Səbail rayonunda əhalinin pulsuz göz müayinələri aksiyası keçirildi

Görkəmli oftalmoloq, Tibb Elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 20-ci yaşayış sahəsində şəhid ailələri, müharibə veteranları və əlilləri, məcburi köçkünlər və imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələrinin təşkili ilə bağlı aksiya keçirildi.

Klinikanın səyyar laboratoriyası 20-ci sahəyə gələrək sakinlərin müayinəsini keçirdilər. Gün ərzində rayon sakinləri peşəkar oftalmoloqlar tərəfindən pulsuz müayinələrdən keçərək lazımi məsləhətlər aldılar. Müayinələr sabah da davam edəcək. Ehtiyac yarandıqda isə vətəndaşlar stasionar müalicəyə cəlb olunacaqlar.

Təşkilatçılar tərəfindən bu xeyirxah aksiya cari il ərzində bir neçə dəfə təkrar keçiriləcəkdir.

Sakinlər bu xeyirxah aksiyanın keçirilməsindən çox razı olduqlarını ifadə edərək, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın yubileyinə həsr olunmuş bu aksiyanın təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildirdilər.