YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi

2018-ci ilin iyunun 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi.

İclasda 2018-ci ilin birinci yarımilliyində rayon partiya təşkilatı tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə edildi.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ilk öncə, 2018-ci ilin birinci yarımilliyində respublikamızın ictimai-siyasi həyatında baş vermiş əlamətdar siyasi, iqtisadi, sosial hadisələr və tarixi əhəmiyyət kəsb edən mühüm transkontinental enerji və infrastruktur layihələrinin icrası haqqında danışdı. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradla bağlı fikirlərini paylaşan Sədr qeyd etdi ki, cari ilin iyunun 26-da keçirilən hərbi paradda möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri bir daha özünü göstərdi. Hərbi paradda Azərbaycan Ordusunun qüdrətinin dünyaya nümayiş etdirildiyini deyən deputat vurğuladı ki, bu gün Azərbaycan ordunun müasir maddi-texniki təchizatı baxımından dünyanın ən nadir ölkələrindən biridir. Ordumuzun yüksək peşəkarlığı özünü döyüş meydanında da sübut edir. Buna misal olaraq, ordumuzun 2016-cı il Aprel döyüşlərində, bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində göstərdiyi şücaəti qeyd etmək olar. Azərbaycan dövləti ardıcıl olaraq böyük uğurlara imza atdığı halda, Ermənistanda siyasi böhran getdikcə daha da dərinləşir.

Sonra Ş.Hacıyev 2018-ci ilin birinci yarımilliyində YAP Səbail rayon təşkilatı tərəfindən görülmüş işlər haqqında məlumat verdi. Bildirildi ki, son altı ay ərzində rayon partiya təşkilatının sıralarına mütləq əksəriyyəti gənclər və qadınlar olan 580 nəfər yeni üzv qəbul olunmuşdur. Hazırda, YAP Səbail rayon təşkilatının üzvlərinin sayı 26.234 nəfərdir, bunların 55.4%-i qadınlar, 65.2%-i gənclərdir. Hesabat dövrü ərzində 6 yeni ərazi ilk partiya təşkilatı təsis olunmuşdur, hazırda partiya təşkilatı nəzdində 126 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.

2018-ci ilin 11 aprel tarixində keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ilə bağlı rayon partiya təşkilatı tərəfindən hazırlanmış çoxşaxəli tədbirlər planının sistemli, ardıcıl və uğurlu icrası haqqında ətraflı məlumat verən Ş.Hacıyev diqqətə çatdırdı ki, Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Səbail rayonunda yüksək seçici fəallığı və böyük coşqu ilə həyata keçirilmiş, rayonun bütün ərazisini əhatə edən çoxsaylı tədbirlər, görüşlər təşkil olunmuş, bu görüşlərdə Səbail rayon sakinləri, seçicilər böyük ruh yüksəkliyi ilə iştirak etmişlər. Hər zaman yüksək siyasi fəallığı ilə seçilən Səbail rayonunda bu seçkilərdə 70.21% seçici fəallığı qeydə alınmış və cənab İlham Əliyev rayon üzrə seçicilərin 87.9% səsini qazanmışdır. Xalqımız bütün dünya ictimaiyyəti qarşısında ölkə başçımız və YAP-ın vahid namizədinə həmrəyliklə sonsuz etimad, ümumxalq məhəbbəti və dəstək nümayiş etdirmiş və bu Prezident seçkiləri də cənab İlham Əliyevin növbəti möhtəşəm qələbəsi ilə yekunlaşmışdır. Xalqımızın bu müdrik seçimi önümüzdəki 7 il ərzində daha güclü Azərbaycanın gələcək tərəqqisi, Azərbaycana daim uğurlar bəxş edən Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsi, ölkəmizin milli mənafelərinin qorunması və Azərbaycanın yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına qəbul olunmasını təmin edəcəkdir.

Sədr yarımil ərzində rayon partiya təşkilatının keçirdiyi çoxsaylı möhtəşəm tədbirlər sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileylərinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin, “15 iyun – Milli Qurtuluş Günü”nün qeyd olunmasını xüsusi vurğulayaraq, Dövlət Akademik Filarmoniyası, R.Behbudov adına Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi ilə birgə keçirilmiş bayram-konsert tədbirləri, müqəddəs Ramazan bayramı münasibətilə aztəminatlı rayon sakinləri üçün reallaşdırılan sosial yardım aksiyaları və rayon partiya təşkilatının informasiya portalının fəaliyyəti haqqında geniş məlumat verdi. Məlumat nəzərə alındı və rayon partiya təşkilatının yarımillik fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

Daha sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Ekspertlər” (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) ərazi ilk partiya təşkilatının sədri Orxan Ağayev“Müəlliflər” (Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi) ərazi ilk partiya təşkilatının sədri Natiq İsayev təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar nəzərə alınaraq, fəaliyyətləri qənaətbəxş qiymətləndirildi.

İclasda, həmçinin yeni təsis edilən ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxıldı. Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” Göz Klinikasında yeni təsis edilən “Dünyagöz” və Səbail rayon Məşğulluq Mərkəzində yeni təsis edilən “Məşğulluq Mərkəzi” ərazi ilk partiya təşkilatlarının qeydiyyata alınması barədə qərarlar yekdilliklə qəbul olundu.

Sonda cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.