Səbail rayonunda II Dünya Müharibəsində tarixi Qələbənin ildönümü qeyd olundu

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunur.

Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur. Eyni zamanda rayon ictimaiyyətinin və gənclərin iştirakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələr ziyarət olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur. Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.

Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirildi.

Tədbrin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar ifa olundu.

Sonra orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri, məktəblilər Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun Parkda ucaldılmış büstü önünə tər çiçəklər düzdülər.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov əlamətdar gün münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. E.Əzizov qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.

Tədbirdə qeyd olundu ki, Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusilə müharibədəki iştirak dövrü ilə fəxr edir. Müharibə veteranları tarix boyu xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu Öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. E.Əzizov qeyd etdi ki, “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır”.

Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər nəticəsində müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə daha da yaxşılaşır. Qələbənin ildönümü ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin vərəsələrinə, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi, veteranlara göstərilən bu diqqət ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.

Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı «İntellekt» liseyində davam etdirildi.

Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən söz açdı, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə veteranlara hədiyyələr və maddi yadım təqdim olundu.