YAP Səbail rayon təşkilatının “Dünyagöz” ərazi ilk partiya təşkilatı təsis olundu
07.06.201807 iyun 2018-ci il tarixində Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” Göz Klinikasında YAP Səbail rayon təşkilatının “Dünyagöz” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.
Təsis yığıncağında YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, klinikanın icraçı direktoru Esmira Mirzəyeva və anesteziya həkimi Ayla Topak iştirak etdilər.
Yığıncağı açıq elan edərək, “Dünyagöz” Göz Klinikasının kollektivini YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev adından ürəkdən salamlayan Zəfər Bayramov Yeni Azərbaycan Partiyasının və YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bir çox mühüm dövlət və hökumət qurumlarının ərazi ilk partiya təşkilatlarını özündə birləşdirən və sıralarında 25.500-dən çox partiya üzvünün fəaliyyət göstərdiyi YAP Səbail təşkilatında bu gün 125-ci ərazi ilk partiya təşkilatının təsis olunduğunu qeyd edən Aparat rəhbəri “Dünyagöz” Göz Klinikası kimi böyük bir özəl tibb müəssisəsinin Azərbaycanda fəaliyyət göstərən filialının əməkdaşlarının siyasi cəhətdən təşkilatlanmaq və partiya sıralarına qəbul olunmaq təşəbbüsü ilə müraciət etməsini sevindirici hal kimi qiymətləndirdi. Z.Bayramov diqqətə çatdırdı ki, dövlətimizin ümumilikdə səhiyyəmizin, eləcə də bu sahədə özəl sektorun inkişafına göstərdiyi diqqət göz önündədir. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə reallaşdırılır. Dövlət başçısının rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb müəssisələrinin yenidən qurulması prosesi geniş vüsət alıb. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın səhiyyə işçiləri ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər və hər zaman dövlət siyasətini, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəkləyirlər. Zəfər Bayramov “Dünyagöz” Göz Klinikasının kollektivinə gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Çıxış edən klinikanın icraçı direktoru Esmira Mirzəyeva və anesteziya həkimi Ayla Topak Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” Göz Klinikasının fəaliyyəti barədə qonaqlara məlumat verdilər. Qeyd edildi ki, 2017-ci ildən Bakıda fəaliyyət göstərməyə başlayan Klinika dünyada göz sağlamlığının bir nömrəli ünvanı olmağı hədəfləyərək geniş kütlələrə yüksək səviyyədə xidmət göstərir. “Dünyagöz” digər 22 xəstəxanasında olduğu kimi, Azərbaycanda da göz sağlamlığına aid bütün problemləri həll etmək üçün çalışır və bu istiqamətdə klinikada göz xəstəliklərini əhatə edən çoxsaylı tibbi bölmələr və nüfuzlu mütəxəssislər fəaliyyət göstərir. Pasiyentlərə yüksək səviyyəli xidmət göstərilməsi ilə yanaşı klinika əməkdaşları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməkdə çox maraqlıdırlar. Kollektiv arasında YAP sıralarına qəbul olunmaq üçün müraciətlərin sayı son aylarda nəzərəçarpacaq dərəcədə artmışdır. Dünyada, regionumuzda gedən proseslər bir daha sübut edir ki, Azərbaycanda aparılan siyasət ən düzgün siyasətdir.
Yığıncağın davamında “Dünyagöz” ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı səsvermə keçirildi, təşkilat təsis edildi və klinikanın icraçı direktoru Esmira Mirzəyeva yekdilliklə yeni ərazi təşkilatının sədri seçildi.
Çıxış edən klinika əməkdaşları yeni təsis olunmuş “Dünyagöz” ərazi ilk partiya təşkilatının fəaliyyətinə uğurlar arzuladılar.