Azərbaycan Teatr Xadimləri İttifaqında Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi

Mayın 7-də Azərbaycan Teatr Xadimləri İttifaqında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi. Konfransda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, bədii rəhbəri və baş rejissoru Xalq artisti prof. Azər Paşa Nemətov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist, Ulu Öndər Heydər Əliyev haqqında çoxcildli kitabların müəllifi Elmira Axundova, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru prof. Şəmsəddin Hacıyev, eləcə də Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, aktyorlar, ictimaiyyət nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin bütün xalqımız tərəfindən böyük məhəbbət və ehtiramla qeyd olunduğu bu əziz günlərdə qonaqları və konfrans iştirakçılarını ürəkdən salamlayan Xalq artisti prof. Azər Paşa Nemətov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın mədəniyyətini, incəsənətini, milli-mənəvi dəyərlərini bütün dünyada tanıdan görkəmli dövlət xadimidir. Ulu Öndər xüsusi qeyd edirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli mədəniyyətimizin inkişafını həmişə diqqət mərkəzində saxlayırdı. Xalq artisti bildirdi ki, Azərbaycanın mədəniyyət işçiləri hər zaman Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olmuşlar. Heydər Əliyev incəsənət xadimlərinin əməyini yüksək qiymətləndirir, onlara xüsusi diqqət yetirirdi, bütün yaradıcı insanların dəstəkçisi idi. Onun bu mövzu ilə bağlı hər bir çıxışı mədəniyyətin müvafiq sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Bu nadir şəxsiyyət hansı sahədən danışırdısa, insanlarda elə təəssürat yaranırdı ki, Heydər Əliyev bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklərlə qarşılaşsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. A.Nemətov vurğuladı ki, teatr ictimaiyyətinin çox sevdiyi Heydər Əliyevin əbədiyaşar obrazı daim bizim qəlbimizdədir. Bu hökmlü, qüdrətli, iradəli və həmişə haqqın tərəfdarı olan dahi şəxsiyyət hər bir azərbaycanlının həyatında mütləq bir iz qoymuşdur. Heydər Əliyev cismən hazırda yanımızda olmasa da, biz onu qəlbimizdə duyur və hiss edirik. Bu böyük İnsan hər zaman Azərbaycan xalqının xatirəsində əbədi olaraq yaşayacaqdır.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tarixçi-alim akademik Yaqub Mahmudov həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılan Ulu Öndər Heydər Əliyevi bəşər tarixinin bütün şəxsiyyətlərindən fərqləndirən xüsusiyyətlər, bu görkəmli dövlət xadiminin Azərbaycanın son 200 illik şərəfli tarixinin yenidən araşdırılması və müasir tarix konsepsiyamızın formalaşdırılmasındakı misilsiz rolu, o cümlədən Ulu Öndərin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin tariximizin yaşadılması sahəsində Heydər Əliyev siyasətini zərgər dəqiqliyi, böyük prinsipiallıq və uğurla davam etdirməsi haqqında geniş məruzə ilə çıxış etdi. Heydər Əliyevin Azərbaycan xalqının dünyaya bəxş etdiyi çox nadir tarixi şəxsiyyətlərdən biri olduğunu qeyd edən akademik bildirdi ki, o, çoxsaylı əsərlərində Heydər Əliyevi Corc Vaşinqton, Otto fon Bismark, Şarl de Qoll və Mustafa Kamal Atatürklə müqayisə etmiş və belə bir qənaətə gəlmişdir ki, Heydər Əliyev bu tarixi şəxsiyyətlərin heç biri ilə müqayisəolunmayacaq dərəcədə daha yüksək zirvələr fəth etmişdir. Belə ki, Heydər Əliyev bir-birinə tamamilə zidd olan iki fərqli ictimai-siyasi quruluşda yaşamış və hər iki dövrdə böyük uğurlar qazanmışdır. Geniş imkanlara malik olsa da, Sovetlər İttifaqında layiqincə qiymətləndirilməyən kiçik Azərbaycan xalqının bir nümayəndəsi olaraq, sosializm dövründə dünyaya hökm edən imperiyanın ən yüksək vəzifələrinə qədər yüksələn Heydər Əliyev, Azərbaycanın müstəqillik qazandığı dövrdə tamamilə yeni ictimai-siyasi quruluşda və son dərəcədə çətin vəziyyətdə, cəmi 10 il ərzində hüquqi, dünyəvi, demokratik və nümunəvi yeni müstəqil dövlət yaratmağı bacaran şəxsiyyət oldu. Digər dövlət xadimlərinin arxasında dövlət, ordu olduğu halda, Heydər Əliyevin arxasında həmişə yalnız Onun tükənməz, nadir zəka potensialı və xalqı olub, Heydər Əliyev hər iki hakimiyyəti dövründə Azərbaycan xalqı üçün mümkün olmayanları mümkün edən Liderdir və bu cəhətdən bütün digər tarixi şəxsiyyətlərdən üstündür.

Y.Mahmudov bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd etdiyimizi vurğulayaraq, Azərbaycanın dövlətçilik tarixinin yenidən araşdırılması və o zamana qədər təhrif olunaraq bizə təqdim olunan son 200 illik tariximizin yenidən yazılması ilə əlaqədar rəhbərlik etdiyi İnstitutun gördüyü işlərin bir çox məqamlarına diqqət çəkdi. Azərbaycan Xalq Cumhuriyyəti tarixinin araşdırılmasında Heydər Əliyevin xüsusi böyük xidmətlərini qeyd edən akademik bildirdi ki, Ulu Öndər Azərbaycanın dövlətçilik tarixinin araşdırılması üçün yeni konseptual yanaşma ortaya qoydu. Dövlətçiliyimizin itirilmə tarixi olan Gülüstan və Türkmənçay müqavilələri, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin şərəfli tarixi, bu coğrafiyada ermənilər tərəfindən xalqımıza qarşı əsrlərlə törədilən soyqırım aktları, Azərbaycanın əzəli torpaqları olan İrəvandan 100 minlərlə soydaşımızın köçürülməsi və həmin torpaqlarda erməni dövlətinin yaradılması ilk dəfə olaraq Heydər Əliyevin rəhbərliyi ilə dövlət siyasəti səviyyəsində araşdırıldı, bu hadisələr haqqında dünyanın hər yerindən minlərlə tarixi sənəd gətirildi və bu tarixi faktlar sənədlənləşdirələrək rəsmiləşdirildi. Heydər Əliyev olmasaydı bütün bu tarixi məsələlərin araşdırılması qeyri-mümkün idi və məhz Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində bu gün bütün dünya Azərbaycanı Şərqdə ilk demokratik və dünyavi dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi tanıyır.

Sonra tarixçi-alim, akademik Yaqub Mahmudov bir sıra kitablarını – Heydər Əliyev haqqında akademik səviyyədə yazdığı monoqrafiyasını, Heydər Əliyev və İlham Əliyev dövrünü əhatə edən 2-cildli Azərbaycan Respublikasının tarixi xronologiyasını, eləcə də cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və dəstəyi ilə 3 buraxılışla nəşr olunmuş 2-cildli Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyasını Teatr Xadimləri İttifaqının Kitabxanasına hədiyyə etdi.

Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist, Ulu Öndər Heydər Əliyev haqqında çoxcildli kitabların müəllifi Elmira Axundova Heydər Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə paylaşaraq, Ulu Öndər obrazının əsas cizgilərini dinləyicilərin gözü önündə canlandırdı. Deputat qeyd etdi ki, qorxmaz və cəsarətli insan, məharətli rəhbər olan Heydər Əliyev hər zaman mütərəqqi qərarlar qəbul edərək, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə ən ön sıralarda olmuşdur. Heydər Əliyev Sovet İttifaqı respublikaları arasında ilk dəfə olaraq, Naxçıvanda Sovet hakimiyyətinin rəmzlərini ləğv etdi, Azərbaycan Xalq Cumhuriyyətinin bayrağını Naxçıvanda dövlət bayrağı elan etdi, 3 il sonra 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vətəndaş müharibəsinə son qoydu, qısa müddətdə döyüş qabiliyyətli ordu yaratdı, qlobaləhəmiyyətli neft müqavilələri imzaladı, keçmiş Sovet məkanında ilk dəfə xüsusi mülkiyyət tətbiq edərək, torpaqları Azərbaycan kəndlisinə payladı. Bütün bu nəhəng işləri ilə ilk növbədə respublikamızı, daha sonra isə bütün dünyanı müsbət mənada təəccübləndirdi. Heydər Əliyevin bütün bu uğurlarının sirrini – Ulu Öndərin zaman və vəziyyətin tələblərinə uyğun müvafiq şəkildə dəyişə bilməsi ilə izah edən E.Axundova diqqətə çatdırdı ki, bütün dövrlərdə yalnız xalqımızın mənafeyi üçün çalışan Heydər Əliyev heç bir ölkənin Azərbaycana kredit vermədiyi zamanlarda da Çini, Böyük Britaniyanı, Ərəb ölkələrini Azərbaycana kredit verməyə razı salan məhz Heydər Əliyevin dahi zəkası idi. Heydər Əliyevin insani və siyasi tərcümeyi-halının çox sınaqlardan uğurla keçdiyini qeyd edən deputat vurğuladı ki, Heydər Əliyev Liderlik portretini yaratmağı reallıqda bacaran çox nadir şəxsiyyətdir. Biz özümüzü çox xoşbəxt hiss edirik, çünki bizə Heydər Əliyevlə bir dövrdə yaşamaq nəsib olmuşdur. Allah dahi rəhbərimizə qəni-qəni rəhmət eləsin!

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev Heydər Əliyevin “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” kəlamını xatırladaraq, Azərbaycan xalqının zəngin mədəniyyətini dünyada ən yüksək səviyyədə təmsil edən, tanıdan mədəniyyət və incəsənət xadimləri ilə Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə keçirilən görüşdə iştirak etməkdən son dərəcə məmnun olduğunu bildirdi.

Bu il Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycanımızın memarı, qurucusu və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasından 95, dünyasını dəyişməsindən 15 il ötdüyünü diqqətə çatdıran deputat qeyd etdi ki, zaman keçdikcə bənzərsiz Heydər Əliyev dühasının böyüklüyü, Onun Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün misilsiz xidmətlərinin miqyası və əzəməti daha qabarıq nəzərə çarpır.

Millət vəkili, Heydər Əliyevin fitri istedadı, rəhbərlik məharəti, idarəçilik mədəniyyəti və böyük dövlətçilik təcrübəsi ilə Azərbaycan sərhədlərindən daha geniş, hətta dünyanı idarə edəcək qədər yüksək intellektual potensiala sahib olması haqqında ətraflı danışaraq, bu dahi şəxsiyyətə xalqımızın Ümummilli Lideri olmaq xoşbəxtliyinin nəsib olmasını, Azərbaycan üçün ən taleyüklü məqamlarda xilaskarlıq missiyalarını yerinə yetirməsini tale yazısı kimi qiymətləndirdi. “Heydər Əliyevin müstəqil dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməsi, eləcə də hər iki hakimiyyəti dövründə Azərbaycanı tənəzzül, dərin siyasi və iqtisadi böhrandan dinamik inkişaf yoluna çıxartması “Heydər Əliyev” şəxsiyyətini mübaliğəsiz olaraq Azərbaycanın simvoluna çevirdi.”

Heydər Əliyevin nəhəng şəxsiyyət, böyük siyasətçi, xalqını və millətini ürəkdən sevən rəhbər olduğunu vurğulayan Ş.Hacıyev bildirdi ki, öz dövrü və xalqı üçün gördüyü işlərin miqyası, əhəmiyyəti və taleyüklü olmasına görə Heydər Əliyev şübhəsiz ki, heç kimlə müqayisə oluna bilməz və Ulu Öndər mübaliğəsiz olaraq, Azərbaycanın bütün dövlətçilik tarixi dövründə ön sırada dayanan dövlət xadimidir. Qeyd olundu ki, Heydər Əliyevin həyatı boyunca istər Sovetlər dövründə, istərsə də Azərbaycanın müstəqillik dövründə bir neçə dəfə rəhbərlik olimpinin ən yüksək zirvələrini fəth etməsinə və hakimiyyətin sıfır nöqtəsinə enməsinə baxmayaraq, dahi rəhbərimizin yüksək intellekti, polad iradəsi, cəsarəti, mərdliyi, xüsusi siyasi məharəti, fenomenal yaddaşı və uzaqgörənliyi nəticəsində bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlməsi, Onu bütün tarixi şəxsiyyətlərdən və dövlət xadimlərindən fərqləndirən başlıca xüsusiyyətlərdir.

Deputat diqqətə çatdırdı ki, Sovetlər dönəmində gənc yaşlarından etibarən həyatını dövlət işinə həsr edən, məhz şəxsi keyfiyyətləri nəticəsində adi zabit rütbəsindən general-mayor rütbəsinə və DTK-nın sədri vəzifəsinə yüksələn ilk müsəlman-türk oğlu olan Heydər Əliyev, 1969-cu ildə rəhbər təyin olunduğu geridə qalmış aqrar-xammal ölkəsi olan Azərbaycan SSR-ni 12 il ərzində bütün sosial-iqtisadi inkişaf göstəricilərinə görə qabaqcıl yerlərə çıxartdı, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırki möhkəm təməlini yaratdı. Bütün bu işlərin Sovet İmperiyasının tüğyan etdiyi bir şəraitdə həyata keçirilməsi təbii ki, Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev faktoru ilə bilavasitə bağlı idi. Eyni ssenarinin, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında təkrar olunduğunu nəzərə çatdıran Ş.Hacıyev bildirdi ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdə Onun nə ordusu, nə silahı, nə də dövlət xəzinəsində vəsaiti var idi. Bakıda heç iki həftəyə belə yetəcək qədər çörək ehtiyatı qalmamışdı, 1990-93-cü illərdə iqtisadi artım tamamilə dayandığı üçün xəzinə bom-boş idi, ölkədə 1600% həcmində inflasiya hökm sürürdü, müharibə şəraitində olan Azərbaycanın ərazilərinin işğalı davam edirdi, 1 mln.dan çox soydaşımız qaçqın və köçkün vəziyyətinə düşmüşdü. Ölkənin düşdüyü bu acınacaqlı vəziyyətdən xilas etmək, xalqı inandırmaq və öz arxasınca aparmaq olduqca çətin və mürəkkəb bir vəzifə idi. Belə çətin şəraitdə Yeni Azərbaycan Partiyasını yaradan, yüksək siyasi mədəniyyət nümayiş etdirərək, sivil və demokratik yolla hakimiyyətə gələn və ümumxalq dəstəyi qazanan Heydər Əliyev cəmi 2-3 il ərzində Azərbaycanı ictimai-siyasi həyatın bütün sahələrini bürüyən böhran vəziyyətindən çıxartdı, ölkədə sabitliyi bərqərar etdi, tamamilə yeni ictimai-siyasi sistemin – bazar iqtisadiyyatının zəruri institutlarını yaratdı, sistemli islahatlar həyata keçirdi və ən əsası müstəqil Azərbaycanı dünyəvi və müasir ölkə kimi bütün dünyaya təqdim etdi.

Millət vəkili vurğuladı ki, sözün əsl mənasında seçilmiş və Allah tərəfindən qorunan insan olan Heydər Əliyev Azərbaycanda ümumxalq məhəbbətini və “Ümummilli Lider” statusunu qazanaraq, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyini formalaşdırdı və qurub-yaratdığı müstəqil Azərbaycanı özü qədər inandığı ən layiqli siyasi varisinə etibar etdi. “Heydər Əliyev bütün dünyada Azərbaycanın simvoludur, Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan başa düşülür. İnanırıq ki, nə qədər Azərbaycan var, ölkəmizdə Heydər Əliyev siyasəti yaşayacaq və bundan sonra da bizə böyük uğurlar qazandıracaqdır. Ruhun şad olsun, Ulu Öndər!”

Konfransa yekun vuran Xalq artisti Azər Paşa Nemətov bütün natiqlərə məzmunlu və səmimi çıxışlarına görə təşəkkür etdi və bildirdi ki, Azərbaycan Teatr Xadimləri İttifaqında bundan sonra da, dəyərli ziyalılarımızın və alimlərimizin iştirakı ilə, Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolunun, dövlətçilik irsinin araşdırılmasına həsr olunan bu səpkili tədbirlər təşkil olunacaqdır.

Tədbirin videoyazısı
İTV