Səbail rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirildi

Sentyabrın 11-də Səbail rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirildi.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Abit Əliyev seminar-müşavirənin önəmi barədə danışdı. Qeyd edildi ki, Azərbaycanda hər zaman qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən bütün dini konfessiyaların nümayəndələrinin birgəyaşayışı mövcud olub, təriqət baxımından heç bir qarşıdurma müşahidə edilməyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda dövlət-din münasibətlərindən bəhs etdi. Bildirildi ki, dövlət heç bir halda din işlərinə müdaxilə etmir, amma bununla belə, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir. Vurğulandı ki, Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur. Artıq Məhərrəm ayı başlayıb və bütün tədbirlər, o cümlədən “Aşura” mərasimi yalnız Qafqaz Müsəlmanları İdarəsinin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundankənar hərəkətlərə yol verməməlidir. Komitə sədri bildirdi ki, bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideologiyası müqəddəsdir, dinimiz mənəvi dəyərlərimizdir. Milli mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və düzgün şəkildə insanlara çatdırmalıyıq.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov seminar-müşavirənin əhəmiyyətinə toxundu. O, DQİDK ilə birgə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlətimizin başçısının dini konfessiyalara daim yüksək diqqət və qayğı göstərdiyini vurğuladı. Qeyd olundu ki, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir. S.Novruzov Məhərrəm ayı və Aşura tədbirləri haqqında da danışdı. Bildirildi ki, mərasimlərdə heç bir halda xurafata yol vermək olmaz.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycanda bu gün müşahidə olunan ictimai-siyasi və iqtisadi sabitliyin davamlılığının təmin olunmasında ölkədə dövlət-din münasibətlərinin düzgün təməllər əsasında qurulması və tənzimlənməsinin, İslam dininin olduğu kimi təbliğ olunması və cəmiyyətə təqdim edilməsinin, ölkədə vicdan və din azadlığının tam qorunmasının və bütün bu münasibətlərin tənzimlənməsi üçün zəruri qanunvericilik bazasının yaradılmasının rolu haqqında danışdı.

Məhərrəmlik ayının başladığı bir gündə təşkil olunmuş bu seminar- müşavirənin mövzusunun son dərəcə aktual və zəruri olduğunu qeyd edən deputat ölkəmizdə hökm sürən davamlı iqtisadi və ictimai-siyasi sabitliklə müqayisədə yaxın coğrafiyada baş verən dağıdıcı proseslər, Azərbaycanın qonşuları və ən yaxın ticarət tərəfdaşları olan Türkiyə, Rusiya və İrana qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalar, bu qərəzli iqtisadi-siyasi addımların cari və gələcək nəticələri haqqında mülahizələrini bölüşdü. Vurğulandı ki, Azərbaycan bu dövlətlərlə müqayisədə dünya iqtisadiyyatında və siyasi xəritədə o qədər də böyük dövlət olmasa da, ölkəmizdə təmin olunmuş ictimai-siyasi sabitlik baxımından Azərbaycan bütün dünya üçün nümunə ola bilər. Məhz ölkə rəhbərinin apardığı düzgün və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan, ölkəmizdən çox da uzaq olmayan coğrafiyada baş verən bütün bu siyasi, iqtisadi və dini təhdidlərdən qorunur və sığortalanır. Sözügedən təhdidlərin dövlətimizə nüfuz etməsinin qarşısının alınması üçün ölkəmizdə bütün lazımi tədbirlər görülmüşdür və Azərbaycanın bu istiqamətdə hələ istifadə olunmamış böyük potensial imkanları mövcuddur.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və iki il öncə Milli Məclisdə yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyətinə də toxunan Ş.Hacıyev, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə bu qurumların ölkəmizdə din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətimizdə müsbət dini ənənələrinin qorunması və təbliğində rolunu, eləcə də bu sahənin qanunvericilik bazasında irəliyə doğru atılmış düzgün və mühüm addımları, qəbul olunmuş qanun layihələrini xüsusi qeyd etdi. Bildirildi ki, bütün bu addımlar Azərbaycanda mövcud olan tolerant mühitin və multikultural dəyərlərin hökm sürdüyü vətəndaş cəmiyyətinin daha davamlı olmasını və möhkəm dayaqlar üzərində inkişaf etməsini təmin edir.

Deputat möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Səbail rayonunda aparılan işlər, rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması və kriminal hadisələrin statistikasında son illər əldə olunmuş irəliləyişləri toplantı iştirakçılarının diqqətinə çatdıraraq, bu sahədə güc orqanları və strukturlarının sinxron və davamlı işini xüsusi vurğuladı. Qeyd olundu ki, gənclərin, məktəblilərin cəmiyyətimizə yad təsirlərdən qorunması, Aşura mərasimlərində özünə xəsarət yetirmək kimi İslam dinində yolverilməz hərəkətlərə sövq edilmənin, eləcə də dini savadsızlıq nəticəsində yaranan radikalizm və ekstremizm cərəyanlarına qoşulma hallarının qarşısının alınması, Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət edən adət və ənənələrin bundan sonra da layiqli şəkildə mühafizə edilməsi üçün, rayonun bütün idarə və təşkilatları bu istiqamətdə birlikdə fəaliyyət göstərməli, xüsusilə təhsil, ailə və cəmiyyətin ümumi məqsədə xidmət edən sinxron işi təmin olunmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin Səbail və Qaradağ rayonları üzrə qazisi, Bibiheybət ziyarətgah məscidi dini icmasının sədri Rahib Babayev və digərləri çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, milli mənəvi dəyərlərimizin qorunması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub və dindarlar hər zaman dövlətin dəstəyini hiss edirlər.

Sonda mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Tədbirin videoyazısı
AzTV
ATV
İTV
SəsTV