Milli Azərbaycan Tarix Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” adlı xatirə tədbiri keçirildi 07.05.2018
Bu gün Milli Azərbaycan Tarix Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” adlı xatirə tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq, Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi altında Azərbaycanda milli dövlətçiliyin çiçəklənməsindən danışdı. Akademik Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən Muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd etdi.
Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək, Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının bərpası sahəsində gördüyü işlərdən bəhs etdi. Ombudsman Ulu Öndərin milli qanunvericiliyin formalaşmasındakı rolunu vurğuladı və müasir dövlətçiliyin məhz H.Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.
YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrilməsindəki rolu və əvəzsiz töhfələri haqqında məlumat verdi.
Daha sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri prof. Habil Qurbanov çıxış etdi. O, çıxışında Azərbaycanda ictimai-siyasi stabilliyin, sivil vətəndaş cəmiyyətinin yaranmasında Ulu Öndərin böyük rolunu qeyd etdi və Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinin əhəmiyyətini vurğuladı.
Tədbir musiqi sədaları və rəqs ifalarından ibarət bədii hissə ilə sona çatdı.