YAP Səbail rayon təşkilatının “Məşğulluq Mərkəzi” ərazi ilk partiya təşkilatı təsis olundu
11.06.201811 iyun 2018-ci il tarixində Səbail rayon Məşğulluq Mərkəzində YAP Səbail rayon təşkilatının “Məşğulluq Mərkəzi” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.
Təsis yığıncağında YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və Səbail rayon Məşğulluq Mərkəzinin direktoru Fərəc Qasımzadə iştirak etdilər.
Yığıncağı açıq elan edən Fərəc Qasımzadə Səbail rayon Məşğulluq Mərkəzinin fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, Mərkəzin əməkdaşları mütəmadi olaraq Səbail rayonunda bütün dövlət tapşırıqlarını layiqincə yerinə yetirirlər və bugünədək bütün seçkilərdə yaxından iştirak etmişlər. F.Qasımzadə diqqətə çatdırdı ki, kollektiv əməkdaşları arasında son zamanlarda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq üçün çoxsaylı müraciətlər qeydə alıınmışdır. Bütün bunları nəzərə alaraq, biz Səbail rayon Məşğulluq Mərkəzində ərazi ilk partiya təşkilatının yaradılması təşəbbüsü ilə YAP Səbail rayon təşkilatına müraciət etdik. Rayon partiya təşkilatına bu təşəbbüsümüzə göstərdikləri dəstək üçün təşəkkür edirik.
Çıxış edən Zəfər Bayramov qeyd etdi ki, bu idarənin əməkdaşları uzun illərdir ki, Səbail rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının Sədrinə, partiya ideologiyasına daim xüsusi sədaqəti ilə seçilən Səbail rayon Məşğulluq Mərkəzində ərazi ilk partiya təşkilatının təsis yığıncağı çox əlamətdar hadisə və tarixlərə təsadüf edir. Sabah Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) Əskişəhərdə açılışı olacaqdır. Eyni zamanda bir neçə gün sonra müasir siyasi tariximizin başlanğıcı olan “15 iyun – Milli Qurtuluş Günü”nü qeyd edəcəyik. Azərbaycanın ən yeni siyasi tarixində əvəzolunmaz rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verən Aparat rəhbəri diqqətə çatdırdı ki, 1992-ci ilin 21 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü, iştirakı və rəhbərliyi ilə 550 nəfər partiya üzvü ilə təsis olunan YAP-ın sıralarında bu gün 710 mindən çox partiya üzvü cəmləşmişdir. Partiyanın hazırda 84 şəhər və rayon partiya təşkilatları və 8 mindən çox ərazi ilk partiya təşkilatları fəaliyyət göstərir. 25 min 400-dən çox partiya üzvünü sıralarında birləşdirən YAP Səbail rayon təşkilatının sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından ildən-ilə genişlənir. Bu gün təsis olunan ərazi ilk partiya təşkilatı rayon partiya təşkilatı nəzdində fəaliyyət göstərən 126-cı təşkilat olacaqdır. Z.Bayramov Səbail rayon Məşğulluq Mərkəzinin əməkdaşlarına cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Yığıncağın davamında “Məşğulluq Mərkəzi” ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı səsvermə keçirildi, təşkilat təsis edildi və Səbail rayon Məşğulluq Mərkəzinin əməkdaşı Elçin Məlikli yekdilliklə yeni ərazi təşkilatının sədri seçildi.
Çıxış edən Mərkəz əməkdaşları yeni təsis olunmuş “Məşğulluq Mərkəzi” ərazi ilk partiya təşkilatının fəaliyyətinə uğurlar arzuladılar.