Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin, rayonun idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin və çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Akademik Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş klassik musiqi gecəsi keçirildi. Musiqi gecəsi Ulu Öndərin doğum günü ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq, ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram formatında təşkil olunmuşdu.

Səhnədəki monitorlarda Ulu Öndər Heydər Əliyevin portreti canlandırılmışdı. İlk olaraq, Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin ifasında  Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” səsləndi.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayəti və İlahə Hüseynovanın dirijorluğu ilə dünyaşöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov, Firəngiz Babayeva, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Kamal, Musa Mirzəyevin ölməz əsərləri respublikanın əməkdar artistləri Zemfira İsmayılova, Almaz Orucova, Aqşın Abdullayev və İlham Nəzərovun, tanınmış incəsənət xadimləri Nurlan Əzizbəyli, Rövşən Əziz, Kazım-Nizat Fəxri, Lətifə Soyuözün ifalarında səslənmişdir.

Rayon İcra Hakimiyyətinin Akademik Dövlət Filarmoniyası ilə birgə təşkil etdikləri bu gecədə qeyd olundu ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sözlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə Ulu Öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Mərasim çox təsirli və yaddaqalan keçdi.

Tədbirin videoyazısı
AzTV
İTV