YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
22.05.2018Mayın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Partiyanın Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın həyatında böyük və əlamətdar hadisə olduğunu bildirib. O, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzminin göstəricisi olduğunu qeyd edib.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yaradılmasının qürurverici olduğunu vurğulayıb. O bildirib ki, Cümhuriyyətin qurucuları Azərbaycanın müstəqilliyini elan etməklə təkcə xalqımız üçün deyil, bütün İslam dünyası üçün böyük addım atıblar.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində əldə etdiyi mühüm uğurlardan danışıb. O bildirib ki, 1918-1920-ci illər dövlətçilik tariximizin şanlı səhifələrindəndir. Azadlıq ideyalarına, demokratik dəyərlərə sadiq qalan Cümhuriyyətin qurucuları olduqca ağır ictimai-siyasi şəraitdə Azərbaycanın istiqlaliyyətini elan edərək xalqımızın müstəqillik arzularını gerçəkləşdirdilər.
Dilarə Seyidzadə deyib ki, Ümummilli Liderimiz Heydər Əliyev öz fəaliyyətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə yüksək önəm verərək, həmin tarixi dövrün dərindən tədqiq edilməsinə, varislik prinsipinin qorunaraq daha da inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşıb. Cümhuriyyətin beynəlxalq və ölkədaxili fəaliyyətinin əhəmiyyətini hər zaman yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin geniş qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamlar imzalaması tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.
Prezidentin köməkçisi gənclərimizin Cümhuriyyətin dəyərlərini, onun tarixini dərindən öyrənmələrinin və geniş təbliğ etmələrinin vacibliyini bildirib.
Daha sonra tədbir gənclərin sualları ilə davam etdirilib.
Tədbirin videoyazısı
İTV