YAP Səbail rayon təşkilatında 15 iyun – Milli Qurtuluş Günü qeyd olundu

İyunun 13-də YAP Səbail rayon təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə müasir müstəqillik tariximizin başlanğıcı hesab olunan “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, millət vəkilləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü prof. Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Səbail rayonu ictimaiyyət nümayəndələri, çoxsaylı qonaqlar, müxtəlif idarə və təşkilatların rəhbərləri, partiya veteranları və gənclər iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan bayram tədbirində əvvəlcə tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuş “15 iyun 1993-cü il” hadisələrinə həsr olunmuş videofilm nümayiş olundu.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov çıxışında Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğuladı. Bildirildi ki, müasir Azərbaycan bugünkü möhtəşəm nailiyyətlərə məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda ölkə rəhbəri cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji və siyasi kurs nəticəsində nail olub. Prezident İlham Əliyev və Respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın uğurlu fəaliyyətləri nəticəsində bütün sahələrdə olduğu kimi, Azərbaycanın milli mədəniyyəti və incəsənəti də intibah dövrünü yaşayır, ölkəmiz beynəlxalq səviyyəli bir çox tədbirlərə evsahibliyi edir, Azərbaycan dünyaya layiqincə tanıdılır. Sonra Xalq artisti bu gözəl bayram günü münasibətilə təbrikini royal vasitəsilə ifa etdi.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm, fərəhli və qürurverici günlərindən biri olan Milli Qurtuluş Günü bayramının YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məhz Beynəlxalq Muğam Mərkəzində təşkil olunmasının təsadüfi olmadığını qeyd etdi. Bildirildi ki, bu əlamətdar bayram gününün Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliği, xüsusilə Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli dövlətçilik irsinin bütün dünyaya tanıdılması və gənc nəsillərə aşılanmasında çox böyük rolu olan, bu gün Azərbaycanın ictimai-siyasi həyatının ən həssas sahələrinin inkişafında xüsusi xidmətləri olan Respublikamızın Birinci vitse-prezidenti çoxhörmətli Mehriban xanın Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn və milli muğam sənətimizin yaşadılmasında müstəsna rola sahib olan Beynəlxalq Muğam Mərkəzində keçirilməsi 15 iyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün malik olduğu özünəməxsus əhəmiyyəti ilə həmahənglik təşkil edir.

Millət vəkili Sovet İmperiyasının dağılması ilə 1991-ci ilin oktyabr ayında müstəqillik əldə edən Azərbaycan Respublikasında 1993-cü ilin 15 iyun tarixinədək baş verən son dərəcə gərgin, mürəkkəb və fəlakətli prosesləri xronoloji ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdıraraq, öncə Mütəllibov, sonra hakimiyəti zor gücünə ələ keçirmiş Xalq Cəbhəsi-Müsavat cütlüyünün idarəçilik səriştəsizliyi nəticəsində ölkədə yaranmış və cəmiyyət həyatının istisnasız bütün sahələrini bürüyən dərin siyasi, iqtisadi, sosial böhran şəraiti və nəticə etibarilə xalqın təkidli istəyi ilə xilaskarlıq missiyasını həyata keçirmək üçün Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışını zəruri edən obyektiv şərtlər haqqında geniş danışdı. Qeyd olundu ki, 1991-1993-cü illərdə ölkədə elə bir vəziyyət formalaşmışdı ki, Azərbaycan nəinki müstəqilliyini qorumaq iqtidarında deyildi, hətta Azərbaycanın ümumiyyətlə məhv olmaq və dünya siyasi xəritəsindən silinmək təhlükəsi yaranmışdı, iqtisadiyyat acınacaqlı vəziyyətdə idi, ölkədə dünya iqtisadiyyatı tarixində ən yüksək hiperinflyasiya qeydə alınmışdı, yoxsulluq başlamışdı, Azərbaycan əraziləri işğal olunurdu, 1 milyondan çox soydaşımız qaçqın-köçkün vəziyyətinə düşmüşdü, ölkə vətəndaş müharibəsi və parçalanaraq yox olmaq ərəfəsində idi. 90-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü bu çətin vəziyyəti ətraflı şərh edən Ş.Hacıyev vurğuladı ki, “belə bir mürəkkəb və çətin şəraitdə, bütün xalqı vahid amal uğrunda birləşdirəcək və xalqı öz arxasınca apara biləcək dövlətçilik təcrübəsinə malik olan Şəxsiyyətə, yüksək intellektli və güclü Liderə ehtiyac yaranmışdı. Bu Lider isə yalnız Vətəninə, xalqına, müstəqil milli dövlətçiliyə Heydər Əliyev qədər bağlı olan bir Şəxsiyyət ola bilərdi. Məhz bu səbəblə biz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası üçün ən taleyüklü məqamda yerinə yetirdiyi böyük xilaskarlıq missiyasını çox yüksək qiymətləndirməli və heç vaxt unutmamalıyıq. 15 iyun 1993-cü il böyük bayram günüdür, çünki Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə əlamətdar olan 15 iyun tarixi Azərbaycanın düşdüyü bəlalardan xilas olduğu, ən dərin tənəzzül şəraitindən qurtularaq inkişaf yoluna çıxdığı və ən yeni tariximizin yazılmağa başladığı şanlı gündür.”

Çıxışının davamında deputat 1993-cü ilin 15 iyun tarixindən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən müasir dövlət quruculuğu prosesləri, o cümlədən müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu, ölkədə bütün dövlət strukturlarının sözün əsl mənasında fəaliyyətə başlaması, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən sistemli sosial-iqtisadi islahatların həyata keçirilməsi, nizami ordu quruculuğu, tamamilə yeni iqtisadi sistem olan bazar iqtisadiyyatı münasibətlərinə keçidin reallaşdırılması, Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edən 1994-cü il Əsrin Müqaviləsinin imzalanması və beləliklə müasir, müstəqil və dinamik inkişaf edən Azərbaycan dövlətçiliyinin möhkəm fundamentinin, bünövrəsinin formalaşdırılması haqqında geniş danışdı. Ş.Hacıyev qeyd etdi ki, “Ulu Öndər Heydər Əliyevin müstəqillik ideyaları, Onun hazırladığı Azərbaycanın ümummilli inkişaf strategiyası, milli ideologiyası bu gün də yaşayır və öz bəhrələrini verir. Dahi rəhbərin siyasi məktəbinin layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra Azərbaycanda gedən bütün proseslər istər kəmiyyət, istərsə də keyfiyyət parametrlərinə görə möhtəşəm nailiyyətlər olmaqla, eyni zamanda uzaqgörən Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün Azərbaycan – bütün makroiqtisadi göstəricilərinə görə dünyanın dinamik inkişaf edən, dünya gəlirlərindən pay almaq iqtidarında olan, iqtisadiyyatı sürətlə transmillişən, milli təsərrüfatı qlobal geniş təkrar istehsal prosesinə qoşulan, özünün ikinci iqtisadiyyatını formalaşdıran, nəhəng transkontinental layihələr icra edən, bir sözlə dünyada öz layiqli yerini tutan və öz sözünü deyəcək qədər müstəqil siyasət yürüdən ölkədir. Bütün bu möhtəşəm uğurların başlanğıcı isə bu gün böyük təntənə ilə qeyd etdiyimiz 15 iyun – Milli Qurtuluş Günüdür. Bayramımız mübarək olsun! Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir!” Yaşasın müstəqil Azərbaycan! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycanı uğurlu gələcəyə aparan yeni dövrün Yeni Lideri İlham Əliyev cənablarına!”

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü prof. Hadi Rəcəbli tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edərək, qeyd etdi ki, Heydər Əliyev Azərbaycanı qardaş qırğınından, separatçılıqdan, ərazilərimizin istilasından qurtardı, ölkəmizdə sabitlik, əmin-amanlıq yaratdı, Azərbaycan beynəlxalq hüququn bərabərhüquqlu üzvü kimi dünyaya inteqrasiya olunmağa başladı. Komitə sədri diqqətə çatdırdı ki, Azərbaycan xalqına tarixi nailiyyətlər qazandıran bu siyasi kurs bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin bu sabitlik siyasəti üzərində cənab İlham Əliyev sosial rifah dövləti qurur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyimizin qurulması üçün misilsiz xidmətləri Azərbaycan var olduqca daima yaşayacaqdır. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Yeni Azərbaycan Partiyası!

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bugünkü möhtəşəm bayram tədbirinin təşkilatçılarına təşəkkür edərək, bildirdi ki, Milli Qurtuluş Gününün Səbail rayonunda belə təntənəli şəkildə qeyd olunması YAP Səbail rayon təşkilatının siyasi yetkin və avanqard təşkilat olduğunu göstərməklə yanaşı, bu təşkilatın Ulu Öndər Heydər Əliyev ideyalarına və ölkə başçısı cənab İlham Əliyev siyasətinə necə qəlbən bağlı olduğunu ifadə edir. Müasir Azərbaycanın uğurlarının məhz Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycanla bağlı yorulmaz və fədakar fəaliyyətinin nəticəsi olduğunu qeyd edən deputat vurğuladı ki, Ulu Öndərin rəhbərliyi ilə on il ərzində Azərbaycanda aparılan islahatlar ölkəmizin dünya birliyində layiqli yer tutmasına səbəb oldu. Bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Nə qədər ki, ölkəmiz və xalqımız Heydər Əliyev yolu ilə gedir, Azərbaycan həmişə qalib olacaqdır!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 1993-cü il 15 iyun tarixindən etibarən müstəqil Azərbaycanın keçdiyi şərəfli inişaf yolundan bəhs edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının (YAP) hər bir üzvü bir vətəndaş kimi böyük qürur hissi keçirdir. Çünki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi məhz öz dövlətinə, xalqına sədaqətlə bağlı olan insanların Heydər Əliyev ətrafında birləşməsi, YAP-ın yaranması və 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyətə ikinci dəfə qayıdışı ilə başladı. Biz bundan sonra da Azərbaycanın müstəqilliyini canımızla, qanımızla qorumağa hazırıq. Yaşasın qüdrətli Azərbaycan! Yaşasın qədirbilən Azərbaycan xalqı!

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edərək, bildirdi ki, milli bayramımız olan 15 iyun günü müstəqil Azərbaycan dövlətinin qurtuluşu günüdür. Bütün Azərbaycan xalqı bu günlərdə Ulu Öndər Heydər Əliyevi böyük rəhmət və şükranlıqla yad edir. Bayramımız mübarəkdir!

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd etdi ki, 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının öz Liderinə olan məhəbbətinin, sevgisinin təzahürü günü oldu. Bu gün müasir Azərbaycanda gedən proseslər, əldə olunan misilsiz uğurlar, xüsusilə cari ilin 11 aprel tarixində keçirilmiş Prezident seçkilərində cənab İlham Əliyevə xalqın mütləq əksəriyyətinin dəstəyi bir daha sübut edir ki, Azərbaycan xalqı 1993-cü ildə çox müdrik qərar verərək, o dövrdə düzgün siyasətə və əsl Şəxsiyyət olan Liderə inandı və etimad göstərdi. Bu gün İlham Əliyevin rəhbərliyi ilə dünyada öz yerini tapan Azərbaycanın tərəqqisi istiqamətində aparılan islahatlar ölkəmizin gələcək inkişafına nikbin baxmağımıza güclü təminat yaradır.

Bayram tədbiri “Buta” instrumental ansamblının müşayiəti ilə tanınmış incəsənət xadimləri və xanəndələrin ifasında muğam konserti ilə davam etdi.

Tədbirin videoyazısı
AzTV
SəsTV