Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş iməcilik keçirildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. Bu əlamətdar yubiley tarixi münasibətilə rayon ərazisindəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yaşıllıqlar salınır, yeni ağaclar əkilir.

Bu silsilədən növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə ötən əsrin 70-ci illərində “Şıx” ərazisində yaradılmış “Dostluq parkı”nda rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə keçirildi.

İməcilik parkın bütün ərazisini əhatə etdi. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşındı, küləyin əraziyə gətirdiyi selofan, kağız parçaları yığışdırıldı, əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərildi, onların dibi açıldı, ərazi qurumuş otlardan təmizləndi, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarıldı. Parkda ağacların sulanması üçün çəkilmiş xətlər onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

İməcilik iştirakçıları parkın ərazisində 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkdilər, ərazi quru ot və digər tullantılardan təmizləndi, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərildi.

İməcilikdə Bakıdakı İB məktəbləri sırasında yer alan 6 nömrəli məktəb-liseyin kollektivi də fəal iştirak etdi, balacalar təbiətin qorunması və yeni ağacların əkilməsinə öz töhfələrini verdilər.

Parkın yaradılması, ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətdə yerləşən ərazilərin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması üçün görülən işlərə səbaillilərin töhfəsi olacaqdır.

Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında güllərdən müxtəlif kompozisiyalar hazırlanıb. Bütün bu tədbirlər Ulu Öndər Heydər Əliyevin hər zaman təbiətə, gözəlliyə olan sevgisinə dərin ehtiramın ifadəsi olaraq, müdrik rəhbərin Azərbaycan təbiətinin qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinin bariz nümunəsidir.

Tədbirin videoyazısı
AzTV
İTV