Xalça Muzeyində “Qarabağın giriş qapısı – Ağdam” adlı tədbir keçirildi

İyulun 20-də Azərbaycan Xalça Muzeyində Ağdam rayonunun işğalının 25-ci ildönümünə həsr edilmiş “Qarabağın giriş qapısı – Ağdam” adlı anım tədbiri keçirildi.

Tədbir Mədəniyyət Nazirliyi, Xalça Muzeyi və YAP Səbail rayon təşkilatının dəstəyi ilə reallaşdı.

İlk öncə, Qarabağ müharibəsində şəhid olmuş bütün Azərbaycan əsgərlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xalça Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şirin Məlikova çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Qeyd edildi ki, hər il işğal olunmuş rayonlarımızla bağlı silsilə tədbirlər təşkil olunur. Bu da o deməkdir ki, dövlətimiz bu işğal siyasəti ilə heç vaxt barışmayacaq, tezliklə məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar. Vurğulandı ki, 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı birləşmələri еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdu.

Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb.

Milli Məclisin deputatı, Xalq Yazıçısı Elmira Axundova çıxış edərək diqqətə çatdırdı ki, bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il ötsə də bu diyar xalqın yaddaşında qəhrəmanlıq diyarı kimi xatırlanır. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Ağdam rayonunun işğalına tamamilə yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

Daha sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısının müavini, Ağdam Xalça Fabrikinin keçmiş direktoru, YAP Səbail “Xalçaçılar” ərazi ilk partiya təşkilatının sədri və başqaları çıxış etdi. Vurğulandı ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi.

Tədbirdə Ağdama həsr edilmiş videofilm nümayiş olundu.

Bədii hissədə Xalq Artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov və Beynəlxalq Muğam müsabiqəsinin qalibləri çıxış etdilər.