Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan» mövzusunda rəsm müsabiqəsi keçirildi

Səbail rayonunun mərkəzindəki “Sahil bağı”nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə  «Heydər Əliyev və Azərbaycan» mövzusunda rəsm müsabiqəsi keçirildi.

Bayramsayağı bəzədilmiş “Sahil bağı”nda böyük abadlıq işləri aparılmış, park başdan-başa yenilənmiş, müxtəlif kompozisiyalar hazırlanmışdır. Parkdakı gül kompozisiyaları insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə olan xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan 200-dən çox məktəbli, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən müxtəlif rəsmlər çəkmişdilər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər vermişlər.

Eyni zamanda parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirildi, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılandı. Gənc rəssamlar öz əsərlərinin nümayişi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar verdilər.

Rayon musiqi məktəblərinin ansablları, solistləri, rəqqasları Sahil parkına toplaşanlar üçün konsert proqramları ilə çıxış etdilər. Məktəblilərin iştirakı ilə müxtəlif Fleş-moblar keçirildi.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimovun rəhbərliyi, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon nümayəndələrinin iştirakı ilə yaradılmış münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən etdilər. Müsabiqənin qalibləri Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH sertifikatları ilə mükafatlandırıldılar.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, tanınmış ictimai xadim Fəxriyyə Xələfova və digər rəsmi qonaqlar, rayonun idarə, təşkilatlarının rəhbərləri, ali məktəb rektorları, pedaqoji kollektivlərin, veteranların və ictimaiyyətin nümayəndələri parkı gəzdilər, məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış oldular, iştirakçılarla səmimi söhbətlər etdilər.

Gün ərzində davam edən sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb etdi.

Tədbirin videoyazısı
AzTV
İTV