Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qaxda Yay Məktəbi təşkil edildi
31.08.2018Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərdən ibarət könüllüləri üçün Qax rayonunda üçgünlük Yay Məktəbi təşkil etdi.
Qax şəhərinin İlisu kəndində Yay Məktəbi çərçivəsində təşkil olunan seminarlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və fəlsəfə elmləri doktoru Mail Yaqub çıxış etdilər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov gənclərə Fondun yaradılması, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli mənəvi dəyərlərimizin qorunması və inkişafı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən M.İsmayılov Fondun yaradılmasının bu siyasətin məntiqi nəticəsi olduğunu qeyd etdi. Bildirildi ki, mənəvi dəyərlərin qorunması, inkişafı, habelə ölkəmizdə və xaricdə təbliği prioritet məsələdir və gənclərin bu sahədə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan İlahiyyat İnstitutunun baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov mühazirəsində mənəvi dəyərlərin birgəyaşayış ənənəsinin təməlində duran ən vacib amillərdən biri olduğunu diqqətə çatdırdı. Xalqımızda formalaşmış multikultural və tolerant ənənələrin əsas qaynağının mənəvi dəyərlər olduğunu bildirən natiq bu dəyərlərin birləşdirici mahiyyətinin xüsusiyyətləri haqqında geniş danışdı.
Fəlsəfə elmləri doktoru Mail Yaqub gənclərin böyük marağına səbəb olan “Müasir Azərbaycan gəncləri və mütərəqqi əxlaq modeli” adlı mühazirə ilə çıxış etdi.
Çıxışlardan sonra gəncləri maraqlandıran suallar cavablandırıldı.
Yay Məktəbi çərçivəsində gənclər üçün Qax rayonun İlisu və Ləkit kəndlərinə tarixi ekskursiyalar da təşkil olundu.