Səbail rayonunda Milli Qurtuluş gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirildi

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Bu Heydər Əliyevdir.

Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü Səbail rayonunda hər il olduğu kimi, bu il də geniş şəkildə qeyd olunur.

Əlamətdar günlə əlaqədar, Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olundu. Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin, rayonun hüquq-mühafizə orqanlarının, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin və çoxsaylı KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında xalq musiqiləri, dünya və Azərbaycan bəstəkarlarının mahnılarından, şən melodiya və rəqslərdən ibarət böyük ədəbi-bədii bayram tədbiri keçirildi.

Tədbirdə qeyd olundu ki, düz 25 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 iyun – tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirdi, Azərbaycan daha da möhkəmləndi və qüdrətləndi. Çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev rəhbərlik edir və bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.

Bayram tədbirində respublikanın xalq artistləri Brilyant Dadaşova, Mübariz Tağıyev, Bilal Əliyev, Gülyaz Məmmədova, əməkdar artist Təyyar Bayramov, populyar ifaçılar Ayaz Qasımov, Pərviz Abdullayev, Kənan Qədimov, Rəvanə Əmiraslanlının, Vaqif Müstafazadə adına “Sevil” vokal qrupunun, Cahangir Cahangirov adına xorun, “Şirvan” folklor ansamblının ifalarında xalq mahnıları, tanınmış dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi, incəsənət xadimlərinin çıxışları sakinlərin alqışları ilə qarşılandı, sakinlər konsert boyu parkın ərazisində rəqs etdilər.

Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq təşkil olundu.

Tədbirin videoyazısı
AzTV