YAP Səbail “Komediya yaradıcıları” (Azərbaycan Dövlət Musiqili Teatrı) ərazi ilk partiya təşkilatında 15 iyun – Milli Qurtuluş Günü qeyd olundu
16.06.2018İyunun 12-də YAP Səbail “Komediya yaradıcıları” (Azərbaycan Dövlət Musiqili Teatrı) ərazi ilk partiya təşkilatında “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirildi.
Bayram yığıncağında Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, YAP Səbail “Komediya yaradıcıları” ərazi ilk partiya təşkilatının sədri Hüseyn Hüseynov və teatrın yaradıcı kollektivinin üzvləri iştirak etdilər.
Qonaqları ürəkdən salamlayan Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini və YAP Səbail “Komediya yaradıcıları” ərazi ilk partiya təşkilatının sədri Hüseyn Hüseynov Milli Qurtuluş Günü kimi qeyd olunan bu əlamətdar tarixin Azərbaycan xalqı üçün müstəsna önəm kəsb etdiyini qeyd edərək, 90-cı illərin əvvəllərində ölkəni bürümüş xaos, Ulu Öndər Heydər Əliyevin ümumxalq təkidi ilə əvvəl Naxçıvana, sonra Bakıya qayıtması, Gəncə qiyamının qarşısının alınması və 1993-cü il 15 iyun tarixində o vaxtki Ali Sovetin sədri seçilməsi ilə müstəqil Azərbaycanın qurtuluş yoluna qədəm qoyması haqqında danışdı. “Biz bu gün fəxr edirik ki, müasir Azərbaycan Respublikasının vətəndaşlarıyıq” deyən H.Hüseynov hər kəsi bu əlamətdar bayram günü münasibətilə təbrik etdi.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev qeyd etdi ki, müstəqil Azərbaycanın ən yeni siyasi tarixinə qızıl hərflərlə həkk olunmuş Milli Qurtuluş Günü Azərbaycanın qədim dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olmaqla, XX əsrdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın sözün əsl mənasında siyasi və iqtisadi müstəqilliyi yolunda ən möhtəşəm tarixi hadisədir. Bildirildi ki, müasir müstəqil dövlətçiliyimizin başlanğıcı olan bu günün tarixi əhəmiyyətini və dəyərini düzgün dərk etmək üçün 1991-93-cü illərdə Azərbaycanda gedən mürəkkəb və ziddiyyətli prosesləri təhlil etmək və Milli Qurtuluş Gününə aparan yolu şərtləndirən obyektiv və subyektiv faktorları nəzərdən keçirmək lazımdır.
Ötən əsrin əvvəllərini bir tərəfdən Azərbaycanda milli azadlıq hərəkatının başlanğıcı, milli ruhumuzun dirçəlməsi, öz soy kökümüzə, milli-mənəvi dəyərlərimizə qayıdış dövrü, digər tərəfdən isə hakimiyyətdə olan antimilli qüvvələrin ölkəni idarəetmə qabiliyyətsizliyi nəticəsində müstəqil Azərbaycanın ən biabırçı və rüsvayçılıq dövrü kimi qiymətləndirən deputat diqqətə çatdırdı ki, xüsusi siyasi fəallığın müşahidə olunduğu o illərdə, ölkədə hökm sürən özbaşınalıq nəticəsində, Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq və bir dövlət kimi dünya siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdi. Ciddi sosial-iqtisadi böhranın tüğyan etdiyi ölkədə xalq çıxış yolu axtarırdı. Ş.Hacıyev 91 nəfər Azərbaycan ziyalısının xalq adından Heydər Əliyevə tarixi müraciəti, ölkənin üzləşdiyi taleyüklü bəlalara və xalqın təkidli çağırışlarına biganə qala bilməyən dahi rəhbərin Bakıya qayıtması və Ulu Öndərin Azərbaycan üçün ikinci dəfə xilaskarlıq missiyasını yerinə yetirərək müstəqil dövlətçiliyimizi qurtuluş yoluna çıxartması haqqında ətraflı danışdı. Qeyd olundu ki, 15 iyun 1993-cü il tarixində o vaxtki Ali Sovetin sədri seçilən Heydər Əliyev elə ilk günlərdən etibarən Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin qorunub saxlanılması, ölkəni bürümüş vətəndaş müharibəsinin qarşısının alınması üçün qətiyyətli addımlar atdı. Millət vəkili vurğuladı ki, “Müdrik və uzaqgörən siyasətçi, görkəmli dövlət xadimi olan Heydər Əliyev gənc milli dövlətçiliyimiz üçün ən çətin dövrdə 10 il ərzində mümkün olan hər şeyi etdi – ölkəmizdə siyasi sabitlik bərpa edildi, müstəqil dövlətçiliyin bütün atributları təmin olundu, bütün zəruri dövlət institutları formalaşdırıldı, yeni sosial-iqtisadi quruluş olan bazar iqtisadiyyatına keçid reallaşdırıldı, cəmiyyət həyatının istisnasız bütün sahələrini əhatə edən sistemli siyasi, sosial, iqtisadi islahatlar həyata keçirildi, iqtisadi inkişafımızın təməli olan Əsrin Müqaviləsi çox çətin şərtlər daxilində məhz Heydər Əliyev şəxsiyyətinin siyasi iradəsi nəticəsində imzalandı, Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf strategiyası və milli ideologiyası formalaşdırıldı, bir sözlə, Heydər Əliyev gənc və müstəqil Azərbaycanın gələcək dinamik inkişafı üçün möhkəm fundament yaratdı. Müasir Azərbaycan bu gün də bu əsaslı fundament üzərində inkişaf edir və Heydər Əliyevin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha möhtəşəm uğurlara imza atır.”
Çıxışının davamında son 15 ildə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müşahidə olunan misilsiz inkişaf dinamikası və əldə olunan ölçüyəgəlməz uğurlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Ş.Hacıyev diqqətə çatdırdı ki, “məhz bu uğurlu siyasətin nəticəsində bu gün Azərbaycan təkcə bölgənin yox, eləcə də yaxın coğrafiyanın ən inkişaf etmiş ölkələrindən biridir. Dünyanın ən sayılıb-seçilən dövlətlərindən biri olan Azərbaycan, Əsrin Müqaviləsinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, möhtəşəm qaz layihələri olan Cənub Qaz Dəhlizinin və TANAP-ın açılışı, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin demək olar ki, tamamlanması kimi çoxsaylı transkontinental layihlərə imza atır. Bütün bu möhtəşəm uğurlar bir daha sübut edir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin müstəqillik ideyaları və ümummilli inkişaf strategiyası yaşayır və ölkəmiz bu uğurlu siyasi kursa arxalanaraq gələcəkdə daha da böyük uğurlara imza atacaqdır. 2016-cı ilin Aprel hadisələri, Şuşaya qayıdışın rəmzi olan Cocuq Mərcanlının, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin, ümumilikdə 11 min hektar ərazinin Azərbaycan ordusu tərəfindən işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və döyüş hazırlığını nümayiş etdirməklə yanaşı, Ali Baş Komandanımızın rəhbərliyi altında Böyük Qələbə Gününün çox da uzaqda olmadığına dair əminliyizi artırır. Bütün bu uğurlarımızın təməli isə, 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə başladı. Ulu Öndərimizi böyük rəhmət və ehtiramla yad edirik. Allah Prezidentimizi və Azərbaycanımızı qorusun!”
Sonda Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi başda olmaqla, bütün kollektivi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edən Ş.Hacıyev hər kəsə cansağlığı, süfrələrinə ruzi-bərəkət və fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı.
Yığıncaqda YAP sıralarına yeni qəbul olunmuş teatr əməkdaşlarına partiya üzvlük vəsiqələri təqdim olundu.