var gücləriylə dəstəkləməyə çağırdı.
Azərbaycan teatrının və incəsənətinin inkişafında böyük xidmətləri olan, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru, Xalq artisti prof. Azər Paşa Nemətov cənab İlham Əliyevin bu seçkilərdəki möhtəşəm qələbəsi ilə hamımızın qürur duyduğunu bildirərək, qeyd etdi ki, Azərbaycanın bütün mədəniyyət və incəsənət xadimləri müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevi eyni zamanda Azərbaycan mədəniyyətini ürəkdən sevən insan kimi tanıyır. Sevindirci haldır ki, Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev mədəniyyət və incəsənətimizə eyni qayğı və diqqəti göstərir. Biz, müasir Azərbaycanımızın inkişafı, ölkəmizdəki sabitlik və rifahımızın ildən-ilə daha da yaxşılaşması, firavan həyat şəraitimiz üçün Prezidentimizə minnətdarıq. İlham Əliyevi bu növbəti möhtəşəm qələbəsi münasibətilə bütün incəsənət xadimləri adından ürəkdən təbrik edir və möhtərəm Prezidentimizə bundan sonra da qarşısına qoyduğu bütün ali məqsədlərə nail olması yolunda uğurlar arzu edirik.
“Səs” Media Qrupunun rəhbəri, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin, seçki qərargahının və təbliğat qrupunun üzvü Bəhruz Quliyev çıxışında qeyd etdi ki, Azərbaycan xalqı bütün dünyanın gözü qarşısında öz seçimini edərək iradəsini ortaya qoydu və öz Liderini yenidən dəstəklədi. Xalqımız cənab İlham Əliyevə səs verərək, sabitliyimizə, təhlükəsizliyimizə və inkişafımıza səs verdi. Sabitliyin kökündə ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi dayanır və Azərbaycandakı bu ictimai-siyasi, iqtisadi sabitlik müstəqilliyimizi daha da möhkəmləndirir. Cənab İlham Əliyevin şəxsi təşəbbüsü, siyasi iradəsi və Liderlik nüfuzu sayəsində Azərbaycanın bilavasitə iştirakı ilə reallaşan transkontinental layihələr təhlükəsizliyimizin ən böyük zəmanəti olmaqla, Azərbaycanın yeni dünyanın yeni çağırışlarına qoşulmasını və ölkəmizin dinamik inkişafını təmin edir.
Tədbirdə YAP Səbail rayon təşkilatının seçki qərargahının və təbliğat-təşviqat qrupunun üzvləri, Səbail rayonu üzrə seçkilərdə fəallıq göstərən partiya fəalları, rayonun idarə və təşkilatlarının nümayəndələri rayon partiya təşkilatının Fəxri Fərmanları ilə təltif olundular. Təltif olunanlar Səbail rayonu ərazisində seçki kampaniyasının yüksək səviyyədə təşkili və partiya fəallarının rayonda gedən bütün ictimai-siyasi proseslərdə yaxından iştirakının təmin olunması ilə bağlı yaradılmış şəraitə, eləcə də bu proseslərdə iştirak edənlərə hər zaman göstərilən yüksək diqqətə görə rayon partiya təşkilatının sədri Şəmsəddin Hacıyevə öz dərin təşəkkürlərini bildirdilər. Bütün çıxışlarda qeyd olundu ki, yaradıcısının Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası yüzillərlə yaşamağa layiq olan və ümumxalq məhəbbəti və dəstəyi qazanmış partiyadır. Bu partiyanın sıralarında Azərbaycanı ürəkdən sevən insanlar cəmləşib. Cənab İlham Əliyevin seçkidəki qələbəsi YAP-ın və Azərbaycan xalqının qələbəsidir və bu möhtəşəm zəfər ölkəmizdə, eləcə də Səbail rayonunda ümumxalq sevinc və bayram kimi qeyd olunur.
Sonra Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadı Nuray Rəhman hamını heyran edən ifası ilə tədbir iştirakçılarına gözəl anlar və bayram sevinci yaşatdı.
Tədbirə yekun vuran Şəmsəddin Hacıyev Səbail rayonunda yüksək əhval-ruhiyyə və böyük fəallıqla reallaşan təbliğat-təşviqat kampaniyasının və uğurla keçirilən, rayon üzrə yüksək nəticələrin əldə olunduğu seçki prosesinin bütün iştirakçılarına bir daha ürəkdən təşəkkür etdi. Deputat, YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə bir daha səmimi qəlbdən təbrik etdi, Ona və ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi, rifahı naminə qarşıya qoyduğu məqsədlərə nail olmaq yolunda böyük uğurlar arzu etdi. Yaşasın Azərbaycan xalqı! Yaşasın Yeni Azərbaycan Partiyası! Yaşasın Yeni dövrün Yeni Lideri İlham Əliyev!
Tədbirin videoyazısı
SəsTV