Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev. Biblioqrafiya” kitabının və “Heydər Əliyev. Mədəniyyətimizin hamisi” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirildi
11.05.2018Mayın 11-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə Milli Kitabxananın hazırladığı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev. Biblioqrafiya” kitabının və “Heydər Əliyev. Mədəniyyətimizin hamisi” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş olmuşdur. Professor Ulu Öndərin 4 dəfə Milli Kitabxanada olduğunu qeyd edərək, bunu Heydər Əliyevin kitaba, kitabxanaya, təhsil və mədəniyyətə olan diqqət və qayğısının təzahürü kimi qiymətləndirdi. O, Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasında hazırlanmış fundamental biblioqrafiyanın əhəmiyyətindən və quruluşundan danışdı, göstəricidə dahi şəxsiyyətin öz əsərləri və Onun haqqında yazılmış materialların əhatə olunduğunu qeyd etdi.
Daha sonra Ümummilli Lider haqqında film nümayiş olundu.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirdi ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Nazir müavini vurğuladı ki, Heydər Əliyevin hakimiyyəti dövründə digər sahələrlə yanaşı, mədəniyyətin inkişafı da hərtərəfli qayğı ilə əhatə olunmuşdur və mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ulu Öndər Heydər Əliyevin qayğısından kənarda qalmış olsun.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik çıxış edərək qeyd etdi ki, Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşməsində Ulu Öndərin misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişinə, mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə qayğı ilə yanaşmışdır.
Heydər Əliyevin böyük şəxsiyyət olduğunu vurğulayan, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətlərini diqqətə çatdıran, həyat fəaliyyətində ibrətverici məqamları xatırladanMilli Məclisin üzvləri Tahir Rzayev, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, publisist-politoloq Reyhan Mirzəzadə, BDU-nun kafedra müdiri professor Xəlil İsmayılov kitabın ərsəyə gəlməsində xidmətləri olan əməkdaşlara təşəkkürlərini bildirdilər, vəsaitin tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd etdilər. Natiqlər fundamental tədqiqat əsərinin Ümummilli Lider Heydər Əliyev irsinin araşdırılması, tədqiqi və təbliği baxımından müstəsna əhəmiyyətə malik olduğunu və biblioqrafiyanın oxucular, elm və mədəniyyət xadimləri tərəfindən maraqla qarşılanacağını, onun Heydər Əliyev irsini araşdıran alimlərin stolüstü kitabına çevriləcəyini vurğuladılar.
Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Rəsmi sənədlər”, “Heydər Əliyev – Əbədiyaşar şəxsiyyət”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Mədəniyyətimizin inkişafının Heydər Əliyev mərhələsi”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Heydər Əliyev surəti bədii ədəbiyyat və incəsənətdə”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan “Heydər Əliyev. Mədəniyyətimizin hamisi” adlı elektron məlumat bazası təqdim edildi, zəngin tammətnli baza bütün dünya oxucularının istifadəsinə verildi.
Tədbirə yekun vuran professor Kərim Tahirov Heydər Əliyev siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bütün qonaqlara iştiraka görə təşəkürünü bildirdi.
Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş əsərlərdən ibarət “Müstəqil Azərbaycanın memarı” adlı geniş kitab sərgisi ilə tanış oldular.
Milli Kitabxananın direktoru professor Kərim Tahirovun Ulu Öndər haqqında bir xatirəsi