YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyi qeyd edildi

Bu gün, YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə yubiley tədbiri keçirildi.

Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira xanım Axundova, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə xanım Abasova, YAP Qadınlar Şurasının üzvü, Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə xanım Quliyeva, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə və təhsil müəssisələrinin əməkdaşları, elm və mədəniyyət xadimləri, veteranlar, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri, gənclər, tələbələr və çoxsaylı qonaqlar iştirak etdilər.

İlk öncə, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alim Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra akademik Zərifə xanım Əliyevanın zəngin həyat yoluna və genişmiqyaslı elmi-pedaqoji fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirildi.

Bu xoş, eyni zamanda kədərli gündə tədbir iştirakçılarını səmimi qəlbdən salamlayan Şəmsəddin Hacıyev Zərifə xanım Əliyevanın yaşadığı fərqli tale və qısa ömür yoluna sığmayan misilsiz işlər haqqında danışdı. Deputat Azərbaycan qadınının adını zirvələrə ucaldan, keçdiyi şərəfli və zəngin həyat yolu ilə bütün insanlığa nəciblik, zəriflik, xeyirxahlıq, zəhmətkeşlik, fədakarlıq, eyni zamanda mərdlik, ləyaqət və cəsarət nümunəsi olan Zərifə xanımı Allah tərəfindən seçilmiş nadir şəxsiyyət və Azərbaycan səhiyyə sistemində öz novatorluğu ilə tamamilə yeni səhifə açmış görkəmli alim-pedaqoq kimi xarakterizə etdi. Qeyd edildi ki, Zərifə xanıma, müasir Azərbaycanın dövlətçilik tarixində həlledici rol oynamış bir Prezidentin həyat yoldaşı və müstəqil Azarbaycanımızı zirvələrə ucaldan digər Prezidentin anası olmaq nəsib olmuş, bu nəcib və mərd Azərbaycan qadını bu şərəfli missiyaların öhdəsindən layiqincə gəlmişdir. Yüksək mənəvi-əxlaqi keyfiyyətləri, milli dəyərlərimizə sədaqəti ilə əsl Azərbaycan-Türk qadını nümunəsi olan Zərifə xanım Heydər Əliyev kimi görkəmli şəxsiyyəti dərin məhəbbətlə sevmiş, bu ülvi hisslərə sadiqliyini ömürboyu qorumuş və bu gözəl ailədə boya-başa çatdırdığı iki övladını, Heydər Əliyevin yadigarlarını Azərbaycan xalqına ən böyük töhfə olaraq bəxş etmişdir. Zərifə xanımın keçdiyi şərəfli həyat yolunun bundan sonra da çox kitablara, filmlərə, rəsm və memarlıq əsərlərinə böyük nümunə və ilham mənbəyi olacağını bildirən millət vəkili qeyd etdi ki, Zərifə xanımın keçdiyi şərəfli həyat yoluna, elmi-pedaqoji fəaliyyətinə nəzər yetirdikcə insan hər dəfə heyran qalır ki, bir qadının nə qədər böyük ürəyi, savadı, səbri, çətinliklərə sinə gəlmək qabiliyyəti, ən başlıcası isə öz ömür yoldaşına məhəbbəti və sədaqəti ola bilər. Heydər Əliyev hələ gənc yaşlarından özünü bütövlükdə dövlət işlərinə, Azərbaycan xalqına həsr etdiyi üçün, Onun özünün də etiraf etdiyi kimi, ailə işlərinə lazımi qədər vaxt ayıra bilmirdi. Bütün bu işlərin, xüsusilə Əliyevlər ailəsində sağlam mənəvi mühitin formalaşmasında, xoşbəxt ailə həyatının qurulmasında və Ulu Öndərin dövlətçilik fəaliyyətinin səmərəli olmasında Zərifə xanım Əliyevanın böyük rolu olmuşdur. Zərifə xanım Azərbaycan xanımının, Azərbaycan anasının simasıdır. Heydər Əliyev və Zərifə xanım bir-birinə o dərəcədə ülvi məhəbbət hissləri bəsləyirdilər ki, bu əbədiyaşar məhəbbət bugünkü cəmiyyətimiz üçün çox böyük örnəkdir.

Xeyirxahlıq mücəssiməsi olan və Azərbaycan xalqının yaddaşında əbədi iz qoyan Zərifə xanıma bir daha Allahdan qəni-qəni rəhmət diləyən Ş.Hacıyev əminliyini ifadə etdi ki, Zərifə xanımın ruhu bu gün şaddır. Çünki bu gözəl qəlbli Azərbaycan xanımı, dünyaya gətirdiyi və tərbiyə edib boya-başa çatdırdığı Oğlunun bugünkü Azərbaycanımızı, müasir inkişafımızı, Azərbaycan cəmiyyətindəki keyfiyyət dəyişikliklərini, bütövlükdə xalqımızı və millətimizi hansı zirvələrə yüksəltdiyini görsə idi, çox böyük qürur hissi duyardı. Allah Zərifə xanıma rəhmət eləsin, ruhu şad olsun!

Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist, Ulu Öndər Heydər Əliyevin ilk bioqraflarından biri, Heydər Əliyev və ailəsi haqqında sanballı əsərlərin müəllifi Elmira Axundova bildirdi ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildli roman-tədqiqat üzərində işlədiyi zaman keçirdiyi çoxsaylı görüşlər, aldığı müsahibələr zamanı Zərifə xanım Əliyeva haqqında hər kəs unikal xanım, böyük ürəyi olan nəcib və həssas qadın, Heydər Əliyevi dərin məhəbbətlə sevən sədaqətli həyat yoldaşı, yüksək savadlı həkim-pedaqoq və əsl ziyalı insan kimi bəhs edib. Bu mənada Zərifə xanımı şəxsən tanımayan insanlarda da bu xanım haqqında məhz bütün insanlığa nümunə olan belə bir dolğun obraz formalaşıb. Zərifə xanımın elmi fəaliyyəti, məişət və iş həyatı ilə bağlı çoxsaylı müsahibələrdə qələmə aldığı xatirələr və maraqlı epizodlar haqqında danışan deputat bir daha diqqətə çatdırdı ki, Zərifə xanım təbiətən son dərəcə təvazökar, ətrafında olan hər kəsə vəzifəsindən asılı olmayaraq diqqətcil, vətənpərvər azərbaycanlı, gözəl həyat yoldaşı və ana, eləcə də öz peşəsinin fanatı olan qadın idi. Bu səbəblə dünyaya insanları sevmək üçün gələn və milyonlara nur bəxş edən Zərifə xanımın doğum günü olan 28 aprel tarixi bizim üçün həmişə “Analar Günü”dür.

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri professor Adilə Abasova Moskvada yaşadığı zaman Zərifə xanımla bağlı xatirələrini paylaşaraq qeyd etdi ki, ziyalı ailəsində dünyaya göz açan və əsl Azərbaycan qadınına xas olan ülvi hisslərin daşıyıcısı olan Zərifə xanım atasının yolunu seçmiş, göz xəstəlikləri kimi həssas sahədə fundamental tədqiqatlar aparmış və ölkəmizdə peşə oftalmologiyasının əsasını qoymuşdur. Ən əsası isə Zərifə xanım müqəddəs analıq vəzifəsini şərəflə icra etmiş və Azərbaycan xalqına belə ləyaqətli övladlar bəxş etmişdir. Zərifə xanımın ruhu şad olsun, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yolu bundan sonra da uğurlu olsun!

YAP Qadınlar Şurasının üzvü, Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva Zərifə xanım Əliyevadan zəhmətkeş və mətanətli xanım, atasının yarımçıq qalmış elmi-tədqiqat işlərini əzmlə davam etdirən gözəl övlad, xalqını sevən alim, etibarlı həyat yoldaşı və sirdaş, müqəddəs ana kimi bəhs etdi. Z.Quliyeva bu nəcib xanımla bağlı xatirələrini paylaşdı və gənc qızlarımıza Zərifə xanımın zəngin və şərəfli həyat yolundan, elmi fəaliyyətindən və ailə dəyərlərinə münasibətindən nümunə götürməyi məsləhət gördü.

Tədbirin sonunda Azərbaycan Respublikasının xalq artisti Laləzar Mustafayeva Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş Bəxtiyar Vahabzadənin “Ana” şeirini səsləndirdi.

Yubiley tədbiri Ulu Öndər Heydər Əliyev və bu görkəmli dövlət xadiminin sədaqətli ömür-gün yoldaşı, böyük alim və xeyirxah insan Zərifə xanım Əliyevanın işıqlı xatirələri işığında xoş təəssüratlarla yadda qaldı.

Tədbirin videoyazısı
AzTV
İTV
SəsTV