YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

2018-ci ilin mayın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasda 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində rayon partiya təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı və gündəlikdə duran digər cari məsələlər müzakirə edildi, eləcə də ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş mühüm, əzəmətli hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin Səbail rayonunda geniş şəkildə qeyd olunduğunu bildirərək, diqqətə çatdırdı ki, bu məqsədlə hazırlanmış genişəhatəli tədbirlər planının icrası ilboyu davam edəcək və bu mövzuda müxtəlif səpkili tədbirlər, görüşlər keçiriləcəkdir. Müsəlman Şərqində və Türk Dünyasında yaranmış ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin elan edilməsi gününün isə rayon partiya təşkilatı tərəfindən xüsusi təntənə ilə qeyd olunması nəzərdə tutulmuşdur.

Respublikamız sovetlər imperiyasının tərkibində olduğu dövrdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını davam etdirmək istiqamətində çox böyük işlər gördüyünü xüsusi qeyd edən Ş.Hacıyev 1990-cı ilin noyabrında Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul olunmasında, Muxtar Respublikanın adından sovet sosialist sözlərinin çıxarılmasında, üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi barədə Respublika Ali Soveti qarşısında vəsatət qaldırılmasında, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunmasında, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılmasında, milli-mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. Vurğulandı ki, müstəqil dövlətçiliyimizin atributu olan, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi himn, üçrəngli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıran və bu istiqamətdə böyük iradə və qətiyyət nümayiş etdirən Ulu Öndər Heydər Əliyev sonrakı islahatlarında da varislik missiyasına sadiq qaldı. Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan istiqlal arzularının daha geniş və müasir tələblərə uyğun tətbiqinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada öz layiqli yerini tutub. Millət vəkili bildirdi ki, müstəqilliyimizin dönməzliyini təmin edən məhz Heydər Əliyev siyasəti və onun əbədiyaşar ideyalarıdır.

2003-cü ildən başlayaraq Azərbaycan, Ulu Öndərin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş və müstəqil siyasəti nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi isə cənab Prezidentin dövlətçiliyimizə, müstəqillik ənənələrimizə, tariximizə verdiyi yüksək dəyərin bariz ifadəsidir. Xalqımızın 2018-ci ilin 11 aprel tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəal iştirakı və cənab İlham Əliyevin seçicilərin 86%-dən çoxunun mütləq dəstəyi ilə yenidən Prezident seçilməsi Heydər Əliyev ideyalarına və İlham Əliyev siyasətinə ümumxalq məhəbbətinin əyani nümayişidir.

11 aprel Azərbaycan Respublikasının Prezidenti seçkilərindən ötən müddət ərzində YAP Səbail rayon təşkilatının respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərdə fəal iştirak etdiyini vurğulayan Sədr xüsusilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin qeyd olunması ilə bağlı rayon partiya təşkilatı tərəfindən keçirilən silsilə tədbirlər haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, YAP Səbail rayon təşkilatı bundan sonra da qeyd olunan tarixi hadisələrin ruhuna uyğun məzmunlu və yadda qalan tədbirlər təşkil etməyi davam edəcəkdir.

Çıxış edən İdarə Heyətinin üzvləri, rayon partiya təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, dos. Hacan Hacıyev, YAP Siyasi Şurasının üzvləri prof. Vilayət ƏliyevRizvan Vahabov bildirdilər ki, Azərbaycanın tarix salnaməsində şanlı hadisə olan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi istər respublikamızda, istərsə də dünya ölkələrində yaşayan azərbaycanlılar tərəfindən böyük təmtəraqla qeyd olunur. Azərbaycan xalqı istiqlal mübarizəmizə qoşulmuş və azadlıq ideyalarını böyük fədakarlıq və cəsarətlə reallaşdırmış insanların əbədi xatirəsini daim əziz tutur. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı keçirilən tədbirlər zamanı Cümhuriyyət qurucularının məzarlarının və abidələrinin ziyarət olunması, eləcə də onların ailə üzvlərinin, qohumlarının, nəvə və nəticələrinin bütün tədbirlərə dəvət olunması haqqında təkliflər səsləndirildi. Çıxışlardan sonra rəy və təkliflər nəzərə alınaraq, rayon partiya təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına müvafiq əlavələr edildi.

Daha sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Mərkəzi Səbail” ərazi ilk partiya təşkilatının sədri Məhəmmədəli Məmmədzadə, “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının sədr müavini Sona Həmidova“Sosial inkişaf” (SOCAR-ın Sosial İnkişaf İdarəsi) ərazi ilk partiya təşkilatının sədri Heydər Əsgərov təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar nəzərə alınaraq, fəaliyyətləri qənaətbəxş qiymətləndirildi.

Sonda cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

Tədbirin videoyazısı
SəsTV