Mübarək Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatı tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi

Respublikamızın və Səbail rayonunun ictimai-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən YAP Səbail rayon təşkilatı artıq ənənə halını almış xeyriyyəçilk fəaliyyətini davam etdirir və yardıma ehtiyacı olan aztəminatlı rayon sakinlərinə, şəhid ailələrinə, əlillərə, tənha qocalara, yataq xəstələrinə və kimsəsizlərə daim xüsusi diqqət göstərir.

Bu silsilədən növbəti xeyriyyə tədbiri müqəddəs Ramazan bayramı münasibətilə reallaşdı. YAP Səbail rayon təşkilatının təşkilatçılığı və xeyirsevər insanların dəstəyi ilə həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində əlil arabasına ciddi ehtiyacı olan bir qrup aztəminatlı ailəyə əlil arabaları hədiyyə olundu.

Respublika Əlillərin Bərpa Mərkəzi ilə məsləhətləşmələr aparılaraq reallaşdırılan və bu dəfə yalnız Səbail rayonunu deyil, digər rayon sakinlərini də əhatə edən yardım aksiyası zamanı əlil arabaları aztəminatlı ailələrə bilavasitə yaşadıqları mənzillərdə fərdi qaydada təqdim olundu.

Bir neçə aydır əlil arabası almaq üçün müraciət edərək növbə gözləyən sakinlər fərdi sponsorların köməkliyi ilə alınaraq, onlara çatdırılan arabaları böyük sevinc və minnətdarlıq hissi ilə qəbul etdilər. Əlillər və ailə üzvləri bu xeyriyyə aksiyasına görə ölkə rəhbərliyinə, Yeni Azərbaycan Partiyasına, xeyirsevər insanlara və bu işdə əməyi olan hər kəsə dərin təşəkkürlərini bildirdilər.

YAP Səbail rayon təşkilatı bundan sonra da aztəminatlı və yardıma ciddi ehtiyacı olan rayon sakinləri üçün müxtəlif səpkili xeyriyyə aksiyalarını həyata keçirməyi davam etdirəcəkdir.