Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Səbail rayonunda elmi konfrans keçirildi

Mayın 1-də Səbail rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirildi. Konfransın plenar iclasında rayon rəhbərliyi ilə yanaşı müxtəlif dövlət qurumların nümayəndələri, elm, təhsil və din xadimləri, ziyalılar, gənclər, ağsaqqallar, veteranlar, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri, YAP Səbail rayon təşkilatının təmsilçiləri iştirak etdilər.

Əvvəlcə konfrans iştirakçıları xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əbədiyaşar əziz xatirəsini ehtiramla yad etdilər və ADPU-dakı heykəli önünə əklil və tər çiçəklər düzdülər. Sonra qonaqlar Universitetin Heydər Əliyev muzeyi ilə tanış oldular.

Konfransı giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, Heydər Əliyev və Azərbaycan sözləri hər bir vətənpərvər azərbaycanlı üçün eyni məna daşıyır. Təbiidir ki, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı, müasir Azərbaycan dövləti də olmazdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olmuşdur. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyətləri bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycanın tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və böyük şəxsiyyətlər olub. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin Lideri kimi tarixə daxil olmuşdur. Qədirbilən xalqımız Heydər Əliyevin ölkəmizin inkişaf və tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirir və buna görə də Ulu Öndərin 95 illik yubileyi Azərbaycanın hər yerində Ümumxalq bayramı kimi qəbul olunur.

Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan möhtərəm Prezidentimiz İlham Əliyevin hazırlanması olmuşdur. Ulu Öndərin ölməz ideyalarını, siyasi kursunu ləyaqətlə davam etdirən ölkə başçısı cənab İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi artıq ölkə tarixində təsdiq olunub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.

Eldar Əzizov vurğuladı ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti, dəmir iradəsi sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub möhkəmləndirir. Hazırkı mürəkkəb dövrdə Azərbaycan kimi ölkənin müstəqilliyini qoruyub saxlamağı, onu inkişaf etdirməyi, dünyaya yeni iqtisadi-siyasi siyasət modeli kimi təqdim etməyi, balanslaşdırılmış siyasət yürütməyi yalnız xüsusi istedada malik olan insanlar edə bilərlər və bu gün Azərbaycanda belə insan sözsüz ki, cənab İlham Əliyevdir. Şübhəsiz ki, nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev də Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bu dahi şəxsiyyətin tarixi irsini öyrənmək üçün bu səpkili konfransların, “dəyirmi masa”ların son dərəcə böyük əhəmiyyəti var. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Səbail rayonunda keçirilən bugünkü elmi konfrasın da bu istiqamətdəki ən böyük töhfəsi Ümummilli Liderimiz Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətini dərindən araşdıran yeni bir kitabın ictimaiyyətə təqdimi olacaqdır.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bugünkü Konfransın məhz Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsinin çox əlamətdar olduğunu qeyd edərək bildirdi ki, Pedaqoji Universitet çox şərəfli tarixə malik olan ali təhsil müəssisəsidir. Belə ki, Ulu Öndər Heydər Əliyev, prezidentliyi dövründə, beş dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinə gələrək universitetin fəaliyyəti ilə tanış olub, ona yüksək qiymət verib. ADPU kollektivinin YAP Səbail rayon təşkilatının və ümumiyyətlə Yeni Azərbaycan Partiyasının təsis olunmasında müstəsna rolu və əvəzsiz əməyi olduğunu bildirən deputat bu gün bu ali təhsil müəssisəsində həyata keçirilən islahatları yüksək qiymətləndirdi və Səbail rayonunun ictimai-siyasi həyatında universitet kollektivinin fəal surətdə iştirakına diqqət çəkdi.

Anadan olmasının 95 illik yubileyini qeyd etdiyimiz və Azərbaycanın ən yeni siyasi tarixində əvəzsiz xidmətləri olan görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin ən ali amallara xidmət edən şərəfli, eyni zamanda çətin və bənzərsiz həyat yolu və zəngin dövlətçilik irsi haqqında geniş danışan millət vəkili bildirdi ki, müasir Azərbaycan dövləti, xalqımız və millətimiz üçün bir çox taleyüklü xilaskarlıq missiyalarını uğurla həyata keçirmiş Ümummilli Liderimizin həyat yolu nəinki bugünkü gəncliyimiz, bütövlükdə dövlətçilik tariximiz üçün böyük örnəkdir. Bu tarixi və dahi şəxsiyyətin zəngin irsini dərindən araşdırmaq, təcrübələrindən bəhrələnmək və gənc nəsillərimizi bu ruhda tərbiyə etmək mühüm əhəmiyyət kəsb edir.

Heydər Əliyevin gənc yaşlarından etibarən dövlət idarəçiliyində yaxından iştirak etməsi faktına diqqət çəkən Ş.Hacıyev bildirdi ki, dövlət təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan gənc Heydər Əliyev özünün fitri istedadı, enerjisi, savadı, intellekti, eləcə də xüsusi idarəçilik və təşkilatçılıq qabiliyyəti nəticəsində bu qurumun çox məsul vəzifələrində çalışmış, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunmuş, adi zabitdən general-mayor rütbəsinə qədər yüksəlmişdir. Xüsusi vurğulanmalıdır ki, ən strateji sahə olan dövlət təhlükəsizlik orqanlarında bu vəzifələrə qeyri-azərbaycanlılar, hətta ermənilər təyin olunurdu və Heydər Əliyev Sovet İmperiyasının tüğyan etdiyi Kommunist rejimində bu yüksək vəzifələrə təyin olunan ilk azərbaycanlı, müsəlman-Türk oğlu idi.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi, başqa sözlə desək Azərbaycanın birinci şəxsi təyin olunmasını Onun Azərbaycanda dövlət quruculuğu yolunda tarixi missiyasının başlanğıcı kimi qiymətləndirən Ş.Hacıyev o dövrdə geridə qalmış aqrar-xammal ölkəsi olan və Sovetlər İttifaqının müttəfiq respublikaları arasında ən mühüm sosial-iqtisadi göstəricilərə görə 13-cü, 14-cü, hətta 15-ci yerlərdə qərarlaşan Azərbaycan SSR-inin 1969-1982-ci illər ərzində sürətlə inkişaf edən sənaye-aqrar ölkəsinə çevrilməsi və Heydər Əliyevin bu istiqamətdəki misilsiz xidmətləri haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, 1969-1982-ci illər ərzində məhz Heydər Əliyev şəxsiyyəti və Onun idarəçilik məharəti nəticəsində müsəlman ölkəsi olan Azərbaycan SSR-ə 32 mlrd. rubl həcmində investisiya qoyuldu (bu məbləğ 1969-cu ildən öncəki 50 il ərzində ölkəmizə qoyulmuş toplam investisiya həcmindən 2 dəfə çoxdur), ölkəmizdə yüzlərlə ümumittifaq əhəmiyyətli zavodlar, fabriklər, sənaye müəssisələri tikildi, təhsilin, elmin, səhiyyənin və s. inkişafına xüsusi diqqət yetirildi, gənclərimizin SSRİ-nin aparıcı ali təhsil müəssisələrində təhsil alması üçün imkanlar yaradıldı, milli hərbi kadrların hazırlanmasının əsası qoyuldu, kənd təsərrüfatı sistemimiz – pambıqçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq və s. sahələr tamamilə yenidən quruldu. 1969-cu ildə xaricə minimum sayda məhsul ixrac edən ölkəmiz 1982-ci ildə 100-dən çox ölkəyə 350 adda Azərbaycan məhsulu ixrac edirdi. Yüksək sosial-iqtisadi göstəricilərin qeydə alındığı Azərbaycan SSR ittifaq respublikaları arasında inkişaf templərinə görə öncül sıralarda qərarlaşmaqla, SSRİ tərkibində özünü tam təmin edən üç respublikadan birinə çevrildi. Deputat diqqətə çatdırdı ki, qısa xronoloji müddət ərzində əldə olunmuş bu dinamik inkişaf tempi və yüksək sosial-iqtisadi inkişaf göstəriciləri Azərbaycanın gələcək müstəqilliyi üçün ciddi potensial formalaşdırmaqla yanaşı, əslində Heydər Əliyevin hadisələri öncədən görmək, proqnozlaşdırmaq və dahi siyasətçi, görkəmli dövlət xadimi kimi yüksək idarəçilik qabiliyyətinin real nəticəsi idi.

Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində növbəti fəaliyyət dövrünü təhlil edən Ş.Hacıyev dünyanın yarısına hökm edən SSRİ kimi fövqəldövlətin idarəçilik olimpində yüksəlişinə davam edən Heydər Əliyevin 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması və bu vəzifədə çalışarkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etməsi haqqında danışdı. Xüsusi qeyd olundu ki, bu yüksək vəzifə Heydər Əliyevdən öncə heç bir azərbaycanlıya nəsib olmamışdı. Dahi rəhbərin Moskvada 1987-ci ilə qədərki fəaliyyətini yaxından təhlil etsək, bir daha əmin oluruq ki, Heydər Əliyev bütün əmək fəaliyyəti dövründə harada olmasından asılı olmayaraq çalışdığı bütün vəzifələrdə yüksək nəticələr əldə etmiş və xalqına, dövlətinə böyük bağlılıq nümayiş etdirmişdir.

Çıxışına davam edən deputat Heydər Əliyevin növbəti tarixi missiyası – müasir Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması və onun möhkəmlənməsindəki müstəsna rolu haqqında danışaraq, Heydər Əliyevin qanlı 20 Yanvar faciəsini törədənlərə qarşı öz ittihamlarını açıq şəkildə dünya ictimaiyyətinə bəyan etməsi, bu hadisədən sonra Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi, Azərbaycana qayıdışı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək “Sovet Sosialist” sözlərini oradan çıxarması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilməsi və bunu o vaxtki Azərbaycan rəhbərlərindən tələb etməsi, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendumun keçirilməməsi, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təkan verən hadisələri və tarixi faktları xronoloji ardıcıllıqla iclas iştirakçılarının nəzərinə çatdırdı və bu addımları Ulu Öndərin 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanın müstəqilliyi yolunda atdığı ciddi addımlar olaraq qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin mübaliğəsiz müasir Azərbaycanın memarı və dövlətçiliyimizin banisi olduğunu vurğulayan Ş.Hacıyev Heydər Əliyevin siyasi həyatımızda mühüm dönüş nöqtəsi olan Yeni Azərbaycan Partiyasını yaratması, YAP-ın ilk sədri kimi sivil və demokratik yolla hakimiyyətə gəldikdən sonra Azərbaycanı ötən əsrin 90-cı illərin əvvəllərində düşdüyü ağır siyasi-iqtisadi böhran və tənəzzül vəziyyətindən, siyasi xəritədən silinmək, parçalanmaq və yox olmaq təhlükəsindən xilas etməsi və sonrakı proseslər haqqında ətraflı məlumat verdi. Bildirildi ki, məhz Ulu Öndərin ölkəmiz üçün ən taleyüklü məqamda tarixi xidmətləri nəticəsində Azərbaycanda bir ictimai-iqtisadi sistemdən tamamilə yeni bazar iqtisadiyyatı münasibətlərinə keçid təmin olundu, ölkəmizdə ardıcıl və sinxron iqtisadi islahatlar həyata keçirildi, bazar iqtisadiyyatının əsasını təşkil edən institutlar formalaşdırıldı, torpaq islahatları və özəlləşdirmə proqramları uğurla icra edildi, 1994-cü ildə Azərbaycanın müstəqil iqtisadi və siyasi inkişafı üçün həlledici rol oynayan Əsrin Müqaviləsi imzalandı, 1995-ci ildə Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu, cəmiyyət həyatının istisnasız olaraq bütün siyasi, iqtisadi, sosial və mədəni sahələrində əsaslı islahatlara başlanıldı, bir sözlə Heydər Əliyev dühası cəmi 10 il ərzində Azərbaycanı tənəzzül və dərin böhran şəraitindən dinamik inkişaf yoluna çıxartdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdiyini vurğulayan Ş.Hacıyev bildirdi ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi missiyalarından biri də özünün etibarlı siyasi varisini sağlığında müəyyənləşdirməsi oldu. 2003-cü ildən sonra baş verən hadisələr göstərdi ki, dahi Heydər Əliyev bu qərarında da yanılmadı və möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu müddət ərzində bütün ümidləri doğrultmaqla yanaşı, hamımızın şahidi olduğu kimi, Azərbaycanı möhtəşəm zirvələrə ucaltdı. Millət vəkili diqqətə çatdırdı ki, məhz İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya çapında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi aktordur. Bütün bunların fonunda ölkə başçımızın son dərəcə uzaqgörən siyasəti nəticəsində Ermənistan tamamilə rəzil vəziyyətə düşüb və bu bədnam qonşularımız nəinki Cənubi Qafqaz, bütün dünya üçün əhəmiyyətsiz və inkişafa mane olan ölkəyə çevrilib. Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir. Əminik ki, Heydər Əliyev və İlham Əliyev siyasəti gələcəkdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq və Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə ən ağrılı problemimiz olan ərazi bütövlüyümüz tezliklə bərpa olunacaqdır!

ADPU-nun rektoru prof. Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurları və gələcək perspektivləri haqqında danışdı. Qeyd olundu ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir, ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu Öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçıdır. Belə ki, Heydər Əliyev, Azərbaycanın hərtərəfli inkişafında, dünyada tanıdılmasında, ən əsası isə ölkəmizdə müstəqillik əldə olunduqdan sonra milli özünüdərkin, milli özünəqayıdışın başlanmasında əvəzsiz xidmətlər göstərmiş tarixi şəxsiyyətdir. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan təhsilinin və elminin intibah dövrü haqqında ətraflı danışan rektor qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər 1969-1982-ci illərdə, istərsə də müstəqillik dövründə ölkəmizdə təhsilə, elmə daim xüsusi diqqət və qayğı göstərildi, yeni təhsil müəssisələri formalaşdırıldı, müvafiq dövrün tələblərinə uyğun yenidən quruldu, təhsilin texnoloji bazası genişləndirildi, milli kadrlar hazırlandı. Heydər Əliyevin strateji kursunda təhsil davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi müəyyənləşdirilmişdi. Fərəhləndirici haldır ki, bu siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən eyni həssaslıq və diqqətlə davam etdirilir. Biz də Prezidentimiz ətrafında sıx birləşməli, müstəqil dövlətçiliyimizin qorunması üçün bundan sonra da əzmlə çalışmalıyıq.

Konfransda ADPU-nun prorektoru Asəf Zamanov “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, ADPU-nun dekanı Fərrux Rüstəmov “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında çıxışlar etdilər.

Sonra konfransın bölmə iclaslarında 20-dən çox maraqlı məruzə və müzakirələr dinlənildi. Universitetin professor və müəllimləri Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı maraqlı və məzmunlu çıxışlar etdilər.

Sonda konfrans iştirakçıları adından yekdilliklə Bəyanat qəbul olundu və konfransdakı məruzələrin işlənərək kitab şəklində nəşr olunması qərara alındı.

Tədbirin videoyazısı
AzTV
İTV
Ş.Hacıyev_Məruzəsindən bir hissə